İş adamları, sahibkarlar da üzlərini 180 dərəcə dövlətə tərəf çevirməyi bacarmalıdırlar

Fikrət Yusifov: “Hər bir məsələdə olduğu kimi burada da münasibətlərin qarşılıqlı olması vacibdir”

"Bu gün hansısa ticarət obyekti öz rəsmi dövriyyəsini 40 dəfəyə qədər gizlədib vergidən yayınırsa və vergi güzəşti əldə etmək üçün dövlətin üzərinə yeriməyə cəhd edirsə, belələrini mütləq cəzalandırmaq lazımdır"

Bu günlərdə Prezident İlham Əliyev Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" nu təsdiq etdi. Sözügedən qanunun təsdiq edilməsi cəmiyyətdə, hətta bir sıra iqtisadi ekspertlər tərəfindən müstəlif cür yozuldu, şərh verildi. Bəs görəsən reallıqda qeyd edilən qanunun təsdiq edilməsi nəyi özündə ehtiva edir? Bu iş adamları üçün hansı müsbət amillərə səbəb olacaq?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, əslində bu sahibkarlara, iş adamlarına iqtisadi amnistiya verən bir sənəddir. Onun sözlərinə görə, dəyişikliklər iş adamlarına diqqətsizlik, səhv və hətta səhlənkarlıq nəticəsində dövlətə vurduqları zərərə görə cinayət məsuliyyətindən maksimum uzaq ola bilmək şansı verir: "Nələrdən ibarətdir bu dəyişikliklər? İlk öncə buna qədər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan "xeyli miqdar" və "küllü miqdar" anlayışlarına məbləğ etibarilə yeni yanaşım edilir. Köhnə qaydalar ilə "xeyli miqdar" dedikdə 1000 manatdan 7000 manata qədər olan məbləğ başa düşülürdüsə, yeni qaydalarla bu rəqəmin minumum həddi 20 dəfə artırılaraq, 1000 manatdan 20 000 manata, maksimum həddi isə 14,3 dəfə artırılaraq, 7000 manatdan 100 000 manata çatdırıldı. Eyni qayda ilə "küllü məbləğ" kimi müəyyənləşdirilən və Cinayət Məcəlləsinin "İqtisadi Cinayətlər " bölməsindəki əksər maddələr üzrə tətbiq edilən 7000 manatdan artıq olan məbləğin də dəyişdirilərək minimum həddi 100 000 manatdan yuxarı ola biləcək məbləğlə əvəzləşdirildi. Cinayət Məcəlləsinin 213-cü "Vergi ödəməkdən yayınma" maddəsinin "qeyd" hissəsində nəzərdə tutulan və 2000 manatdan 50000 manata qədər olan "xeyli miqdar" kimi və 50 000 manatdan yuxarı olan "küllü miqdar" kimi müəyyən edilmiş məbləğlər də müvafiq olaraq 20 000 manatdan 100 000 manata qədər və 100 000 manatdan artıq olan məbləğlə əvəzləşdirildi. Burada da minimum və maksimum hədlər 2 dəfədən 10 dəfəyə qədər artırıldı". İqtisadçı hesab edir ki, Cinayət Məcəlləsində edilən və əslində sahibkarlara, iş adamlarına

daha çox üstünlük gətirən ən maraqlı yenilik isə onlara vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğulluğa görə yayındırılmış məbləğin və dövlətə vurulmuş zərərin bir neçə mislini büdcəyə ödəməklə cinayət məsuliyyətindən azad olmaq şansının verilməsindən ibarətdir: "Məsələn, Cinayət Məcəlləsinin 213-cü "Vergi ödəməkdən yayınma" maddəsinin sanksiya nəzərdə tutan 213.1 bəndinin əvvəlinə "cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə" ödəməyi nəzərdə tutan əlavə, vergi ödənişi üzrə qanunu pozduğuna görə əslində cinayət məsuliyyətinə cəlb edilməli olan iş adamına vurduğu ziyanın 2-4 mislini ödəməklə cinayət məsuliyyətindən qurtarmaq imkanı yaradır. Bu kimi dəyişikliklər Cinayət Məcəlləsinin bir çox digər maddələrinə də edilən yeniliklərdir. Bir sözlə bütün bu dəyişikliklər iş adamlarını diqqətsizliyə, səhvlərə və hətta bəzən səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb edilməkdən qurtarmağa yönəli addımlardır".

Bəs dövlətin, ölkə başçısının bu addımlarına iş adamları, sahibkarlar necə cavab verəcəklər? Fikrət Yusifov bildirib ki, bu çox ciddi bir məsələdir: "Əgər vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğul olmaq kimi cinayət tərkibli əməllərə görə dəymiş ziyanın məbləğini dövlət 10-20 dəfəyə qədər artırısa və eyni zamanda bunun bilərəkdən və ya bilməyərəkdən baş verməsinin fərqinə varmadan, dəymiş ziyanın bir neçə misli qədər ödənişi qəbul edib, iş adamını, sahibkarı cinayət məsuliyyətindən qurtarırsa, deməli iş adamları, sahibkarlar da üzlərini 180 dərəcə dövlətə tərəf çevirməyi bacarmalıdırlar. Bu gün sahibkar da iş adamı da başa düşməlidir ki, hər bir məsələdə olduğu kimi burada da münasibətlərin qarşılıqlı olması vacibdir. Əgər sahibkar, iş adamı bu gün onun üçün yaradılan bu münbit şəraiti düzgün qiymətləndirə bilməsə və dövlətin bu addımlarını ona "vergidən daha çox yayınmaq" və "daha çox qanunsuz fəaliyyətlə məşğul olmaq" şansı kimi dəyərləndirərsə, bir müddətdən sonra bunun acı nəticələrinin ola biləcəyini də göz önünə gətirməlidir. Yəni belə olarsa, onda dövlət verdiyi bu şansı haqlı olaraq ciddi cəzalarla əvəzləyə bilər. Odur ki, bu gün bu məsələ hər bir iş adamını, sahibkarı dərindən düşündürməlidir. Hər kəs dövlətin bu addımlarından sonra büdcə qarşısında vergi borclarını ödəmək məsələsində maksimum intizamlı olmalıdır. Necə ki, dövlət cinayət halı yarada bilən məbləği 10-20 dəfəyə qədər artıraraq iş adamının, sahibkarın vəziyyətini yüngülləşdiribsə, iş adamı da, sahibkar da bunun qarşılığını dövlətin büdcəsinə vergi borcunu ödəmək sahəsində öz məsuliyyətini bir o qədər artırmaqla verməlidir. Bu gün hansısa ticarət obyekti öz rəsmi dövriyyəsini 40 dəfəyə qədər gizlədib vergidən yayınırsa və hələ bu az imiş ki, vergi güzəşti əldə etmək üçün dövlətin üzərinə yeriməyə cəhd edirsə, deməli belələrini mütləq cəzalandırmaq lazımdır. Beləsinə heç bir güzəşt ola bilməz".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31