Banklar öhdəliklərini icra etmək çətinliyi ilə üzləşiblər

Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında ilk zərbəni bank sektoruna vurdu.

Aktivləri pisləşdiyi üçün

Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında ilk zərbəni bank sektoruna vurdu. Milli valyutanın 2015-ci ildə dollara nəzərən dəyərini 50 faiz itirməsi bankların dayanıqlığını təhlükə altına aldı. Valyuta mövqeyinin düzgün idarə edilməməsinə görə banklar devalvasiyanın ilk günü milyonlarla itkiyə məruz qaldılar. Bu itki bankların kapitalını xeyli zədələdi və bankların bir çoxunda kapitala dair normativlər pozuldu. Bir-biri ilə əlaqəli olan əmanət və kredit bazarı son illərin əhəmiyyəti artımından sonra kiçilməyə başladı və hər ikisində neqativ tendensiya müşahidə edildi.

İqtisadçı Samir Əliyev deyir ki, 2014-cü ilin sonlarından başlayaraq cəmiyyətdə hakim olmuş devalvasiya qorxusu əhalini əmanət, bankları isə kredit siyasətində korrektələr etməyə sövq etdi: "Əmanət bazarında bir tərəfdən sürətli dollarlaşma, digər tərəfdən əmanətlərin banklardan geri çəkilməsi tendensiyası kreditləşməni də dollarlaşma "virus"una yoluxdurdu. Bununla da təkcə əhalinin yox, həmçinin bankların sonrakı dövrlərdə başağrısına çevriləcək siyasətin əsası qoyuldu. 21 fevral 2015-ci ildə baş vermiş birinci devalvasiyadan sonra əmanətlərin həcmi 35 faiz azalaraq 7,6 milyard dollardan 5 milyard dollara düşdü. Bu müddətdə əmanətlərin dollarlaşması səviyyəsi 62 faizdən 81 faizə yüksəldi. Halbuki 2014-cü ilin sonları dollar əmanətlərin payı daha az - 36-37 faiz civarında olub. Devalvasiya qorxusu və əmanətlərin dollarlaşması bankları manat kreditlərini məhdudlaşdırmağa vadar etdi. Elə bunun nəticəsi olaraq dollar kreditlərinin payı 2014-cü ilin sonlarındakı 27 faizdən 50 faizə qədər yüksəldi. Devalvasiya nəticəsində dollar krediti götürən əhalinin və sahibkarların aylıq ödənişi 2 dəfəyədək artdı və bu, onların ödənişinə mənfi təsir etdi, vaxtı keçmiş kreditləri stimullaşdırdı. Bankların da qara günləri elə bundan sonra başladı. Hazırda rəsmi məlumatlara görə, problemli kreditlərin payı 8,3 faizdir ki, bu da son 12 ildən ən yüksək göstəricidir. Ödənilməyən kreditlərin həcmi isə rekord səviyyəyə - 1,5 milyard manata yüksəlib. Müstəqil qiymətləndirmələrdə problemli kreditlərin həcminin daha çox olduğu göstərilir". İqtisadçı qeyd edir ki, indi aktivləri pisləşmiş banklar öhdəliklərini icra etmək çətinliyi ilə üzləşiblər: "Həm xarici borcların, həm də əmanətlərin qaytarılması problemləri yaranıb. Banklar kütləvi şəkildə xarici boclarından qurtulmağa çalışırlar, xaricdən yeni vəsait cəlb etmək imkanları isə getdikcə çətinləşir. Uğursuz konsolidasiya təşəbbüslərindən sonra Mərkəzi Bank ilin əvvəlində 6 bankın lisenziyasını geri aldı. Həmin bankların əmanətçilərinin sığortalanmış tələbi ödənildi. Ancaq bir sıra banklarda əmanətlərin qaytarılmasında çətinliklər yaranıb. Dövlət və sistem əhəmiyyətli bank olan Beynəlxalq Bankın milyardlarla ölçülən zərərli aktivləri dövlət büdcəsi və Mərkəzi Bankın vəsaitləri hesabına həll edildi. Digər iri bank - ikinci ən böyük depozit portfelinə malik Bank Standartın aktivlərinin sağlamlaşdırılması üzərində iş gedir. Bəzi banklara Mərkəzi Bank yardımlar etməklə onlara dəstək verməyə çalışır. Ancaq problemin dərinliyi hələ də qalmaqdadır. Dollarla götürülən kreditlərin qaytarılmasında ləngimələr bankların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir. Bir tərəfdən kreditqoyuluşunun azalması, əmanətlərin geri çəkilməsi, digər tərəfdən də verilmiş kreditlərin geri qaytarılmaması bankların gəlirlərini azaltmaqla yanaşı, onları faktiki olaraq müflisləşmə həddinə gətirib. Zaman ötür, yaranmış bank-müştəri qarşıdurması getdikcə daha da dərinləşir". Samir Əliyev bildirib ki, bankların xilası üçün beynəlxalq təcrübədə bəzi tədbirlərindən istifadə olunur: Birincisi, maliyyə qurumlarında problemli aktivlərin sağlamlaşdırılması məqsədilə keyfiyyətsiz (zərərli) aktivlərin alınması - Almaniya, İrlandiya, Cənubi Koreya, İsveçrə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə həyata keçirilib. ABŞ-da Toksik aktivlərin sağlamlaşdırılması üçün xüsusi proqram (Troubled Assest Relief Program - TARP) qəbul edilib. ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi Fannie Mae və Freddie Mac korporasiyalarının ipoteka istiqrazlarını alıb. ABŞ hökuməti zərərli aktivlərin alınmasına 1 trilyon dollar, Britaniya hökuməti isə 600 milyard funt sterlinq xərcləyib. İkincisi, səhmlərin alınması yolu ilə, o cümlədən subardinasiya borcu şəraitində mülkiyyətdə iştirak etməklə əlavə kapitalın cəlbi. Bu üsuldan Niderland, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Portuqaliya, İsveçrə, Cənubi Koreya kimi ölkələrdə həyata keçirilib. Üçüncüsü, əmanətlərin sığortalanması. Bu mexanizmin əsas məqsədi əhalinin banklara inamını artırmaqdır. Praktiki olaraq bütün ölkələr bankların ödəmə qabiliyyəti itəcəyi təqdirdə əmanətləri qaytarmaq üçün əmanətləri sığortalanma mexanizmi yaradıblar. ABŞ-da bank əmanətlərinin sığortalanması məbləği 100 min dollardan 200 min dollara qədər artırılıb. Nəhayət, digər öhdəliklərə zəmanət verilməsi. Bank qurumlarına inamı artırmaq, banklardan əmanət çıxarılmasının qarşısını almaq və ya öhdəliklərin vaxtından əvvəl icrası tələblərinin yaranması ilə əlaqədar əksər ölkələrdə dövlətin maliyyə resursları hesabına bankların borclarına zəmanət verilməsi təcrübəsi mövcuddur. Məsələn, ABŞ-da likvidliyin artırılması üçün FES banklararası kreditlərlərə və digər bank borclarına zəmanət verib. Britaniyada da hökumət banklararsı ssudalara zəmanət verib. Belə proqramların maliyyələşdirilməsinə ABŞ hökuməti 700 milyard dollar, Britaniya 250 milyard funt sterlinq, Rusiya isə 50 milyard dollar sərf edib".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31