Əməyin mühafizəsinə görə məsuliyyəti kim daşıyır?

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Eyni zamanda, istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olur. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması da işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, əməyin təhlükəsizliyi və sağlamlaşdırılması məsələlərinə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədinə xidmət edir.

Fuad Əlizadə: "İqtisadiyyatın müxtəlif sahələrində əlverişsiz əmək şəraitində işləyənlərin sayı artıb"

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Eyni zamanda, istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olur. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması da işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, əməyin təhlükəsizliyi və sağlamlaşdırılması məsələlərinə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədinə xidmət edir.

Azərbaycan Respublikası ilk dəfə 1999-cu ildə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirmiş və sonrakı illərdə də davam etdirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə qeyd edib ki, əməyin mühafizəsi sahəsində Azərbaycan fəal dövlət siyasətinə malik olan ölkələrdən biridir. Müstəqillik qazandığımız 1991-ci il oktyabr ayının 18-dən indiyədək ölkəmizdə çoxlu qanunvericilik, hüquqi-normativ sənədlər hazırlanıb qüvvəyə minmişdir. Bunların sırasında əmək və əməyin mühafizəsi məsələlərinə dair  qəbul edilmiş sənədlər heç də az deyildir. Əminliklə qeyd etmək olar ki, bu gün respublikamız əmək qanunvericiliyi, əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı dolğun qanunvericilik bazasına malikdir: "İlk növbədə qeyd etməliyik ki, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, 12 noyabr 1995-ci il tarixdə ümumxalq referendumu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 35-ci (Əmək hüququ) maddəsində "Hər kəsin təhlükəsiz və sağlam işləmək hüququ vardır" deyə qeyd edilmişdir. Növbəti addım kimi isə, Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanun əsasında və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi təsdiq edilmiş və 1999-cu il 01 iyul tarixindən qüvvəyə minmişdir. Əmək Məcəlləsində bütün əmək məsələlərinin həlli ilə bərabər əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə də geniş yer ayrılmışdır.  Məcəllənin  207-239-cu maddələri məhz bu məsələləri əhatə edir. Məcəllə əsasında sonralar əməyin mühafizəsi,  o cümlədən texniki təhlükəsizlik, əməyin gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə dair çoxlu qanunvericilik və normativ sənədlər qəbul edilib. Eyni zamanda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 27 yanvar 1997-ci il tarixli 544 saylı Fərmanına əsasən, respublikada əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu-Dövlət Əmək Müfəttişliyinin yaradılması əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə, o cümlədən əməyin mühafizəsi tələblərinə əməl olunması məsələsinin dövlətin diqqət mərkəzində olduğunu göstərmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin işçi vətəndaşların hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğısının nəticəsi kimi, 16 fevral 2011-ci il tarixli Fərmanla Dövlət Əmək Müfəttişliyinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb, beləliklə də əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın statusu artırılıb. Təbii ki, bu, əmək hüquqlarının təminatının ölkədə aparılan sosial siyasətin əsas komponentlərindən olduğunu təsdiq edir". Xidmət rəisi bildirib ki, əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir: " Başqa sözlə, əməyin mühafizəsi istehsalatda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və o cümlədən texniki təhlükəsizliyin təmin edilməsinə, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının, əmək xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınmasına, işçilərin vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılmasına və biliklərinin yoxlanılmasına yönəldilmiş sosial-iqtisadi və hüquqi tədbirlərin məcmusudur. Bu, iş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkili, əmək prosesində iştirak edən işçilərə normal əmək şəraiti yaratmaq deməkdir". Onun sözlərinə görə, Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur: "İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri Əmək Məcəlləsinin 215,225-ci maddələrində, eləcədə müəssisələr haqqında əsasnamələrdə (nizamnamə), kollektiv müqavilələrdə təsbit olunur. Əmək Məcəlləsində əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi (maddə 212), icra hakimiyyət orqanlarının (maddə 213), bələdiyyələrin səlahiyyətləri (maddə 214), mülkiyyətçinin və işəgötürənlərin  vəzifələri (maddə 215) müəyyən edilmişdir.Bununla yanaşı, qanunvericilik müəsisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçilərin də vəzifələrini müəyyən etmişdir. Əmək Məcəlləsinin 216-cı maddəsində əməyin mühafizəsi üzrə işçilərin vəzifələri ifadə olunub. Buraya əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, digər vəzifələr daxildir. Əmək Məcəlləsinə əsasən əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Ona görə də müəssisə rəhbərləri əməyin mühafizəsinin idarə olunması məsələsinə ciddi əhəmiyyət verməlidirlər. Belə ki, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkil olunması işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə yanaşı keyfiyyətli məhsul istehsalına da təminat verir. Qabaqcıl dünya təcrübəsində də əməyin mühafizəsi müəssisədə yalnız işçinin təhlükəsizliyi üçün deyil, iqtisadi artım üçün də vacib amil kimi qəbul olunur". Onun sözlərinə görə, işçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində də bir sıra çatışmamazlıqlar mövcuddur. Xüsusilə tikinti və tikinti materialları istehsalatları sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazimi qaydada istifadə etmədikləri əmək müfəttişləri tərəfindən dəfələrlə müşahidə edilib: "Bir də görürsən ki, hər-hansı hündürmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur. Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydalarının pozulmasına dair çoxsaylı misallar çəkmək olar. Hansı ki, bu səbəblər üzündən istehsalatda bədbəxt hadisələrin baş verməsi halları artır. Bununla bərabər Dövlət Statistika Komitəsinin məlumatına əsasən hazırda respublika iqtisadiyyatının müxtəlif sahələrində əlverişsiz əmək şəraitində işləyənlərin sayı artmışdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31