Saatlıda sahibkarlara güzəştli kreditlər verilib
3 İyun 2016 14:21 İqtisadiyyatİyunun 3-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılmış pambıqçılıq üzrə iri fermer təsərrüfatında aparılan işlərə baxış keçirilib. Ümumilikdə indiyədək pambıqçılığın inkişafı ilə bağlı 270-ə yaxın sahibkara 59,4 milyon manat, o cümlədən 5 iri fermer təsərrüfatına 23 milyon manat, 250-dək kiçik və orta həcmli pambıqçılıq təsərrüfatına 2,6 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 milyon manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilib.