İstehlakçıların həyatı üçün təhlükə yaradan sahibkarlar

Yay mövsümündə havaların qızması ilə əlaqədar olaraq ölkənin ticarət şəbəkələrində keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olan malların satışına tez-tez rast gəlinir. Yararlıq müddəti ötmüş, mənşəyi bəlli olmayan malların satışa çıxarılması bir yana, üstəlik onların saxlanma şəraitinə də diqqət yetirilmir.

Bazarları keyfiyyətsiz əraq malları bürüyüb

Yay mövsümündə havaların qızması ilə əlaqədar olaraq ölkənin ticarət şəbəkələrində keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olan malların satışına tez-tez rast gəlinir. Yararlıq müddəti ötmüş, mənşəyi bəlli olmayan malların satışa çıxarılması bir yana, üstəlik onların saxlanma şəraitinə də diqqət yetirilmir. Bazara çıxarlan ərzaq və qeyri-ərzaq mallarının keyfiyyətinin insan orqanizmi üçün zərərli olmasını aparılan monitorinqlər də təsdiq edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, istehlak bazarında keyfiyyətsiz malların satışının qarşısının alınması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı "Hicaz 313" MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilmişdir. Bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən "Hicaz 313" MMC-yə məxsus istehsalat sahəsində birgə nəzarət tədbirləri həyata keçirilmiş, məhsulların müayinəsi üçün nümunələr götürülmüşdür. Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Hicaz" adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilmişdir. Qanun pozuntularına təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə "Hicaz 313" MMC-yə göstəriş verilmişdir. Eyni zamanda aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadə tərəfindən istehsal olunan "Doyarka" adlı kəsmiyin etiketində onun saxlama temperaturunun düzgün göstərilmədiyi müəyyən olunmuşdur. Saxlanma temperaturunun düzgün göstərilməməsi istehlakçıda çaşqınlıq yaratmaqla, məhsulun normativ sənədlərlə müəyyən edilmiş temperaturda saxlanılmamasına və nəticədə tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bununla əlaqədar istehsal olunan məhsulların markalanmasının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə fərdi sahibkar Gülbala Qasımzadəyə müvafiq göstəriş verilmişdir. Bundan başqa, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan "Bizimsüd" adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan "İvanovka" adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həmçinin uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz və avadanlıqları, rabitə vasitələri, maşın, alət və s.) alarkən istehlakçılara diqqətli olmağı tövsiyə edir. Belə ki, istehlakçı bu növ malları alarkən satıcıdan müqavilə, ödənişi təsdiq edən nəzarət-kassa aparıtının çeki və malın zəmanət talonunu tələb etməlidir. Eyni zamanda, alınan malların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçı haqqında məlumatın, mal haqqında qısa annotasiyanın mövcudluğuna diqqət edilməlidir. Nəzərə almaq lazımdır ki, istehlakçının aldığı bu cür mallarda yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbə ödənişi təsdiq edən nəzarət-kassa aparıtının çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən sənəd təqdim edildikdə baxılır.

Göründüyü kimi bir sıra sahibkarlar məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərməklə saxlama müddəti ötmüş və beləliklə də insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla insanların həyat və sağlamlığına təhlükə yaradırlar. Əslində isə sahibkarlar  ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl etməli, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməlidirlər. Əks halda, qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Odur ki, Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Belə ki, ərzaq məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya birbaşa günəş şüaları altında saxlanılması onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və кeyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də ərzaq malları alarkən onların saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının brbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmiz və yaхşı havalandırılan olmasına diqqət edilməlidir. Əhali qeyd olunan tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinməlidir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31