Azərbaycanın imicinə xələl gətirən turizm şirkətləri

Dünya iqtisadiyyatında baş verən təlatüm ayrı-ayrı ölkələrdə qeyri-neft sektorunun inkişafını zəruri edib. Qeyri-neft sektoru içərisində turizm sahəsi xüsusi əhəmiyyətə malikdir ki, hər bir ölkəyə bu sahəni inkişaf etdirmək nəsib olmayıb. Azərbaycanın isə iqlim şəraiti, coğrafi mövqeyi, təbii ehtiyatları və mədəniyyət nümunələri turizm sahəsinin inkişafına şərait yaradır.

Belələri fəaliyyətlərini yalnız maddi maraqlar üzərində qururlar

Dünya iqtisadiyyatında baş verən təlatüm ayrı-ayrı ölkələrdə qeyri-neft sektorunun inkişafını zəruri edib. Qeyri-neft sektoru içərisində turizm sahəsi xüsusi əhəmiyyətə malikdir ki, hər bir ölkəyə bu sahəni inkişaf etdirmək nəsib olmayıb. Azərbaycanın isə iqlim şəraiti, coğrafi mövqeyi, təbii ehtiyatları və mədəniyyət nümunələri turizm sahəsinin inkişafına şərait yaradır. Prezident İlham Əliyevin təbiri ilə desək Azərbaycan kimi gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir: "Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur". Elə bu səbəbdən də Azərbaycan turizmin inkişafına xüsusi diqqət yetirir. İnsafən desək turizm sahəsində naliyyətlərimiz də kifayət qədərdir. Məhz əldə edilən uğurların nəticəsidir ki, son illərdə ölkəyə gələn turistlərin sayı nəzərəçarpacaq dərəsədə artıb. Bunun səbəblərini isə dövlət başçısı incəliklərinə qədər açıqlayıb: "Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır. Məhz buna görə bu gün milyonlarla xarici turist Azərbaycana gəlir. Təkcə tarixi abidələri seyr etmək üçün gəlmir, o cümlədən ona görə gəlir ki, burada xidmət, təhlükəsizlik yüksək səviyyədədir, insanlarımız qonaqpərvərdir və əlbəttə ki, gözəl şərait var". Lakin bütün görülən işlərə, yatırılan sərmayələrə baxmayaraq bəzi üzdəniraq turizm şirkətlərinin atdığı addımlar ölkəmizin nüfuzuna ciddi xələl gətirir. Xatırladaq ki, turizmin inkişafı təkcə gəlir əldə etmək məqsədi güdmür. Bu yeganə sahələrdəndir ki, təşrif buyuran qonaqlar ölkəmiz, xalqımız, milli adət-ənənəmiz haqqında təsəvvürə malik olur, onun xarici ölkələrdə yayılmasında vasitəçi kimi çıxış edirlər. Belə halda təbii ki, pis vərdiş və sui-istifadə halları ölkəmiz barədə mənfi fikir formalaşdırmaya bilməz. Çox təəssüf ki, bəzi turizm şirkətləri qətiyyən bunun fərqində deyillər, onları yalnız maddi gəlirlər maraqlandırır. Məlumat üçün qeyd edək ki, bu günlərdə  Azərbaycanın rayonlarından birində xoşagəlməz hadisə baş verib. Belə ki, 10-u böyük, 5-i uşaq olmaqla 15 nəfərlik ərəb turistdən ibarət qrupa Qəbələyə tur təşkil edilib.Yolda turistlər "Unikal" restoranında qəlyanaltı etmək qərarı verib. Ərəb turistlərə bu qəlyanaltı 617 manata başa gəlib: "Bələdçi əvvəlcə ofisiantlardan menyu soruşub və cavabında menyu olmadığını bildiriblər. Sonra kababın qiyməti ilə maraqlanıblar. Cavab verdilər ki, bir porsiya 11 manatdır. Ərəblər yemək sifariş verib və daha sonra hesab istəyiblər. Sonda 617 manatlıq hesab gəlib. Qiymətlər qəbzdə göstərilib". Bakının mərkəzindəki restoranlardan birində nahar edən ərəb ailəsi də eyni aqibətlə üzləşib. Azərbaycana istirahətə gəlmiş ailəyə nahar üçün restoranda nə az, nə çox - 1043 manatlıq hesab təqdim olunub. Hesabda qiymətlər absurd səviyyəsindədir. Belə ki, bir şiş tikə kabab 26 manat, 0,5 litrlik Coca-Cola - 4 manat, 1 stəkan kompot - 16 manat, 1 nəfərlik quzu kababı - 70 manat, 1 şüşə "Badamlı" mineral suyu - 5 manat məbləğində dəyərləndirilib.

Tarixçi alim, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli bildirib ki, Azərbaycana turist axını çoxaldıqca bir çox eybəcərliklər də üzə çıxır. Bəlli olur ki, Azərbaycanın kömrük sistemində və turizm şirkətlərində, restoranlarda çalışanların turizm mədəniyyətindən xəbərləri yoxdur. Bunları yalnız pul maraqlandırır. Onun sözlərinə görə, bu günlərdə İrandan gələn tanışları ona elə şeylər danışıblar ki, dəhşətə gəlib: "Ölkədə fəaliyyət göstərən bəzi qurumlar özlərini lap dilənçi kimi aparırlar. Onlar İrandan bura gələn turistlərlə yalnız pul qazanmaq baxımından davranırlar. Bunlara demək lazımdır ki, güneydə 40 milyona yaxın azərbaycanlı yaşayır. Onların hər biri Bakını görmək istəyir. Bundan əlavə, farslar, gilanlılar, mazandaranlılar, bəlluclar, kürdlər də böyük həvəslə bura gəlirlər. Onlarla mədəni davranmaq əvəzinə, zənbillərini sayır və onlara "ilişmək" üçün bəhanələr axtarırlar". Turist şirkətlərinin fəaliyyətindəki nöqsanları qeyd edən tarixçi alim bildirib ki, ən maraqlı proseslər turizm şirkətlərində gedir: "Bu şirkətlər hələ turizm mədəniyyətindən çox uzaqdırlar. Onlar bura gələn turistlərin hüquqlarını qoruya bilmirlər. Bundan istifadə edən Bakı və rayonlarda olan restoran müdirləri "şirə" dönürlər. Bir ərəb turisti görən kimi alıcı quş kimi üstlərinə cumurlar. Bir kababı onlara dəyərindən qat-qat bahasına sırıyırlar. Dinəndə də bağırırlar ki, biz filankəsin adamlarıyıq. Turistlərə cavabdeh turizm şirkətləri də onları müdafiə mövqeyini tuturlar". O, əlavə edib ki, əksəriyyətimiz ərəb ölkələrində olub: "Oralarda yalnız yüksək mədəniyyət görmüşəm. Hətta parkları tozsoranlarla təmizləyirdilər. Ərəblər çox təmizkar insanlardır. Amma "facebook" səhifələrinə elə şəkillər yerləşdirirlər ki, düzü məəttəl qalıram. Bütün bunlar eyni mərkəzdən idarə olunur. Bu da Azərbaycanın imicinə ciddi zərbələr vurur".  D.Əzimli bildirib ki, dünyada turizm həm də ona görə inkişaf edir ki, həmin ölkələrdə ona dövlət üçün əhəmiyyətli sahə kimi yanaşırlar: "Heç olmasa Türkiyə nümunəsinə baxın. Orada turizm mədəniyyəti çox yüksək səviyyədədir. Bizdə hər şeyi yalnız pula qurban verirlər. Düzü, anlaya bilmirəm ki, biz hansı dinə, imana qulluq edirik? XXI əsrin ortalarına doğru gedirik. Amma bizi elə dəyişiblər ki, insanlıq deyilən məfhumu anlamaq üçün yüz illər lazım gələcəkdir!"

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31