Dövlət Əmlak Komitəsi gözləntiləri döğrulda bilmədi

Fikrət Yusifov: “Bu səbəbdən Prezident özəlləşmənin davamını Əmlak Komitəsinə etibar etmədi”

Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşmədi. Həm iqtisadi, həm də maliyyə sahəsində baş verən arzuedilməz situasiya adekvat tədbirlərin görülməsini zərurətə çevirirdi. Bu zərurəti yaxşı dərk edən Azərbaycan hökuməti bir sıra sahələrdə, eləcə də özəlləşdirmə sahəsində müəyyən addımlar atmağa başladı. Belə təbdirlərdən biri də cari ilin may ayında dövlət əmlıakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi istiqamətində atılan addım idi. Ötən müddət ərzində bu istiqamətdə görülən işlər, qarşıda duran vəzifələrlə bağlı "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar

Birliyinin sədri, iqtisad elmləri doktoru, Fikrət Yusifov fikirlərini bölüşüb. O, bildirib ki, son 10 ildən artıq vaxt ərzində aparılmış özəlləşmə Azərbaycan iqtisadiyyatına gözlənilən səmərəni verə bilmədi. Elə bu səbəbdəndir ki, cari ilin may ayının 19-da Prezident dövlət əmlakının özəlləşdirilməsi prossesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzaladı. Fikrət Yusifovun sözlərinə görə, ölkə başçısının bu Fərmanı, onun Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsində indiyə qədər olan fəaliyyətinə verdiyi qiymət idi: "Fərmanla praktik olaraq Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsindəki fəaliyyəti dayandırıldı. Buna səbəb nədir? Nə üçün dövlət başçısı bundan sonra dövlət əmlakının özəlləşdirilməsi işini bu Komitəyə etibar etmək istəmədi? Çünkü hökumət dövlət əmlakının özəlləşdirilməsinin iqtisadiyyata ciddi töhvələr verəcəyini gözləyirdi. Bu isə baş vermədi, Dövlət Əmlak Komitəsi bu gözləntiləri döğrulda bilmədi. Komitə tərəfindən illər öncə özəlləşdirilən əksər dövlət müəssisələrinin fəaliyyəti bu gün yox dərəcəsindədir. Çünkü Əmlak Komitəsi bu obyektləri özəlləşdirərkən onların sonrakı taleyinin necə olacağının fərqində olmayıb. Elə bu səbəbdəndir ki, hazırda ölkənin müxtəlif bölgələrində özəlləşdirildikdən sonra qapılarına qıfıl vurulmuş onlarla müəssisələrə rast gəlmək mümkündür. Bəs əslində özəlləşdirmə necə aparılmalı idi?". İqtisadçı deyir ki, əslində özəlləşdirmə ilk növbədə bu müəssisələrin müəyyən müddətdən sonra yenidən qurularaq fəaliyyətə başlamasını nəzərdə tutmalı idi: "Belə olduğu tədqirdə, bir müddətdən sonra fəaliyyətə başlayacaq müəssisələr ölkə iqtisadiyyatına kifayət qədər töhvə verə bilərdi. Ona görə də belə müəssisələri özəlləşdirərkən ilk növbədə onların alıcıları ilə özəlləşdirilən müəssisələrin fəaliyyətini təmin edən şərtləri nəzərdə tutan konkret müqavilələr imzalanmalı idi. Müqavilələrin tələblərini yerinə yetirməyən, əmlakın yeni sahiblərinə qarşı isə ciddi sanksiyalar - hətta əmlakın alışı üçün ödənilmiş məbləği geri qaytarmadan, onun təkrar özəlləşdirilməyə çıxarılaraq, başqasına

satılması kimi sərt şərtlər müəyyənləşdirilməli idi. Lakin təssüflər olsun ki, dövlət əmlakının özəlləşdirilməsinə və bu zaman ilk növbədə dövlətin hərtərəfli maraqlarını təmin etməyə məsul olan Dövlət Əmlak Komitəsi, son illər öz fəaliyyətində bu kimi ciddi maraqları qapı arxasında qoydu. Bir sözlə, Komitə və onun rəhbərliyi dövlət əmlakının özəlləşdirilməsində dövlətin maraqlarını lazımınca qorumağa borclu olduğu halda, bu borcu "tamamilə yaddan çıxarıb", dövlətə məxsus müəssisələri "qalıq dəyəri" ilə onların real bazar dəyərindən dəfələrlə aşağı qiymətə reallaşdırmaqla həm də dövlət büdcəsinə ciddi zərbə vurdu. Təbii ki, belə davam edə bilməzdi. Komitə rəhbərliyi belə yarıtmaz fəaliyyətin cavabını bir gün Prezidentin imzaladığı bu etimadsızlıq Fərmanı ilə almalı idi". "Ekonomiks" Betnəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri qeyd edib ki, Dövlət Əmlak Komitəsinin dövlət əmlakını özəlləşdirərkən yol verdiyi ciddi qanun pozuntuları ilə bağlı rəhbərlik etdiyi qurumun araşdırmaları davam edir və növbəti açıqlamalarda Dövlət Əmlak Komitəsinin dövlət əmlakını özəlləşdirərkən yol verdiyi ağılasığmaz pozuntulardan bəhs ediləcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31