Ermənistan ekoloji məsələləri siyasi müstəviyə daşıyır-ÖZƏL

Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan Azərbaycanın Cermuk (İstisu) və Şikahox (Şıxovuz) istiqamətlərində meşələri qırması ilə bağlı iddialara münasibət bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasından sonra iki ölkənin ətraf mühitin mühafizəsi üzrə birgə proqramlar üçün beynəlxalq maliyyə mənbələrinə müraciət edə biləcəyini deyib. Matevosyan ekoloji problemlərin konkret ölkələrlə məhdudlaşmadığını vurğulayaraq, "Təbiət sərhəd tanımır" ifadəsini işlədib.
Qeyd edək ki, Azərbaycan işğal dövründə ərazilərində meşələrin qırılması, təbii sərvətlərin talanması və ətraf mühitə ciddi ziyan vurulması ilə bağlı dəfələrlə faktlar və görüntülər təqdim edib.

Ermənistanın bu iddialarının arxasında hansı siyasi məqsədlər dayanır?
İşğal dövründə Azərbaycan təbiətinə vurulan zərərlər fonunda bu açıqlamaları necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:

" Ermənistan rəsmilərinin son vaxtlar Azərbaycanla münasibətlərin perspektiv durumuna dair səsləndirdikləri fikirlər göstərir ki, rəsmi İrəvan Bakı ilə münasibətləri status-kvo vəziyyətində saxlamaqla əslində tərəfləri sülhə gətirəcək yoldan yayınır və beləliklə, 2025-ci ilin avqustunda Vaşinqtonda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən dolayısı yolla boyun qaçırır.
Rəsmi Bakının tərəflər arasında sülh müqaviləsinin ölkənin əsas qanununa müvafiq əlavə və dəyişikliklərin edilməsi fonunda baş tuta biləcəyi ilə bağlı açıqlamalarına baxmayaraq, Baş nazir Paşinyan referendumun konkret nə vaxt keçiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirmir. Digər tərəfdən, rəsmi Bakını Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edir.
Rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsi son vaxtlar özünü qabarıq şəkildə büruzə verməyə başlayıb. Xarici işlər naziri Mirzoyanın Zəngəzurdan ancaq dəmir yolunun keçə biləcəyi ilə bağlı verdiyi açıqlamalar göstərir ki, Paşinyan tərəfi kommunikasiyaların açılması ilə bağlı 2020-ci il Moskva sazişinin şərtlərini də yerinə yetirməkdən yayınır, zira avtomobil yollarının açılmasından hələlik söhbət belə getmir.
Rəsmi Bakının münasibətlərdə etimad və inam yaratmaq üçün həyata keçirdiyi siyasətdən görünən odur ki, rəsmi İrəvan bundan sui-istifadə etməyə qərar verib. Elə buna görədir ki, Ermənistanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi təcavüz nəticəsində Azərbaycan təbiətinə dəyən ziyanın müqabilində ekoloji problemlərin həllində Ermənistanın məsuliyyətindən danışmaq əvəzinə, "Təbiət sərhədlər tanımır" açıqlaması ilə danışıqlar formatına uyğun olmayan mövqe sərgiləyir. Sülhdən danışan Paşinyan iqtidarı isə son ayda dörd qırıcı təyyarə almaqla Ermənistanın sülhdən daha çox müharibəyə kökləndiyini nümayiş etdirir.
Görünür, rəsmi Bakının danışıqlarda "dəmir əl" formatına qayıdışı üçün müvafiq tədbirlərin görülməsi vaxtı yenidən çatıb. Digər tərəfdən, Ermənistanın rəsmi olmasa da, qeyri-konstruktiv mövqeyi rəsmi Bakını ona qarşı diplomatik təzyiqləri gücləndirməyə sövq edə bilər. Ən azı, rəsmi İrəvana münasibətdə müharibə dönəmində Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş birbaşa və dolayı ziyanın məbləği ilə bağlı iddiaları rəsmi Bakı yenidən gündəmə gətirib, dəymiş ziyanın ödənilməsi məqsədilə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31