Uğurlu inkişaf strategiyası
Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritetlərdən hesab edilir. Ötən müddət ərzində dövlətin də qeyri-neft sektorunun əsaslı dərəcədə inkişaf etdirilməsində maraqlı olması, bu sahənin inkişafına göstərilən yardım, verilən dəstək sözügedən sektorun müxtəlif istiqamətlərində nəzərə çarpacaq dərəcədə tərəqqiyə gətirib çıxarıb. Xüsusilə, regionlarda bu istiqamətdə daha sürətli proses gedir. Respublikanın müxtəlif bölgələrinə xas olan ənənəvi sahələrin inkişaf etdirilməsi bir tərəfdən qeyri-neft sektorunun inkişafına zəmin yaradırsa, digər tərəfdən yerli tələbatın ödənilməsinə və xaricə valyuta axınının qarşısının alınmasına xidmət edir.
21 Avqust 2017 14:29 İqtisadiyyatVə bu inkişafı şərtləndirən başlıca amillər
Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritetlərdən hesab edilir. Ötən müddət ərzində dövlətin də qeyri-neft sektorunun əsaslı dərəcədə inkişaf etdirilməsində maraqlı olması, bu sahənin inkişafına göstərilən yardım, verilən dəstək sözügedən sektorun müxtəlif istiqamətlərində nəzərə çarpacaq dərəcədə tərəqqiyə gətirib çıxarıb. Xüsusilə, regionlarda bu istiqamətdə daha sürətli proses gedir. Respublikanın müxtəlif bölgələrinə xas olan ənənəvi sahələrin inkişaf etdirilməsi bir tərəfdən qeyri-neft sektorunun inkişafına zəmin yaradırsa, digər tərəfdən yerli tələbatın ödənilməsinə və xaricə valyuta axınının qarşısının alınmasına xidmət edir.
Sirr deyil ki, ölkədə qeyri-neft sektorunun inkişafında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının xüsusi payı və çəkisi var. 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən bu proqram respublikanın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin açılmasına, fəaliyyətə başlamasına səbəb olub ki, bu gün həmin müəssisə və zavodların hesabına qeyri-neft sektorunda, daxili istehsalda əsaslı dərəcədə irəliləyiş qeydə alınır. Digər tərəfdən bu həm də ölkədə yeni iş yerlərinin açılması, işsizlik probleminin tamamilə aradan qaldırılmasına öz müsbət təsirini göstərir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikanın qərb regionuna səfəri zamanı da bunun əyani şahidi olduq və dövlət başçısının iştirakı ilə istər Göygöl, istər Samux, istərsə də Gədəbəy və Şəmkir rayonlarında bir neçə istehsal müəssisəsinin açılışın reallaşması bir daha əminlik yaratdı ki, regional proqramlar uğurla icra olunur. Ən əsası bu proqramların icrası regionlarda işsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması, xüsusilə də yerli istehsalın artırılmasına yol açır. Elə dövlət başçısının qərb regionunda olarkən açılış mərasimində iştirak etdiyi "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzinin timsalında bunu aydın görmək mümkündür. Mərkəzin fəaliyyətə başlaması rayonda məşğulluğun artırılması isə yanaşı daxili istehsala da təkan verir. Belə ki, 12,3 hektar ərazini əhatə edən mərkəzdə Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. Aqroparkın yaradılması həmçinin ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq. "Şəmkir Aqropark"nın Logistika Mərkəzi tam gücü ilə fəaliyyət göstərəndə burada 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda isə mərkəzdə 179 nəfər çalışır.
Yaxud Prezidentin səfəri çərçivəsində "Gədəbəy Mineral Suları" MMC-nin də açılış mərasimi olub ki, bu da həm daxili tələbatın ödənilməsi, həm də rayonda işsizlik problemin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, zavodun istehsal gücü 6 milyon litr təşkil edir və bu da kifayət qədər böyük rəqəmdir. Hazırda müəssisədə 25 nəfər çalışır və gələcəkdə istehsalın artırılması hesabına işçilərin sayının 50-yə çatdırılması nəzərdə tutulub. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, zavodda istehsal olunan süfrə suları hazırda Rusiya Federasiyasına ixrac edilir və ərəb ölkələrinə ixracı istiqamətində danışıqlar aparılır. Həmçinin limonadın İraq Respublikasına ixrac olunması üçün müqavilə bağlanıb. İlkin olaraq müxtəlif çeşiddə 100 ton limonad avqustun sonunda İraqa ixrac ediləcək.
Regionların inkişafında bir başqa misalı Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin fəaliyyətə başlamasında göstərmək olar. Prezident İlham Əliyevin bu rayona səfəri zamanı açılış mərasimi olan Mərkəzin layihələndirilməsinə və tikintisinə dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla start verilib. Qeyd edək ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Qeyd edək ki, Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.
Göründüyü kimi, həyata keçirilən məqsədyönlü siyasət və uğurla aparılan işlər öz müsbət nəticəsini verir. Xüsusilə, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ümumilikdə ölkənin bütün istiqamətlər üzrə inkişafını təmin edir. Görülən işlər, həyata keçirilən islahatlar və əldə edilən nəticələr Azərbaycanın daha ciddi nailiyyətlə əldə edəcəyini şərtləndirir.
S.İsmayılbəyli