Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur
Son illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub desək yanılmarıq. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikada ötən müddət ərzində görülən işlər, həyata keçirilən islahatlar öz məntiqi nəticəsini verməkdədir. Bunu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır. Əgər Aran zonası üzrə pambıqçılıq ənənəvi, spesifik sahə hesab olunursa, şimal-qərb zonasında bu sırada tütünçülük, baramaçılıq və fındıqçılıq mühüm yer tutur. Yaxud şimal zonası əsasən meyvəçiliklə diqqət çəkdiyi halda, cənub zonasında çayçılıq, çəltikçilik və sitrus meyvələrinin əkilib becərilməsi üçün münbit şərait mövcuddur.
5 Sentyabr 2017 13:41 İqtisadiyyatRegionlarda ənənəvi sahələrin inkişafı qarşıya qoyulan hədəflərin gerçəkləşməsinə yol açır
Son illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub desək yanılmarıq. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikada ötən müddət ərzində görülən işlər, həyata keçirilən islahatlar öz məntiqi nəticəsini verməkdədir. Bunu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır. Əgər Aran zonası üzrə pambıqçılıq ənənəvi, spesifik sahə hesab olunursa, şimal-qərb zonasında bu sırada tütünçülük, baramaçılıq və fındıqçılıq mühüm yer tutur. Yaxud şimal zonası əsasən meyvəçiliklə diqqət çəkdiyi halda, cənub zonasında çayçılıq, çəltikçilik və sitrus meyvələrinin əkilib becərilməsi üçün münbit şərait mövcuddur.
Bütün bunları nəzərə alan hökumət, xüsusilə iqtisadi sahəyə cavabdeh olan qurumlar, eləcə də prezident İlham Əliyev regionlar üzrə ənənəvi sahələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayıraraq qeyd edilən istiqamətlərdə əməli addımlar atır. Keçən il Saatlı və Sabirabad rayonlarında pambıqçılığın, bir müddət əvvəl Qaxda fındıqçılıq, baramaçılıq və tütünçülüyün, ötən həftə sonu isə Lənkəranda çayçılıq, çəltikçilik və sitrus meyvələrinin inkişaf etdirilməsinə dair keçirilən respublika müşavirələri deyilənlərin əyani sübutudur. Artıq demək olar ki, Azərbaycanda bu sahədə strateji yol xəritəsi mövcuddur.
Qeyd edək ki, regionlar üzrə ənənəvi sahələrin inkişaf etdirilməsində qarşıya qoyulan hədəflər də kifayət qədər geniş və əhatəlidir. İlk növbədə bu islahatlar. görülən tədbirlərin regionlarda məşğulluğun artırılması və işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir edəcəyini söyləyə bilərik. Nəzərə alsaq ki, regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq, o zaman qarşıdakı illərdə daha minlərlə iş yerlərinin yaradılacağını əminliklə qeyd edə bilərik. Məsələn, prezident İlham Əliyevin şimal-qərb regionuna səfərinin yekunu olaraq tütünçülüyün inkişaf etdirilməsinə dair qəbul edilən Dövlət Proqramında yeni tütün istehsalı zavodunun tikilib istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da sözügedən regionda yüzlərlə insanın işlə təmin olunacağı deməkdir. Bir sözlə Prezident İlham Əliyevin Lənkərənda keçirilən respublika müşavirəsində qeyd etdiyi kimi işləmək istəyən özü üçün iş tapır: "Son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür".
Qeyri-neft sektorunda, kənd təsərrüfatında ənənəvi sahələrin inkiişaf etdirilməsi yerli istehsalın artırılması və daxili tələbatatın ödənilməsinə də öz müsbət təsirini göstərir. Elə cənub zonasının timsalında bunu görmək mümkündür. Regionun spesifik sahələrindən biri olan çayçılığın inkişaf etdirilməsi daxili tələbatın ödənilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi Azərbaycanda çayçılığın çox böyük ənənələri var: "Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik". Prezident müşavirədə qeyd edib ki, iri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır. 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək".
Nəhayət, qeyd edilən sahələrin inkişafı Azərbaycanın ixrac potensialını artıracaq ki, bu da həm ölkəyə valyuta axınını artıracaq, həm də Azərbaycan məhsullarının dünya bazarlarına çıxışını sürətləndirəcək. Ən əsası isə ərzaq təhlükəsizliyinin təmin olunmasına yol açacaq. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də Lənkəranda keçirilən müşavirədə bu məsələyə xüsusi diqqət çəkərək bildirib ki, ərzaq təhlükəsizliyi əlbəttə ki, bizim üçün əsas məsələlərdən biridir: "Son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi olmayan sahələri inkişaf etdirmişik".
Süleyman