Kreditlərin alternativ üsulla qaytarılması
Müştərilərin əmlaklarının əlindən alınmasına son qoya bilər
20 İyun 2016 13:21 İqtisadiyyatAzərbaycanda vaxtı keçmiş kreditlərin həcmi ilbəil artmaqda davam edir. Bankların ən sərt inzibati metodlara əl atmalarına baxmayaraq vaxtı ötmüş kreditlərin qaytarılması müşkül məsələyə çevrilib. Bana baxmayaraq hazırda problemli kreditlərlə bağlı qeyri-müəyyənliyin yarandığı müşahidə olunur. Belə ki, banklar borclunun biləvasitə özünü və yaxud zamin durmuş şəxsi məhkəməyə verməklə kreditin ödənilməsini təmin etməyə çalışır. Hətta bu məqsədlə böyük həcmli daşınar və daşınmaz əmlakın müsadirəsi məsələsi ortya çıxmış olur. Əldə etdiyimiz digər məlumata görə, məhkəmələr müxtəlif bəhanələrlə bu cür iddiaların qəbulundan imtina edirlər. Məsələ orasındadır ki, problemin sivil yolla həllinin mümkün olmaması müxtəlif kriminal hadisələrin baş verməsilə nəticələnir. Təsadüfi deyil ki, son günlər kredit borcuna görə intihar edənlərin sayı artmaqda davam edir. Artıq demək olar ki, mətbuatda hər gün belə xəbərlərin şahidi oluruq. Bu isə o deməkdir ki, borclunu intihar həddinə çatdıran gizli məqamlar mövcuddur. Üstəlik, banklara borclu olan insanların sayı kifayət qədərdir. Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin may ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18758,7 milyon manat təşkil etmiş, onun 14555,5 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il may ayının 1-i ilə müqayisədə 8,9 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,4 faizini təşkil etmişdir. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il may ayının 1-nə 7685,0 milyon manat təşkil etmişdir. Belə halda, borclu məhkəməyə qədər kreditin ödənilməsini necə təmin edə bilər?
Ekspertlər hesab edirlər ki, beynəlxalq praktikada kreditlərin məhkəməyə qədər ödənilməsi praktikası mövcuddur. Odur ki, son zamanlar bütün dünyada geniş yayılmış kredit sistemi Azərbaycanda da tətbiq edilməkdədir. Buna baxmayaraq, ölkəmizdə insanların banklar və kredit təşkilatlara olan borclarının həcmi artmaqda davam edir. Sözügedən problem o qədər dərinləşib ki, artıq kreditlərin qaytarılması ilə əlaqədar məhkəmə çəkişmələrinin sayı xeyli artıb. Məhz bunun nəticəsidir ki, banklardan asılı vəziyyətdə qalan insanların əmlakları allərindən alınır. Baxmayaraq ki, müasir dövrdə kredit şəklində verilmiş pul vəsaitlərinin geri qaytarılmasının alternativ üsullarla təmin olunması kifayət qədər geniş yayılmışdır. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev bildirir ki, ümumi olaraq borcun qaytarılmaması hallarına əsas borc və ona hesablanmış faiz borcu aid etmək olar. Bir çox inkişaf etmiş ölkələrdə bu cür borcların qaytarılması ilə bağlı məhkəməyə qədərki kollektor praktikası müsbət nəticələr verir: "Kreditorlar, müştərilərin müqavilə öhdəliklərinin vaxtında yetirilməməsi nəticəsində onları birbaşa olaraq məhkəməyə vermək əvəzinə, onlarla özləri əlaqə yaradır və borcların sivil yolla qaytarılmasın təmin edirlər". Hüquqşünas Əliyevin dediyinə görə, dünya praktikasına əsasən, borcun məhkəməyə qədər qaytarılması prosesi 2 mərhələyə bölünür. Birinci mərhələ "soft collection" adlanır. İlkin mərhələdə borclu olan şəxslər borcların verilməsilə bağlı öhdəlikləri barədə məlumatlandırılır və ödənişin edilməsi faktı əsaslandırılır. Vaxtı ötmüş borcla işin ilkin mərhələsi borclu şəxslər və zaminlərlə distant əlaqədən ibarətdir (telefon zəngləri, SMS, xəbərdalıq məktublarının göndərilməsi). Bu mərhələdə borclu şəxslərin 40%-i borclarını qaytarır. İkinci mərhələ "hard collection" adlanır. Bura borclu şəxslər və zaminlərlə əlaqə proseduru daxildir (görüşlər, borclu şəxsin yaşayış, iş yeri üzrə axtarışı və s.). Hüquq məsləhətçisi bildirir ki, təbii ki, tərəflər arasında razılaşma mümkün olmadıqda, kreditor borcluya qarşı borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Kreditorun lehinə çıxarılan və icraya yönəldilən məhkəmə qərarının icrası bilavəsitə məhkəmə icraçıları tərəfindən həyata keçirilir. Lakin bu cür yanaşma borclunun vəziyyətini bir qədər də ağırlaşdırır, çünki kreditor borcla yanaşı həm də hüquqi xidmət haqqını müştəridən tələb edəcəkdir. O deyib ki, borcların məhkəməyə qədər geri qaytarılması üzrə geniş yayılmış üsullardan biri də kollertor agentliyinə müraciətdir. Kollektor agentliyi kreditor və borclu şəxs arasında vasitəçilik rolunun oynayır və borcun qaytarılması üzrə aparılan işə görə kreditordan haqq olaraq müəyyən faiz alır: "Qeyd edim ki, ölkəmizdə bu cür faəliyyət göstərən ilk Kollektor agentliyi 2011-ci ildə yaradılmışdır. Ümumiyyətlə hesab edirəm ki, ölkəmizdə kollektor fəaliyyətinin inkişafı həm borcluların öz borclarını vaxtında ödəməyə, bununla məhkəmələrin iş yükünün azalmasına səbəb olacaqdır". Hüquqşünas bildirib ki, qeyd olunan mövzu ilə bağlı borcların digər bir alternativ yolla ödənilməsi praktikası da mövcuddur. Bu, əsasən hüquqi şəxslər arasında yaranan münasibətlərə aiddir. Belə ki, əldə edilən məhsul və ya xidmətlərə görə borcu yaranan hüquqi şəxs bunun əvəzini tərəflərin razılaşmasına əsasən, eyni qiymətdə xidmətlər təklif etməklə "ödəyir". Bu cür praktika borcun ödənilməsilə yanaşı, tərəflər arasındakı münasibətlərin yenidən bərpa olunmasına da zəmin yaradır.
Alim