Banklar defolt təhlükəsi ilə üzləşə bilər

Kommersiya qurumları əhalidən bahalı faizlə depozit qəbul edib, xarici borclarını bağlamağa çalışırlar Kredit verməyi dayandıran banklar yüksək faizli əmanətlərin faizlərini nə ilə qaytaracaqlar?
İqtisadçı ekspertlər bildirirlər ki, hazırda Azərbaycanda bankların yürütdüyü siyasət yaxın gələcəkdə maliyyə sektorunun çökməsinə gətirib çıxara bilər. Belə ki, kreditləşmənin məhdudlaşdırıldığı, dayandırıldığı bir dönəmdə bahalı depozit siyasəti yürüdürlər. Yüksək faizli depozitlər isə bankların hüquqi və  fiziki şəxslər qarşısında borc öhdəliyi deməkdir. Məsələn, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin birinci rübündə hüquqi və fiziki şəxslər tərəfindən banklara qoyulan depozitlərin həcmi 23.1 milyard manat təşkil edir. Onun təqribən 4.3 milyardı manatda yatırılıb. Qalan hissəsi xarici valyutaların payına düşür. 23.1 milyard manatın vəsaitin 7.8 milyardı əhalinin payına düşür. Əlbəttə, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım olsa da, bu ilin əvvəlindən etibarən azalma müşahidə edilməkdədir.

Kredit portfelinə gəlincə, bu ilin birinci rübündə 19,6 milyard manat təşkil edib. Həm ötən ilin müvafiq dövrü, həm də bu ilin əvvəli ilə müqayisədə azalma müşahidə olunsa da, depozitlərin həcmindən aşağıdır. Bu o deməkdir ki, bankların borcu onların gəlirlərini üstələyir. Belə bir vəziyyətdə bankların bahalı depozit siyasəti yürütməsi çoxlu risklər yaradır. Məsələn, ölkənin ən iri banklarının cəlb etdiyi depozitlərin illik faizlərinə nəzər yetirək: "Bank of Baku" manat əmanətlərini 12-9 faiz arası cəlb edir. "AtaBank" 10.5 faizlə, Azərbaycan Beynəlxlq Bankı  8 faizlə, "Kapital Bank" 12 faizlə, "AccesBank" illik müddət üçün 11-15 faizlə vəsait cəlb edir. Daha sonra "Yapı Kredit Bank" 14 faizlə, "Unibank" 13.5 faizlə, "TuranBank" isə 13.4 faizlə əmanətçilərə gəlir vəd edir.
Dollarla cəlb edilən depozitlərin faizləri əsasən 3 faizin altındadır. Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən banklara yatırılan və 12 faizədək bütün əmanətlər sığortalanır. Bu faizdən yuxarı depozitlərin taleyi isə təhlükəlidir. Nəzərə alsaq ki, bankların əsas gəliri kreditlərdən gələn faizlər hesabına formalaşırdı. Yəni əmanətləri kredit şəklində hüquqi və fiziki şəxslərə verərək, gəlir götürməyə çalışırdı. İndi kreditlərin dayandırıldığı bir ərəfədə onların belə bahalı borca getməsi narahatlıq yaradır. Sual oluna bilər ki, gəlir gətirə bilməyən bu borc kapitalı üçün banklar dividendləri hansı gəlir mənbələri üzrə ödəyə bilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a şərhində bildirdi ki, kreditləşmənin məhdudlaşdığı bir dönəmdə əmanətlərin yüksək faizlə cəlb olunması maraq doğuran bir məsələdir: "Bunun bir neçə səbəbi var. Birincisi, rəsmi statistikadan göründüyü kimi, əmanətlərin banklardan geri çıxarılması kəskin artıb. Xüsusilə, birinci devalvasiyadan sonra bank sektoruna inam aşağı düşüb. İkinci devalvasiyanın ardınca 6 bankın bağlanması ilə bağlı çıxan qərarı, həmçinin ölkənin iri maliyyə təşkilatları olan Beynəlxalq Bankın və "Bank Standard"ın vəziyyəti bu sektora inamı tamamilə öldürdü. Vətəndaşlar, biznes qurumları öz depozitlərini geri çəkməyə cəhd göstərirlər. Likvidiklik problemi yaşanmaqdadır. Ola bilsin ki, banklar manatla əmanətləri cəlb etmək üçün likvidikliyi müəyyən qədər artırmaq, depozitlərini geri istəyən vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirməyə cəhd edirlər.

İkinci məqsəd manatla vəsaitlə cəlb etməklə, xüsusilə manatın məzənnəsində olan riskləri nəzərə alaraq, xarici valyutada olan öhdəlikləri vaxtında icra etməkdir. Vətəndaşların əmanətlərinin qaytarılmasını zamanla ertələmək mümkün olsa da, beynəlxalq maliyyə təşkilatlarına qarşı bunu etmək çətindir".

R.Həsənova görə, faizləri artıran əsas məqamlardan biri əmanətlərin riskli hesab olunmasıdır: "Vətəndaşların böyük əksəriyyəti banklarda əmanət yerləşdirməkdə maraqlı görünmür. Banklar bir yolla zaman qazanmağa çalışırlar. Vaxtı çatmış öhdəliyi yerinə yetirmək üçün daha bahalı borc altına gedirlər. Bankların əldə etdikləri gəlirin 70-75 faizdən çoxu kredit faizlərindən yaranırdı. Hazırda kreditləşmənin məhdudlaşması nəticəsində gəlir əldə etmədiyini, əvəzində isə bahalı borca gedilməsini nəzərə alsaq, böyük problem yarana bilər. Xüsusilə, bank sektorunun xilası, problemli kreditlərin həlli üçün konseptual yanaşma ortaya qoyulmazsa, çox qısa müddət ərzində  bu sahədə silkələnmə olacaq. Bankların kapitalı tükənmək üzrədir, likvidiklik aşağı düşüb, digər gəlir mənbələri onların xərclərini kompensasiya etmək gücündə olmadığı üçün onlar ciddi zərərlə üzləşəcəklər. Bu proseslər müəyyən müddət davam edərsə, sözügedən maliyyə təşkilatlarının öz kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsinə, defoltuna gətirib çıxara bilər".
İqtisadçı hesab edir ki, yüksək faizlə qəbul edilmiş əmanətlərin batması təhlükəsi də getdikcə böyüyür: "Hətta Əmanətlərin Sığortalanması Fondu hazırkı yaranmış vəziyyətdə öhdəliklərini yerinə yetirmək üçün Mərkəzi Bankdan borclandı. "Bank Standard"ın xilas edilməsinin də əsas səbəbi buradan qaynaqlanır. Bankın böyük bir depozit portfeli var idi və onların çoxu sığortalanıb. Bank defolt olacağı təqdirdə, Fond tərəfindən onların qaytarılmasında təzyiqlərlə üzləşəcək. Təqribən 300-500 milyon manat həcmində Mərkəzi Bankdan borclanmaya getməli olacaq. Növbəti dövrdə Fondun bu borc öhdəliklərini yerinə yetirmək imkanları da məhduddur. Digər tərəfdən banklara əmanətlərin yerləşdirilməsinin azalması Fondun gəlirliliyini də aşağı salır. Bu baxımdan yanaşdıq, əmanətlər üçün ciddi risklər olduğunu görərik. 6 bank bağlanarkən şahid olduq ki, ilk növbədə sığortalanmış əmanətlərin geri qaytarılmasına üstünlük verdik. Sığortalanmayan əmanətlərin taleyi isə bankın aktivlərinin likvidikləşməsindən asılıdır. Əgər kredit portfelinin çox böyük hissəsi problemlidirsə və onların geri yığılmasında ümidsizlik varsa, o zaman sığortalanmayan əmanətlərin batması təhlükəsi var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31