İdeoloji risklər fiziki risklər qədər təhlüləlidir-Özəl
14:28 Siyasət"Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışda Azərbaycan Prezidenti cənab İlham Əliyev yenə də ideoloji riskdən danışdı ki, bu da heç səbəbsiz deyil. Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahıb Alıyev deyib: "Son günlər biz gördük ki, hətta gözləmədiyimiz yerdən belə bu cür təhdidlər mümkünmüş. Yaxşı ki, gec də olsa, düzgün hərəkət etmədiklərinin fərqinə vardılar. Və burada cənab Prezidentin də bugünkü çıxışında vurğuladığı kimi, göstərilən müqavimətlə qətiyyətli mövqe həlledici rol oynadı. Özümüzə yaxın, həm də çox yaxın bildiklərimiz ümid etmək istərdim ki, bir də belə səhvə yol verməzlər. İrandakı əmmaməli njdelər isə, necə ki o rejim mövcuddur, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edəcəklər. Onların artıq yüksək vəzifəlililərinin də qoşulduğu və guya hicab təəssübü ətrafında apardıqları kampaniya əslində koqnitiv savaşın elementlərindən biridir. Məhz ona görə dövlətimizin başçısı ideoloji risklərin fiziki risklər qədər təhlükəli olduğunu vurğulayır.
Düz beş il bundan öncə NATO da insan beynini quru, dəniz, hava, kosmos və kiber sahələrdən sonra 6-cı əməliyyat domeni, yəni döyüş meydanı elan etdi. Bilməyənlərin diqqətinə çatdırım ki, sözügedən qurum koqnitiv müharibəni fərdlərin, qrupların idrakını, davranışlarını təsir altına almaq üçün kibernetika, informasiya, psixologiya və sosial mühəndislik imkanlarını birləşdirən sinxronlaşdırılmış fəaliyyət kimi qiymətləndirir. Azərbaycanda vahid məktəbli geyimini hicab qadağası kimi təqdim edərək dövlətimizə qarşı kampaniya aparanların hərəkətlərində də o əlamətlərin bir çoxu aydın görünür.
Başqaları müxtəlif mənbələrdən gələn, son günlərdə olduğu kimi, hətta sinxronlaşdırılan koqnitiv həmlələrə bəlkə də tab gətirməzdi. Biz gətirdik, çünki cənab İlham Əliyevin də qeyd etdiyi kimi, fərqli sistemlərdə yaşasaq da, qoruyub saxladığımız ənənələrimizi və həyat tərzimizi müstəqillik illərində azərbaycançılıq ideologiyası çərçivəsində daha da gücləndirmişik. Minsk qrupuna həmsədrlik edən dövlətlərin və elə həmin İranın özünün də qətiyyən istəməmələrinə, hətta maneçilik törətmələrinə rəğmən, torpaqlarımızı işğaldan qurtarmamızda da bu amil çox mühüm rol oynadı.
Azərbaycan üçün fiziki risk yaradanların necə cavabı verildisə, heç şübhəsiz ki, ideoloji risk yaradanlar da eyni reallıqla üzləşəcəklər. Orasını da deyim ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın guya hicablı olduqlarına görə təhsil ala bilməyən azərbaycanlı qızları universitetlərinə dəvəti, vitse-prezidentinin isə onu dəstəkləməsi oradakı rejimin başında və keşiyində duranların gündəlik fəaliyyətlərinin bir hissəsi olmaqla yanaşı indiki halda ikihədəfli məkrli plandır. Bu plan ilk növbədə TDT sammiti öncəsi türk dövlətləri arasında ziddiyyət yaratmağa hesablanıb. Eyni zamanda əmmaməli njdelər yaxın gələcəkdə onları nə gözlədiyini də yaxşı bilir və "cəhənnəmə gedən özünə yoldaş axtarar" məntiqindən çıxış edirlər. Yəni yenə qonşularına saldırmaq üçün bəhanə axtarırlar. Onlara belə bir fürsət verilməyəcək!