Azərbaycanın ixrac potensialı artır
Artıq bir neçə ildir ki, Azərbaycanda qeyri-neft sektorunun, əsas etibarilə də kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, yerli istehsalın artırılması prioritet sahələrdən birinə çevrilib. Xüsusilə də kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi günümüzdə əsas diqqət mərkəzində olan məsələlər sırasındadır.
22 Avqust 2017 14:19 İqtisadiyyatPərviz Heydərov: "Keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub"
Artıq bir neçə ildir ki, Azərbaycanda qeyri-neft sektorunun, əsas etibarilə də kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, yerli istehsalın artırılması prioritet sahələrdən birinə çevrilib. Xüsusilə də kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi günümüzdə əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Elə bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Qax rayonunda fındıqçılıq, baramaçılıq və tütünçülüyün inkişaf etdirilməsinə həsr olunmuş respublika müşavirəsi keçirməsi də deyilənlərin təsdiqidir. Dövlət başçısı şimal-qərb regionuna səfərdən döndükdən dərhal sonra tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramını təsdiq etməsi də kənd təsərrüfatında ənənəvi sahələrin inkişafının prioritet olduğundan xəbər verirdi. Məlumat üçün qeyd edək ki, artıq respublikada hər üç məhsul növünün əkilib becərilməsi, yığılmasında müsbət dinamika müşahidə edilir. Digər müsbət məqamlardan biri ondan ibarətdir ki, dövlət tərəfindən sözügedən sahələrin inkişafına yetərincə diqqət ayrılır və bu işlə məşğul olan sahibkarlara kreditlər verilir. Elə bu məqam da ölkədə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafını stimullaşdırır. İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bütün bunların məntiqi nəticəsidir ki, keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub: "Ölkəyə 105 milyon dollar valyuta gətirib. Bu, Şimal-Qərb rayonlarının kənd camaatını çox sevindirmişdi. Çünki bir ara qiymətlər kiloya 7-8 manatadək qalxmışdı. Bununla belə, hələ rəsmi olaraq da etiraf edilir ki, satış qiyməti isə aşağı olub.
Bu ilin birinci yarımili ərzində 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Sözün qısası, fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı istehsalı məhsulu olub. Odur ki, ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınmışdırsa, 2017-2018-ci illərdə daha 10 min hektar salmaq planlaşdırılır. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra isə bu rəqəm 20 min nəfərə çatacaqdır. Ümumiyyətlə, baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər ərzində demək olar, tənəzzülə uğramayıb. Çünki adı çəkilən bölgə əhalisinin son illər ərzində əsas və yeganə ümid yeri həmişə fındıq olub. Belə ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idisə, 2013-cü ildə bu rəqəm 30 min, 2015-ci ildə isə 32 min 700 hektara çatıb". İqtisadçı deyib ki, bütün bunlar çox gözəl göstəricilərdir: "Hazırda dövlət bu sahənin inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb və xaricdən tinglər gətirilib. Nəyə görə ?! Çünki indiyədək 14 min 800 ton fındıq ixrac edilib.
Azərbaycanın fındıq ixrac etdiyi əsas ölkələr isə bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar . Bütövlükdə isə 25 ölkəyə fındıq ixrac edilib. Odur ki, qarşıya qoyulan məqsəd odur ki, fındıq bağlarının sahəsi 80 min hektara çatdırılsın.
Yeri gəlmişkən, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında hazırda dördüncü yerdədir. Nəzərdə tutulan tədbirlər tam həyata keçirilərsə, üçüncü yerə çıxa bilərik. Ancaq, təəssüf ki, bir iş var... Yuxarıda qeyd etdik ki, keçən il qiymətlər bir ara kiloya 7-8 manatadək qalxmışdı. Bununla belə, rəsmi olaraq da deyilir ki, bu özü aşağı qiymətdir. Çünki xarici bazarlarda fındığın 1 kiloqramının qiyməti bizim pulla 10 manatdan çoxdur. Çox maraqlıdır: bu ilsə kənd camaatından fındığın alış qiymətinin 3 manatdan artıq olmayacağı deyilir. Əhali məyusdur. Görəsən, bizdə dövlət bu və ya digər gəlir gətirən sahəyə dəstək göstərməyə başlayanda nədən, əhalinin, yəni fərdi istehsalçı və tədarükçülərin maddi maraqları həmişə "iqtisadi məngənəyə" düşür?. Dövlət dəstəyi bu məqsədə xidmət etməli deyil axı".
Füzuli