Torpaqların kateqoriyası dəyişdirilir
Azərbaycan Prezidentinin təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı imzaladığı sərəncamla əlaqədar Vergi Məcəlləsinə edilən dəyişiklərə görə, istifadə edilməyən 1 hektar torpağa görə 1000 manat cərimə tətbiq olunmalıdır.
6 İyun 2016 13:56 İqtisadiyyatNazirlik araşdırma aparır
Azərbaycan Prezidentinin təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı imzaladığı sərəncamla əlaqədar Vergi Məcəlləsinə edilən dəyişiklərə görə, istifadə edilməyən 1 hektar torpağa görə 1000 manat cərimə tətbiq olunmalıdır. Bundan əlavə, İnzibati Xətalar və Cinayət məcəllələrindəki xüsusi müddəalara görə, torpaqdan təyinatı üzrə istifadə etməyənlərə qarşı cərimə və cəzalar da nəzərdə tutulub. Məsələ burasındadır ki, hazırda cərimə və cəzalardan yayınmaq məqsədilə qanunsuz əməllərə əl atılır. Belə ki, torpaqların kateqoriyası dəyişdirilərək təyinatı üzrə istifadədən yayınılır. Konkret faktlar mövcuddur ki, ölkənin müxtəlif bölgələrində - Daşkəsən, Gədəbəy, İsmayıllı, Quba, Göygöl və s. rayonlarda təyinatı üzrə deyil, məhz iri obyektlər, villaların tikintisi üçün istifadə edilən yüz hektarlarla ərazilər mövcuddur. Hətta bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da dəfələrlə iradları bildirərək, 200 min hektara qədər torpağın təyinatı üzrə istifadə edilmədiyini diqqətə çatdırıb. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, torpaqların əkin dövriyyəsinə cəlbolunma imkanlarının araşdırılması, su təminatının yaxşılaşdırılması, eyni zamanda istifadə vəziyyətinin öyrənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq icra hakimiyyəti orqanları - Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərilə birgə işçi qrupu səviyyəsində monitorinqlər həyata keçirilir: "Digər tərəfdən elektron kənd təsərrüfatı sisteminin yaranması ilə əlaqədar olaraq yeni ortofotoxəritələr yaradılır. Baza xəritələri əsasında isə artıq 4, 82 milyon hektar kənd təsərrüfatı təyinatlı ərazilərin ilkin coğrafi bazası yaradılıb. Beləliklə, 2015-ci ildən etibarən elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması praktiki mərhələyə qədəm qoyub. Bu sistem üzrə mühüm sınaqların aparılması həyata keçirilib. Xaçmaz, Quba, Samux və Göygöl rayonları üzrə pilot tədbirlərə başlanıb. Xaçmaz rayonunda fermerlərə aid torpaq məlumatları , habelə fermerlərə məxsus heyvanlar, kənd təsərrüfatı texnikası elektron məlumatlara daxil edilib. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinin bu sahədə instutsional potensial formalaşdırılır. Torpaqların təyinatı, hansı məqsədlər üçün istifadə ediləcəyi elektron formada öz əksini tapacaq. Digər tərəfdən isə işçi qrupu səviyyəsində monitorinqlər həyata keçirilir. Əkin üçün nəzərdə tutulmuş torpaqların tikinti məqsədilə istifadə olunmasına, hasarlanmasına görə məsuliyyətlər var. Digər tərəfdən torpaqların təyinatı üzrə boş qalmasına görə torpaq vergisinin bir neçə dəfə artırılması ilə bağlı məsələ Mili Məclisdə qaldırılıb və müzakirələr aparılır". M.Hacıyev bildirib ki, hələ 2015-ci il üçün keçirilən monitorinqlərin nəticələri məlum deyil: "Bu qeyd etdiyim kimi, müxtəlif qurumlarla birgə aparılır. Boş qalan, təyinatı üzrə istifadə edilməyən torpaq sahələrilə bağlı dəqiq rəqəm hələ məlum deyil". Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Azərbaycanda təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı vergi dərəcələrinin sərtləşdirilməsi ölkədə kənd təsərrüfatının inkişafına böyük təsir göstərəcək. Komitə sədrinin sözlərinə görə, burada əsas məqsəd təyinatı üzrə istifadə edilməyən torpaqların əkilib-becərilməsindən ibarətdir: "Vaxtilə Ulu Öndər Heydər Əliyev, eləcə də bələdiyyə və ya dövlət tərəfindən verilən torpaqlar var ki, onlar zəbt olunub. Ümumilli Lider tərəfindən verilən pulsuz torpaqlar əslində kənd təsərrüfatı məhsullarının əkilməsi üçün verilmişdi. Lakin nədənsə bu torpaqlar əkilmir, alver mənbəyinə çevrilir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidentinin təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı imzaladığı sərəncam çox düzgün qərardır. Bununla əlaqədar Vergi Məcəlləsinə edilən dəyişiklərə görə, istifadə edilməyən 1 hektar torpağa görə 1000 manat cərimə tutulacaq. Bundan əlavə, İnzibati Xətalar və Cinayət Məcəlləsində xüsusi müddəalara görə, torpaqdan təyinatı üzrə istifadə etməyənlərə qarşı cərimə və cəzalar tətbiq edilir". E. İbrahimov qeyd edib ki, hazırda ölkədə 200 min hektar torpaq təyinatı üzrə istifadə edilmir: "Bu torpaqlar dövriyyəyə cəlb olunmalı, kənd təsərrüfatı məhsulları əkilərək ölkənin ərzaq təhlükəsizliyi təmin olunmaqla yanaşı xarici bazarlara çıxış əldə etməliyik. Hesab edirəm ki, bu ölkə başçısı tərəfindən imzalanan sərəncamdan sonra torpağı olan hər kəs ondan düzgün istifadə etməklə kənd təsərrüfatının inkişafına xidmət göstərəcək".
Prezident İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına və müvafiq qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində tədbirləri gücləndirib. Komitə tərəfindən Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydləri keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. Həmçinin, monitorinqlər və torpaq reydləri zamanı mühafizə zonalarında müvafiq qurumlar tərəfindən torpaq ayrılması, vəzifəli şəxslər tərəfindən torpaq sahələri ilə bağlı qanunsuz qərarların verilməsi faktları araşdırılır. Aparılmış monitorinqlər nəticəsində məlum olub ki, bəzi hallarda torpaqlar təyinatına uyğun istifadə edilmir, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır. Bundan əlavə qanunla müəyyən edilmiş mühafizə zonalarında yaşayış və ya qeyri-yaşayış, meşə fonduna aid torpaq sahələrində kommersiya məqsədli obyektlər tikilir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanın Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunun tətbiq edilməsinə dair sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, dəyişikliklər təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsinin torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini və dövlət büdcəsinə ödənilməsini nəzərdə tutur. Bundan başqa, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisi dərəcəsinin 1 şərti bal üçün 0,06 manat müəyyən edilməsini və yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsini nəzərdə tutur.
Alim