Ölkədə makroiqtisadi sabitlik təmin olunacaq

Yeni qurum milli iqtisadiyyatın rəqabət qabiliyyətini artıracaq 

Yeni qurum milli iqtisadiyyatın rəqabət qabiliyyətini artıracaq 
 

Azərbaycanda ardıcıl həyata keçirilən iqtisadi islahatlar bir sıra sahələrdə ciddi naliyyətlərin əldə edilməsilə nəticələnib. Xüsusilə qeyd edilməlidir ki, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektoru son illər ərzində bir sıra mühüm nailiyyətlərlə müşahidə olunmaqdadır. Həmçinin görülən iqtisadi tədbirlər nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib, iqtisadi inkişafın davamlılığı təmin olunub. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan dünyanın 150-dən artıq ölkəsilə ticarət əməliyyatı aparır. Məhz bu səbədən dünya bazarında baş verən iqtisadi dəyişikliklər ölkəmizə təsirsiz ötüşə bilməz. Xüsusən, neft gəlirlərinin kəskin azalması və mürəkkəb xarici iqtisadi mühitin ölkənin makroiqtisadi və maliyyə sabitliyinə təsiri qaçılmazdır. Odur ki, dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədi ilə qabaqlayıcı addımların atılması zərurudur. Məhz bu amilləri nəzərə alan Prezident İlham Əliyev bir müddət öncə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb. Maraqlıdır, yeni maliyyə qurumu Azərbaycana nə verəcək və ölkəmizi qlobal iqtisadi böhranın təsirindən necə qoruyacaq?
Ekspertlərin qənaətinə görə, belə bir Şuranın yaradılması makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanılması cari, orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər kimi qiymətləndirilməlidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılan Maliyyə Sabitliyi Şurasının əhəmiyyəti böyükdür: "Bilindiyi kimi, Şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib. Bu isə o deməkdir ki, maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid platforma yaranır. Əgər Maliyyə Sabitliyi Şurasının tərkibinə baxılsa burada üç tərəfin təmsil olunduğu görünür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabinetinə birbaşa tabeçiliyi olan Maliyyə və İqtisadiyyat nazirlikləri, həmçinin Nazirlər Kabinetinə daxil olmayan Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Neft Fondu. Beləliklə, Azərbaycanda aparılan institutsional islahata əsasən iqtisadiyyata cavabdeh olan hər üç blok qurumlar bir platformada birləşir. Bu mənada Azərbaycanın Baş nazirinin Maliyyə Sabitliyi Şurasına rəhbərlik etməsi makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsi sahəsində fəaliyyətin sistemli əlaqələndirilməsini təmin edəcək". İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru qeyd edib ki, hazırda makro və fiskal siyasəti yürüdən qurumların Nazirlər Kabinetinin strukturunda olması, digər tərəfdən isə monetar siyasətə cavabdeh Mərkəzi Bankın, meqarequlyator olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının və iqtisadiyyatın xarici valyuta təminatında aparıcı rola malik olan Dövlət Neft Fondunun isə Nazirlər Kabinetinin strukturunda yer almaması fiskal və maliyyə siyasətlərinin daha dərin koordinasıyasını zəruri edib. Bu mənada Maliyyə Sabitliyi Şurası bütün resursları mobilizasiya edərək makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır. Heç şübhəsiz ki, Maliyyə Sabitliyi Şurası ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsində mühüm rol oynayacaq". İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, belə bir təsisatın yaradılması ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək: "Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas funksiyalarından biri maliyyə sabitliyinin formalaşmasını təmin etməkdir. Maliyyə Sabitliyi Şurasının əsas funksiyası manatın stabilliyini qorumaqdan ibarət olacaq. Eyni zamanda, maliyyə sektorunda stabilliyin təmin olunması bura daxildir. O baxımdan Şuranın fəaliyyət göstərməsi, rıçaqlarının artırılması həm də milli valyutanın stabilliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də bu addımın atılması təqdirəlayiq haldır. Bu imkan verəcək ki, milli valyutanın stabilliyi qorunub saxlansın. Eyni zamanda, bankların likvidikliyinin artırılması, maliyyə sektorunda stabilliyin qorunması şuranın əsas funksiyası olacaq. Ona görə də belə bir təsisatın yaradılması milli valyutanın məzənnəsinin stabilləşməsi istiqamətində addımlar atılması və bankların likvidikliyinin artırılması baxımından əhəmiyyətli addımdır. Hesab edirəm ki, indiki dövrdə belə bir orqanın yaradılmasına ehtiyac var idi. Çünki hazırkı dövrdə belə bir təsisatın yaradılmasına iqtisadi zərurət var. Ondan çıxış edərək hesab edirəm ki, MSŞ-nin yaradılması iqtisadiyyata müsbət təsir edəcək". Qeyd edək ki, ölkəmizin iqtisadi hədəfləri olduqca genişdir. Məhz həmin hədəflərə çatmaq üçün əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanları yaradılmalıdır. Eyni zamanda bank sisteminin etibarlılığı artırılmalı, sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməli, normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi təmin olunmalıdır. Məhz sadalanan vəzifələrin icrası zamanı koordinasiya məsələsinin vacibliyi önə çıxır ki, bu vəzivə də Maliyyə Sabitliyi Şurasına həvalı edilib. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31