Azərbaycan iş adamı ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə investisiya qoymaqda daha güvənli görünür

Fikrət Yusifov: “Son bir ilə yaxın vaxt ərzində ölkədə azad sahibkarlığın inkişafının sürətləndirilməsi, onun qarşısında əngəl olan neqativ məqamların aradan qaldırılması istiqamətində qəbul edilən qərarlar kifayət qədər müsbət dəyişikliklərin baş verməsinə səbəb olub”

Bu günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilməsi müəyyən edilib. Dövlət başçısı həmçinin dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman da imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Prezidentin imzalamış olduğu hər iki fərman istər iqtisadçılar, istərsə də sahibkarlar tərəfindən təqdir edilib. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birlyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov dövlət başçısının imzalamış olduğu fərmanlarla bağlı fikirlərini bildirərkən "OLAYLAR"-a deyib ki, sözügedən fərman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və onların qərarları əsasında inşa edilmiş, lakin tikinti layihəsi öncədən ekspertizadan keçirilməmiş, müəyyən ölçülərə malik qeyri-yaşayış binalarına aiddir: "Fərmana əsasən bu tikililərin sahibləri obyektlərinin müvafiq qaydada Fövqaladə Hallar Nazirliyi tərəfindən ekspertizadan keçirilməsi üçün müraciət etməli, nazirlik icə bu müraciətə 20 gün müddətində cavab verməlidir. FHN-dən alınmış cavabla (təbii ki, əgər cavab müsbət olarsa) tikili sahibi obyektin istismara verilməsinə rəsmi icazə almaq üçün yerli icra hakimiyyətinə müraciət etməlidir. Yerli icra hakimiyyəti orqanı isə 5 gün müddətində bu razılığı verməyə borcludur. Fərmanda məsələlərin qoyluşundan göründüyü kimi, burada əsas məqsəd belə tikililərin istismara verilməsi sahəsində yaranan əngəlləri aradan qaldırmaqdan ibarətdir. Fərmanla həm Fövqaladə Hallar Nazirliyi və həm də yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunacaq məsələlərin konkret müddətləri müəyyən olunub. Bu qəbildən olan qərarlar mahiyyət etibarilə ölkədə azad sahibkarlığın inkişafına maneə ola biləcək bütün neqativ halların aradan qaldırılmasını hədəfləyir. Buna görə də ölkə başçısının imzaladığı bu Fərmana, azad sahibkarlığın inkişafı istiqamətində son bir ilə yaxın vaxt ərzində ardıcıl olaraq qəbul edilən qərarların davamı kimi baxmaq lazımdır". Fikrət Yusifov deyib ki, bu qəbil qərarların qəbulunda məqsəd ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafına nail olmaq və onun neftdən asılılığını minimuma endirməkdən ibarətdir. Birlik rəhbəri deyib ki, dövlət başçısının müntəzəm olaraq imzaladığıı fərman və sərəncamların ölkədə sahibkarların normal şəraitdə fəaliyyətinə də imkan yaradır və stimul verir: "İş adamları arasında apardığımız sorğular onu deməyə əsas verir ki, son bir ilə yaxın vaxt ərzində ölkədə azad sahibkarlığın inkişafının sürətləndirilməsi, onun qarşısında əngəl olan neqativ məqamların aradan qaldırılması istiqamətində qəbul edilən qərarlar onların fəaliyyətində kifayət qədər müsbət dəyişikliklərin baş verməsinə səbəb olub. Bu gün Azərbaycan iş adamı ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə investisiya qoymaqda daha güvənli görünür. Bunu, eyni qaydada Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoymaq istəyən xarici iş adamları haqqında da demək mümkündür. İqtisadiyyatın real sektorunun inkişafı üçün formalaşan bu abu-hava bütöblükdə çox müsbət bir hal kimi dəyərləndirilməlidir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31