Bankların tamahkarlığı onların çoxunu çökdürmək həddinə gətirib çıxarıb

"Bütün forsmajor halları istisna olunmaqla, problemli kreditlərin yaranmasının başlıca səbəbi, bankların kredit verdikləri müştərilər haqqında bilərəkdən və ya bilməyərəkdən kifayət qədər məlumat əldə etməmələridir". Bu fikirləri "OLAYLAR"-a "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, yaranmış durumun səbəblərini araşdırılarkən bəlli olur ki, bizim banklar müştəriləri seçərkən heç onların barəsində ən adi informasiyaları da əldə etmək istəməyiblər: "Müştəri cəlb edərkən bir qayda olaraq kəmiyyət göstəricilərinə üstünlük verilib, keyfiyyət göstəricilərinin olduğu isə tamamilə unudulubdur. Belə "müştəri seçiminin" nəticələri göz qabağındadır. Bu üsulla " kreditləşmə" bu gün bank sistemini çox ciddi problemlərlə üz-üzə qoyub. Bankların tamahkarlığı və "kim daha çox kredit verərsə o da daha çox qazanar" kimi ağılsız bir şüarla bir-biriilə apardıqları yarışma, onların çoxunu çökdürmək həddinə gətirib çıxarıb.". Iqtisadçi deyib ki, bəzi nüfuzlu beynəlxalq maliyyə qurumları cari ilin sonuna banklardakı problemli kreditlərin 20-25%-ə qədər arta biləcəyini bəyan edirlər: "Əslində bir çox banklar artıq bu həddi çoxdan keçdiklərini yaxşı bilirlər. Sadəcə, gözləmə mövqeyi seçib, dövlətin onları bu bataqlıqdan nə vaxt və necə çıxaracağını gözləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31