BMT gələn il Şuşa və Naxçıvanda DİM dialoqlarının keçirilməsini dəstəkləyir

BMT 2027-ci ildə Azərbaycanda - Şuşa və Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə iki dialoqun keçirilməsini dəstəkləyir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki,bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.

Onun sözlərinə görə, qarşıdakı dialoqların keçirilmə tarixləri və mövzuları hələ müəyyənləşdirilməyib. Bu məsələlərin Azərbaycan hökuməti ilə birgə müzakirəsi planlaşdırılır.

D.Şlapaçenko qeyd edib ki, hazırkı dialoq çərçivəsində nazirliklərin nümayəndələri karbonsuzlaşdırma məqsədlərinə nail olmaq üçün iqtisadiyyatın müxtəlif sektorlarında görülən tədbirlər barədə məlumat veriblər.

"Azərbaycan hökumətinin müxtəlif nazirliklərinin karbonsuzlaşdırılmasının təmin edilməsi istiqamətində göstərdiyi səylər məndə böyük təəssürat yaratdı. Bununla yanaşı, mövcud vəziyyət ciddi narahatlıq doğurur və heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz. Biz regional və qlobal tendensiyalardan asılıyıq. Buna görə də Azərbaycanın hüdudlarından kənarda əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirmək lazımdır. BMT dəstək göstərməyə hazırdır", - deyə o bildirib.

Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinə keçid dünyanın müxtəlif regionlarında ümumi tendensiyaya çevrilir. Bu baxımdan, Azərbaycanın enerji resurslarının əsas satış bazarlarından biri olan Avropa enerji bazarında baş verən dəyişiklikləri nəzərə almaq lazımdır.

Şlapaçenko vurğulayıb ki, Azərbaycan hökuməti yaşıl enerjiyə keçid istiqamətində tədbirlər görür.

O, həmçinin bildirib ki, BMT gələcək DİM dialoqları üçün yeni mövzuları Azərbaycan hökuməti ilə birgə nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoq keçirilir. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir.Tədbirin mövzusu "Azərbaycanda milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsinin sürətləndirilməsi: dayanıqlı inkişaf naminə enerji sektorunun karbonsuzlaşdırılmasına dəstək"dir.Dialoq çərçivəsində Azərbaycanın milli iqlim öhdəliklərinin yerinə yetirilməsi, enerji sektorunun ekoloji transformasiyası, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya imkanları müzakirə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31