"Qara qəpiyə dəyməyən" qəpiklər: Pulumuzu kim dəyərdən salır?

Hər il "Təmiz Şəhər" ASC zibilliyə atılan yüz kiloqramlarla kiçik nominallı qəpikləri təmizləyərək Mərkəzi Banka təhvil verilir. Elə təkcə bu fakt kifayətdir ki, el arasında "qara qəpiklər" adlanan bu pulların işlənmədiyini və bir çox hallarda zibilliyə atıldığını sübut etsin. Əslində, qanuna görə, 1, 3, 5 qəpikliklər işlənməli olsa da, bir çox hallarda ictimai nəqliyyat vasitələri və ya mağazalar da bu qəpiklə ödəməni qəbul etmirlər. Bütün bunlar bir yana qalsın, paytaxtda quraşdırılan parkomatlar, ödəmə aparatları, hətta BakıKART terminallarında belə kiçik nominallı qəpiklərdən istifadə etmək mümkün deyil.

Virtualaz.org bildirir ki, ekspertlər hesab edirlər ki, kiçik nominallı qəpiklərin işləməməsinin ən əsas səbəbi bu qəpiklərin, demək olar ki, dəyərinin olmaması ilə bağlıdır. İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycanda kibriti nəzərə almasaq, ən ucuz malın qiyməti 10 qəpikdir:

"1, 3, 5 qəpik dəyərində Azərbaycanda əmtəə yoxdur. Bütün dünyada qiymətlər qalxdıqca, hökumətlər aşağı nominallı pulu dövriyyədən çıxarırlar. Bu gün Avropada da aşağı nominallı qəpik pulların dövriyyədən çıxarılması ilə bağlı düşünürlər. Dövri olaraq bu məsələ gündəmdə olur. İkinci tərəfdən, bu, bizdə mentalitetdən doğan bir məsələdir. Vətəndaşlarımızda, adəti üzrə, qəpik pula meyllik yoxdur, daha çox kağız pulu bəyənirik. Burada rahatlıq məsələsi də var. İnsanlar ciblərində qəpik pul gəzdirməyi xoşalmırlar. Üçüncüsü isə, bəzi mağazalar kiçik qəpikləri götürməkdə maraqlı deyillər. Çünki bəzilərinin dövriyyəsi bank sektorundan kənardır. Onlar iri nominallı pulları əldə etməyə üstünlük verirlər".

Ekspert hesab edir ki, bunun tək əlacı nağdsız ödənişlərin həcminin artırılmasıdır. Bu məsələ supermarketlərdə daha rahatdır. Çünki burada alış-veriş edən insanlar qəpiyinə qədər ödəyirlər. S.Əliyevin sözlərinə görə, qiymətlərin yuvarlaqlaşdırlmasına ehtiyac var ki, hər dəfə insanlar çətinliklə üzləşməsinlər. Belə problem bütün dünyada olsa da, bizdə mentalitetdən doğaraq daha qabarıq formada özünü göstərir: "Ödəmə aparatlarında ən aşağı nominal 1 manatdır. Burada qəpik pulların funksiyası qoyulsa, bəlkə də məsələ həllini tapar. Bu amillər də var və bunlar da nəzərdən keçirilməlidir. Əgər belə olarsa, insanlar əllərində olan qəpikləri gətirib həmin aparata yükləyər. Bəlkə də, məhz bundan qaçmaq üçün ödəmə aparatları və parkomatlarda kiçik nominallı pullardan istifadə olunmur". Mütəxəssis hesab edir ki, Mərkəzi Bank bu məsələyə nəzarəti artırmalı, bu məsələdə müəyyən normativlər nəzərdə tutulmalıdır. Mərkəzi bank ödəniş sistemlərinə dair standartlara dəyişiklik edə bilər. Çünki kiçik nominallı qəpik pullarla da ödəniş olmalıdır. Belə məcburi xarakter daşıyan standartlar qəbul edilməsə, problem bankların öz öhdəsinə buraxılsa, həllini tapmayacaq". "BakıKART" plastik kartlarının balansını artırmaq üçün nəzərdə tutulmuş terminallarda yalnız 10, 20, 50 qəpik dəyərində sikkələrdən, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı dəyərində əskinaslardan istifadə edilə bilər. Qurumdan bunu xırda qəpiklərin əhalidə çox olmadığı ilə izah edirlər. Həm də, xırda nominalların aparata tanıdılması əlavə xərcdir. Parkomatlarda 1, 3 5 qəpiklərin işlənməməsinə gəlincə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞIH) Xüsusi Təyinatlı Avtonəqliyyat Idarəsinin (XTAI) rəisi Həsən Abdullayevin virtualaz.org-a bu pulların dövriyyədə çox kiçik həcmdə olduğu ilə izah etdi. Gələcəkdə istifadəsinə gəlincə isə, idarə rəisi bildirdi ki, bu edilən müraciətlərdən asılıdır: "Əgər parkomatlarda kiçik nominallı pulların işlənməsi ilə bağlı müraciətlər olarsa, dövriyyəsi çox olsa, heç bir problem yoxdur, biz parkomatlarda bunların da istifadəsini təşkil edə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31