Kənd təsərrüfatının hazırkı inkişaf səviyyəsini qənaətbəxş hesab etmək olmaz

Əli Məsimli: "Aqrar sahədə yetərincə yüksək templi artım olsa da, bu hələ kəndlərin ölkəmizin potensial imkanlarına layiq sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb"

Keçən ilin sonlarında dünya bazarlarında neft qiymətlərinin kəskin aşağı düşməsi fonunda ölkədə yaranan iqtisadi və maliyyə problemi qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirdi. Qeyri-neft sektorunda xüsusi payı olan kənd təsərrüfatını daha çox inkişaf etdirmək də əsas diqqət mərkəzində olan məsələlərdən idi. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev də iqtisadi müstəvidə keçirdiyi bütün görüşlərdə, müşavirələrdə bu məsələyə xüsusi diqqət yetirmişdi.

Millət vəkili Əli Məsimlinin rəhbərlik etdiyi İqtisadi və Sosial İnnovasiyalar İnstitutu da Azərbaycanın optimal inkişaf modelinin reallaşdırılması üçün zəruri tədbirlər kompleksini özündə birləşdirən "Yeni kurs"- "Azərbaycanın innovasiyalı inkişaf proqramı hazırlayıb.

Millət vəkili bildirib ki, kənd təsərrüfatının səmərəliliyinin və ixrac imkanlarının artırılması, aqrar sahənin hərtərəfli inkişafı ölkənin iqtisadi sabitliyinin, sosial dayanıqlılığının, ərzaq təhlükəsizliyinin etibarlılığının artırılmasının, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, onun ixrac imkanlarının genişlənməsinin əsas istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan əhalisinin 1,7 milyon nəfərə və ya iqtisadiyyatda məşğul əhalinin 37 faizə yaxınının aqrar sektorda çalışması, bu sahənin inkişaf etdirilməsi həm də əhalinin işlə təminatı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Aqrar sahə torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunub. Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülür. Dövlər büdcəsindən aqrar sahənin dəstəklənməsinə maliyyə vəsaiti ayrılır. 2016-cı ilin büdcəsində kənd təsərrüfatına ayrılan vəsait 684 milyon manatı ötüb. Aqrar islahatlar, o cümlədən "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı", əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı və digər proqramların və tədbirlərin həyat keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Bununla belə aqrar sahədə torpaqlardan istifadənin səviyyəsi, əmək məhsuldarlığı, ixrac göstəriciləri potensial imkanlardan xeyli geri qalır".

Millət vəkili deyib ki, 2015-ci ildə kənd təsərrüfütı istehsalının artım tempi 7 faizə yaxın olmaqla 5,6 milyard manatlıq məhsul istehsal olunub: "Bu ilin ortalarına da 6 faiz artım var. Aqrar sahədə artım tempi kifayət qədər yüksək olsa da, hələlik adambaşına ildə 581 manatlıq, ayda 48 manatlıq, gündə 1,6 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur ki, bu da Azərbaycan üçün çox mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sahədə əmək məhsuldarlığının və istehsalının digər səmərəlilik göstəricilərinin nə qədər aşağı olduğunun əyani nümunəsidir. Ona görə də mövcud potensial fonunda kənd təsərrüfatının hazırkı inkişaf səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Aqrar sahədə yetərincə yüksək templi artım olsa da, bu hələ kəndlərin ölkəmizin potensial imkanlarına layiq sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb. Aqrar sahənin timsalında iqtisadiyyatda çalışanların 37 faizi ölkənin ÜDM-nin cəmi 5 faizini yaradır. 2015-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı xeyli artsa da, onun ən yaxşı göstəricisi hələlik 600 milyon dollar ətrafındadır ki, bu da Azərbaycan kimi kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik bir ölkə üçün çox aşağı göstəricidir. Bunun səbəbləri çoxdur. Onların arasında bu problemlər xüsusi yer tutur. Ölkənin əkin sahələrindən və kənd təsərrüfatı üçün yararlı torpaqlarından yetərincə səmərəli istifadə edilməməsi. Fermer təsərrüfatlarının əksəriyyətinin torpaqlarının kiçikliyi üzündən yüksək nəticələr əldə olunması, geniş təkrar istehsal qurulması və gəlir əldə əldə edilməsinə imkan verən ixraca işləmək imkanının məhdud olması. Kənd təsərrüfatı ilə məşğul olanların xeyli hissəsinin gəlirlərinin aşağı olması, maddı və maliyyə resurslarının məhduduluğu və istehsalı genişləndirməkdən ötrü yetərli olmaması. Kənd təsərrüfatına investisiya tələbatı səviyyəsində sərmayə qoyulmaması və bu sahəyə yönəldilən vəsaitdən istifadənin səmərəliliyinin aşağı olması. Həmçinin kənd təsərrüfatında mütərəqqi texnika, texnologiya və istehsal mədəniyyətindən istifadənin tətbiq dərəcəsinin qənaətbəxş olmaması və bu səbəbdən əmək məhsuldarlığının və istehsalın səmərəliliyinin çox ağağı olması". Millət vəkili deyir ki, Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,6 ha yararlı torpaq sahəsi, 0,2 ha əkin sahəsi düşür: "Bundan əlavə ərazimizin 20 faizi işğal altındadı. Kənd təsərrüfatında istifadə edilən sahələrin xeyli hissəsi şorlaşmaya, erroziyaya məruz qalıb. Ona görə də Azərbaycan adambaşına düşən torpaq sahəsinə görə aztorpaqlı ölkələr kateqoriyasına aid hesab olunur. Bununla belə Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur və elmi-texniki tərəqqiyə əsaslanan aqrar siyasətilə beynəlxalq səviyyədə özünü doğrulmuş qabaqcıl təcrübədən yerli şəraitə uyğun yaradıcılıqla və elmi əsaslarla istifadə olunsa, orta perspektivdə bu sahədə 2-3 dəfə və ondan da çox artıma nail olmaq, bu əsasda ölkədə güclü aqrar-sənaye kompleksi yaratmaq, həm ərzaq bolluğuna nail olmaq və bu sahənin ixrac imkanlarını xeyli artırmaq, ildə orta hesabla 2-3 milyard dollara çatdırmaq olar. 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi, bundan sonrakı illərdə də aqrar sahənin davamlı inkişafının ölkəmizdə əsas prioritetlərdən birinə çevirib. Aqrar sahədə qarşıda duran əsas məqsəd kənd təsarrüfatında əmək məhsuldarlığını yüksəltmək, istehsalın səmərəliliyini xarakterizə edən digər göstəriciləri yaxşılaşdırmaqla əhalini daxili istehsal hesabına kənd təsərrüfatı məhsulları ilə təmininatını daha da artırmaq və bu sahənin ixrac imkanlarından geniş istifadə etmək və onu əsas gəlirli sahələrdən birinə çevirməkdir. Həmin məqsədlərə nail olmaqdan ötrü optimal müddətdə bir neçə istiqamətlərdə sistemli tədbirlərin həyat keçirilməsi obyektiv zərurətə çevrilib. Birincisi, Azərbaycanda güclü Aqrar-Sənaye Komplekslərinin yaradılması üzrə üzunmüddətli strategiyanın və xüsusi dövlət proqramının, o cümlədən onun ayrı-ayrı komponentlərinin inkişafının sürətləndirilməsinə yönəlik stimullaşdırıcı proqramların və tədbirlər paketinin hazırlayıb, optimal müddətdə həyata keçirilməsinin təmin edilməsi. İkincisi, mövcud tədbirlər planlarında prioritetlərə yenidən baxılması. Aqrar sektora yalnız istehsal baxımından yox, həm də demoqrafik, əmək resursları, ekoloji, ətraf mühitin və s. bu kimi iqtisadi və sosial xarakterli problemlərin həllini yerinə yetirən çox istiqamətli mürəkkəb sistem kimi baxılması. Aqrar sahədə mülkiyyət münasibətlərindəki problemlərin aradan qaldırılması, torpaqdan, sudan, qabaqcıl texnika və texnologiyadan, mütərəqqi aqrotexniki üsullardan səmərəli istifadə mexanizmlərinin qurulması və kənd təsərrüfatında əmək məhsuldarlığının yükəsldilməsi, istehsalın səmərəliliyini xarakterizə edən digər göstəricilərin yaxşılaşdırılması və ixracın artırılması kimi məsələrin önə çəkilməsi. Üçüncüsü, ölkənin əkin sahələri və kənd təsərrüfatı içün yararlı torpaqlarından istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi. Dördüncüsü, meliorasiya və su təsərrüfatının fəaliyyətinin səmərəlilyinin artırılması istiqamətində təsirli tədbirlərin görülməsi. Beşincisi, aqrar sahədə torpağın münbitliyinin və məhsuldarlığının artırılmasının maliyyə dəstəyinin gücləndirilməsi. Altıncısı, kənd təsərrüfatına yönəldilən dövlət vəsaitindən öz təyinatına görə istifadənin səmərəliliyinin artırılması. Fermerlərin qarşılaşdığı süni maneələrin aradan qaldırılması, onlar üçün stimullaşdırıcı qiymət, maliyyə-kredit, dövlət dəstəyi, sığorta və s. kimi məsələlərin həllinə yönəlik işlək mexanizm hazırlanıb həyata keçirilməsi. Valyuta ehtiyatlarımızın cizi bir hissəsi və digər sərfəli maliyyə resursları cəlb etmək hesabına güclü Aqrar-Sənaye Bankının yaradılması və kənd təsərrüfatının əlverişli şərtlərlə kreditləşdirilməsi işinin genişləndirilməsi. Yeddincisi, fermerlərin sahibkarlıq fəaliyyətin və kooperasiya əlaqələrinin dəstəklənməsi. Səkkizinci, son vaxtlar Bakıda və digər şəhərlərdə iş yerlərini itirib rayona dönərək kəndlərdə qalıb, işləmək istəyənlərə hərtərəfli dövlət dəstəyinin göstərilməsi. Doqquzuncu,kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi". Əli Məsimli qeyd edib ki, aqrar sahədə əlverişli investisiya mühitinın yaradılması, fermerlərin qarşısındakı bütün süni maneələrin aradan qaldırılması, sağlam sahibkarlıq və kooperasiya münasibətlərinə geniş meydan verilməsi vacib şərtlərdən biridir. Millət vəkilinin sözlərinə görə, hökümətin yeni şəraitdə yerli və xarici sərmayədarları aqrar sahəyə yeni sərmayələr qoymağa, yeni layıhələr həyata keçirməyə, kənd təsərrüfatı üçün yararlı torpaqların dövriyyəyə cəlb edilməsinə, mütərəqqi təcrübəni, texnika və texnologiyanı, qabaqcıl əkinçilik mədəniyyətini tətbiq etməklə istifadəsiz torpaqlarımızdan da səmərəli istifadə etməyə inandırması və həvəsləndirməsi lazımdır: "Kənd təsərrüfatı məhsullarının ixracı qarşısındakı maneələrin, o cümləsən süni maneələrin aradan qaldırılması, birbaşa və dolayı stimullaşdırıcı tədbirlərin həyat keçirilməsi, ixrac potensialının artırılması üçün yerli istehsalçılar tərəfindən böyük sahələrdə yeni meyvə bağları salınmasının və tərəvəz ixracını artırmaqdan ötrü istixanalar yaradılmasının dövlət tərəfindən dəstəklənməsi, tərəvəz yetişdirilən istixana sisteminin genişləndirilməsinə yönəlik təşviqləndirici tədbirlərin həyata keçirilməsi, o cümlədən güzəştli qiymətlərlə qaz və enerji təchizatının tətbiqi də diqqət yetirilməli olan məqamlardandır. Dövlət dəstəyi ilə ixrac bazarlarında logistik mərkəzlərin qurulması işinin sürətləndiriləsi və genişləndirilməsi, ixrac məhsullarının keyfiyyətinə nəzarət sisteminin inkişaf etdirilməsi üçün ölkədəki laboratoriyaların müasirləşdirilməsi və beynəlxalq akkreditasiyasına nail olunması, müasir istixana kompleksi, intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, logistika, aqroservis, satış və digər infrastruktur müəsissələrini özündə birləşdirən aqroparkların yaradılması və s. lazımdır. Bütün bu tədbirlərin optimal müddətdə və sistemli şəkildə həyata keçirilməsi aqrar sahənin potensialından səmərəli istfadə etmək və müasir texnologiyaların mütərəqqi təsərrüfatçılıq üsullarının tətbiqi yolu ilə kənd təsərrüfatının intensiv inkişafına nail olmaqla qısa bir zaman ərzində ciddi sosial-iqtisadi effektlər götürülməsinə, ölkədə yerli istehsal hesabına təlabatı dolğun şəkildə ödənilməsinə, ixracın maksimum dərəcədə artmasına, kənd təsrrüfarının ölkəyə böyük valyuta gəturən sahəyə çevrilməsinə, kəndlərin simasının əsaslı surətdə dəyişməsinə və kənd əhalisinin güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarar".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31