Dollar manata nisbətdə ciddi şəkildə bahalaşmayacaq
İki ildir ki, milli valyutamız olan manatın dəyəri dollara nisbətən ciddi şəkildə dəyişmədən qalır. Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra Birləşmiş Ştatlar dollarının əsas gəlirləri neftdən olan ölkələrin milli valyutalarına nisbətən bahalaşması Azərbaycanda bu günə qədər hiss edilməkdədir. Düzdür, ötən müddət ərzində manat dollar qarşısında bir qədər möhkəmlənsə də, lakin hələ də bu valyutalar arasında fərq kifayət qədər böyük olaraq qalır.
18 Avqust 2017 12:39 İqtisadiyyatPərviz Heydərov: "Hökumətin apardığı müvafiq siyasətin buna çox böyük təsiri olub"
İki ildir ki, milli valyutamız olan manatın dəyəri dollara nisbətən ciddi şəkildə dəyişmədən qalır. Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra Birləşmiş Ştatlar dollarının əsas gəlirləri neftdən olan ölkələrin milli valyutalarına nisbətən bahalaşması Azərbaycanda bu günə qədər hiss edilməkdədir. Düzdür, ötən müddət ərzində manat dollar qarşısında bir qədər möhkəmlənsə də, lakin hələ də bu valyutalar arasında fərq kifayət qədər böyük olaraq qalır. Hərdən manatın bir qədər dəyər qazanması, dolların az bir miqdarda ucuzlaşması ilə nəticələnir ki, bu da bəzən müvəqqəti xarakter daşıyır. Bu arada ekspertlərin verdiyi bəzi proqnozlar, eləcə də dünya bazarlarında cərəyan edən proseslər müəyyən təhlükəli məqamlardan xəbər verir. Daha dəqiq desək dünya bazarlarında neftin qiymətinin yenidən ucuzlaşması dolların dəyərinin yüksələcəyi və bunun manata da ciddi təsir göstərəcəyi kimi həyəcanlı xəbərlər səslənməkdədir. Dolların manata nisbətən bahalaşmasına təsir göstərəcək digər bir amil kimi isə qarşıdan gələn yeni tədris ili göstərilir. Məlumdur ki, məktəbli formaları xaric olmaqla hazırda əksər məktəb ləvazimatları ölkəyə xaricdən idxal olunur ki, bu da müəyyən miqdarda valyutanın xaricə çıxması deməkdir. Nəzər alsaq ki, ölkəyə gətirilən həmin mallar məhz xarici valyuta ilə alınır, o zaman dünya birjalarında hər hansı bir prosesin baş verib-verməyəcəyindən asılı olmayaraq dolların manata nisbətən dəyərinin yüksələcəyini proqnozlaşdırmaq mümkündür. Ancaq bu proqnozlarla razılaşmayıb əsaslı şəkildə ortaya arqument qoyan, iqtisadi dəyərləndirmə aparan ekspertlər də var. Bu baxımdan iqtisadçı ekspert Pərviz Heydərov dolların manata nisbətən dəyərinin ciddi şəkildə yüksələcəyi fikirləri ilə razılaşmır. İqtisadçı da qeyd edir ki, bəzi ekspertlərin dolların bahalaşacağı barədə proqnozları da real görünmür: " Sentyabr ayı yaxınlaşdıqca, yəni payız mövsümü - ilin dərs və məzuniyyətlərdən sonra yeni iş mövsümü qapını kəsdirdiyindən, bəzi ekspertlər yenə başlayıblar ki, dollar bahalaşacaq. Cari ilin yay mövsümündə isə valyuta bazarımızda sabitlik müşahidə olundu. Əslində bu, ilin əvvəlindən bəri müşahidə olunan sabitliyin davamı idi. Ümumiyyətlə, yay mövsümündə manatın məzənnəsinin dəyişəcəyi heç proqnozlaşdırılmırdı da. Ən azından xarici turist axınının buna imkan verməyəcəyi göz qabağında idi. Lakin əsas səbəb sözsüz ki, heç də bu deyil". Pəviz Heydərov bildirib ki, ölkəmizdə manatın Amerika dollarına nəzərən məzənnəsinin artıq, xeyli müddətdir sabit qalmasında bir sıra daxili və xarici faktorların rolu vardır: "Əvvəla, hökumətin apardığı müvafiq siyasətin, yəni sərt pul-kredit siyasəti yeridilməsinin, dövriyyədən nəğd pul kütləsinin "çəkilməsinin", kənara valyuta axınının qarşısının alınmasının, idxalın məhdudlaşdırılmasının, o cümlədən Neft Fondundan Mərkəzi Banka makroiqtisadi sabitlik naminə məlum transfertin buna çox böyük təsiri olub. İkincisi də ki, bu il xarici ticarət saldosu və tədiyyə balansında da vəziyyət keçən ildəkindən fərqli olaraq müsbətə doğru dəyişib. Və ən nəhayət, üçüncüsü, Birləşmiş Ştatlar dolları dünya üzrə də bu il çox möhkəmlənib. Yəni, FES tərəfindən iki dəfə faiz dərəcəsinin artırılmasına baxmayaraq, Amerika valyutası cari il ərzində çox da bahalaşmayıb. Bunda neftin dünya bazar qiymətlərinin sabit qalması da mühüm rol oynayıb. İndi də deyilir ki, təkrar edirəm, guya, ilin sonuna doğru bu vəziyyyət dəyişəcək. Niyə və hansı əsasa görə, bu, məlum deyil. Bəri başdan qeyd edim ki, bu ilin sonunadək də ABŞ milli valyutası dünyanın heç bir valyutasına qarşı ciddi şəkildə bahalaşmayacaq. FES istiqamətindən gələn xəbərlər də təsdiqləyir ki, çox güman, cari ildə artıq, faiz artımına gedilməyəcək. Gedilsə də, bu, dekabr ayında ola bilər". İqtisadçı ekspert bildirib ki, Azərbaycan manatına gəldikdə isə, ilin sonunadək tədiyyə və xarici ticarət balansımızda mənfiyə doğru heç bir dəyişiklik gözlənilmir: " O ki qaldı, hökumətin valyuta bazarında mövcud sabitliyi qoruyub saxlamaq məqsədilə apardığı müvafiq siyasətə, bu da davam etdiriləcəkdir. Odur ki, ilin sonuna qədər manat və dollar münasibətində də heç bir dəyişiklik gözlənilməməlidir".
Süleyman