İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi
14:43 MədəniyyətTehran İnqilab Məhkəməsi azərbaycanlı əsilli iranlı rejissor Cəfər Pənahini 5 il 1 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə, həmçinin onun əmlakının müsadirə olunması, iki il müddətinə sosial şəbəkələrdən istifadəsinə və ölkədən çıxışına qadağa qoyulması barədə qərar qəbul edib.
Bu barədə Emtedad agentliyi məlumat yayıb.
Rejissorun vəkili Mustafa Nili bildirib ki, hökm Pənahinin iştirakı olmadan çıxarılıb. Onun sözlərinə görə, ötən həftə rejissorun bank hesabları əvvəlcədən xəbərdarlıq edilmədən dondurulub. Vəkil bunun səbəbini öyrənmək üçün prokurorluğa müraciət etdikdən sonra məhkəmə qərarı barədə məlumat alıb.
Rejissora qarşı irəli sürülən ittihamların mahiyyəti açıqlanmayıb.
Məhkəmə qərarında Pənahinin İran hüdudlarından kənarda yaşadığı qeyd edilsə də, vəkilin sözlərinə görə, rejissor 2026-cı il martın 30-da Los-Ancelesə səfərindən sonra ölkəsinə qayıdıb. O, orada "Oskar" mükafatlarının təqdimetmə mərasimində iştirak edib. Pənahinin "Sadəcə bir təsadüf" filmi mərasimdə "Ən yaxşı beynəlxalq tammetrajlı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyalarında namizəd olub.
Xatırladaq ki, Cəfər Pənahi İranın Şərqi Azərbaycan vilayətinin Miyanə şəhərində anadan olub. O, dünya kinosunun nüfuzlu festivallarında mükafatlar qazanıb. 2025-ci ildə onun "Sadəcə bir təsadüf" filmi Kann Film Festivalının əsas müsabiqəsində "Qızıl palma budağı" mükafatına layiq görülüb.
Pənahi uzun illərdir İran hakimiyyətinin məhdudiyyətləri ilə üzləşir. 2010-cu ildə ona film çəkmək, mediaya danışmaq və ölkədən çıxmaqla bağlı qadağalar tətbiq olunub. 2022-ci ildə isə rejissor həbs edilib və təxminən yeddi ay sonra azadlığa buraxılıb.