Elman Rüstəmovun yeni yalan şousu - təfsilat
29 May 2016 07:09 İqtisadiyyatBu günlərdə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov yenə manatın məzənnəsi barədə danışıb
Baş bankir bu dəfə də manatın məzənnəsinin sabitliyi barədə fikir bildirib. Onun sözlərinə görə, manat ilin sonuna qədər sabit məzənnədə olacaq: "Son vaxtlar milli valyutanın məzənnəsində sabitlik hiss olunur".
E.Rüstəmov qeyd edib ki, hamını manatla bağlı proqnoz maraqlandırır: "Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də "üzən məzənnə" rejimində öz dayanıqlığını axtarır. Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır". O bildirib ki, ilin əvvəlindən indiyə kimi Mərkəzi Bankın valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: "Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq". Onun sözlərinə görə, məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur.
Politika.Az olaraq apardığımız iqtisadi təhlillər və ekspert rəyləri onu göstərir ki, E.Rüstəmob növbəti dəfə insanlara yalan ümid verir. Ümumiyyətlə bu bəyanat qeyri-ciddidir. Çünki Elman Rüstəmov orada belə bir ifadə işlədib ki, manatın məzənnəsi neftin qiymətindən deyil, Neft Fondumuzun gəlirlərindən asılıdır. Yəni sual oluna bilər ki, bəs Neft Fondunun gəlirləri nədən asılıdır? Aydın məsələdir ki, Neft Fondunun gəlirləri neftin qiymətindən asılıdır. Əlbəttə, Neft Fondunun müəyyən cüzi bir gəliri var ki, o, mövcud ehtiyatların idarəedilməsindən əldə olunan gəlirdir. Elə böyük rəqəm deyil. Neft Fondunun gəliri neftin qiymətindən və neftimizin hasilatından asılıdır. Neftimizin hasilatının həcmi düşüb. Bunu Elman Rüstəmov hətta öz doktorluq əsərində, yəni dissertasiyasında qeyd edib. Rusiyada müdafiə etdiyi dissertasiyasında yazıb ki, Azərbaycanda neft hasilatının pik həddi 2011-ci ildə olacaq. Ondan sonra hasilat düşə-düşə gedəcək. Neftin qiymətinin də artımı ciddi şəkildə yoxdur. Belə şəraitdə Elman Rüstəmovun manatın məzənnəsinin Neft Fondunun gəlirlərindən asılı olmasını deməsi düzgün deyil. Digər tərəfdən də bəyanatda belə deyib ki, indiki iqtisadi vəziyyət belə deməyə əsas verir. İqtisadi vəziyyətimiz isə göz qabağındadır, iqtisadi vəziyyət pisləşir, iş yerləri bağlanır. Yəni ötən il ölkəmizin ticarət balansı, tədiyyə balansı müsbət idi, artıq mənfidir. Bu amil də var. Bilmirəm baş bankir nəyə əsasən o cür bəyanatlar verir.
Amma prinsipcə, devalvasiyanın olmayacağını deyəndən dərhal sonra devalvasiyaya gedən şəxsdən başqa söz gözləmək də olmaz. E.Rüstəmov 10 ay ərzində xalqa iki dəfə yalan söyləyən bir məmurdur. Elman Rüstəmov faktiki olaraq insanlara yalan danışıb. Bunun məcburiyyətdənmi doğub, yoxsa insanları aldatmaq istəyib söyləmək çətindir. Ancaq ən azından dediyi sözlərin həyata keçirilməsində problemlər olduğu ortadadır. Onun açıqlamasının tam əksi baş verib. Bu mənəvi məsuliyyət yaratmalıdır. Mərkəzi Bankın rəhbərliyi ən azı mənəvi məsuliyyətə görə, istefaya getməlidir. Eyni zamanda bir şeyi də nəzərə almaq lazımdır ki, Elman Rüstəmov rəsmi bir şəxs olduğu üçün onun sözlərinə inanıb, hərəkət edən on minlərlə insan ola bilər. Həmin şəxslərə də maddi ziyanlar dəyib. Artıq mənəvi yox, maddi ziyandan söhbət gedir. Belə olduğu təqdirdə insanlara dəyən maddi zərər üçün də Elman Rüstəmov məsuliyyət daşıyır. Ona görə də qeyd etdiyim kimi birinci addım olaraq istefaya getməlidir. Təkcə Elman Rüstəmov yox, bu kimi açıqlamalar verən digər məmurlar da istefa verib, hökumətdən getməlidirlər. Bu addımı gözləməyə Azərbaycan vətəndaşının haqqı var.