ƏDV-nin diferensiallaşması iqtisadiyyata hecə təsir edə bilər?
23 May 2016 14:17 İqtisadiyyatBir müddət öncə ölkədə fəaliyyət göstərən bir neçə supermarket sahibləri İqtisadiyyat Nazirliyinə müraciət edərək əlavə dəyər vergisinin (ƏDV) 0-a endirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edilməyisi xahiş etmişdilər. Müraciətdən dərhal sonra Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə Azərbaycanda əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılmasından söhbət açılırdı. Sənədə görə, istehlakın daxili istehsal hesabına təmin olunması və əlavə dəyəri yüksək olan hazır məhsulun ixracına önəm verilməsi stimullaşdırılmalıdır. Stimullaşdırma üçün atılacaq addımlardan biri də məhz istehlak qiymətlərinin tərkibində yer alan ƏDV-nin dərəcəsinin differensiallaşdırılması ola bilər. Bu o deməkdir ki, müxtəlif məhsullara müxtəlif ƏDV faiz dərəcəsi tətbiq edilə bilər. Sənəddə o da qeyd olunur ki, ƏDV-nin diferensiallaşdırılması üzrə Avstriya, Almaniya, Belçika, Böyük Britaniya, İsveç, Niderland, Türkiyə, Fransa, Çin və digər ölkələrin təcrübəsi var. Məlumat üçün bildirək ki, Azərbaycan qanunvericiliyinə görə, ölkədə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.
Qeyd edək ki, sözgedən təklif cəmiyyətdə fikir ayrılığının yaranmasına səbəb olub. Millət vəkili Vahid Əhmədov hesab edir ki, əlavə dəyər vergisinin 18 faiz olması ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir. Odur ki, Azərbaycanda prezident tərəfindən aparılan iqtisadi islahatların davamlı olması üçün diferensiallaşmış əlavə dəyər vergisinin tətbiqinə ehtiyac var: "Elə məhsullar var ki, hazırda onlara hətta 25-30 faiz əlavə dəyər vergisi tətbiq edilsə belə heç bir problem yaradan deyil. Amma elə məhsullar, elə avadanlıqlar var ki, onlar üçün əlavə dəyər vergisinin 18 faiz olması olduqca yüksək göstəricidir. Azərbaycan üçün lazım olan avadanlıqlar, o cümlədən qida məhsullarının əlavə dəyər vergisini diferensiallaşdırılmış şəkildə həyata keçirmək lazımdır. Bizim bununla bağlı təkliflərimiz olub. Ümumilikdə Vergilər Nazirliyi də bi məsələ ilə maraqlanır. Hesab edirəm ki, bu məsələ üzərində işləməyə ehtiyac var və qısa bir müddətdə əlavə dəyər vergisinin diferensiallaşmış sistemini Azərbaycanda tətbiq etmək üçün ciddi addımlar atılsın". Deputat Elmira Axundova bildirib ki, müraciət edən kiçik və orta sahibkarlar xahiş edirlər ki, differensial ƏDV məsələsi tezliklə öz həllini tapsın. Onun sözlərinə görə, bir çox kiçik və orta ticarət obyektləri 18 faiz əlavə dəyər vergisinin ödəməkdə çətinlik çəkirlər: "Ödəniş şərtlərinin dəyişməsi, banklarla müxtəlif problemlər yaranması, əsasən də manat və dolların qeyri-stabit olması fonunda əsasən orta və kiçik sahibkarlar, ticarət obyektləri mürəkkəb dövr yaşayırlar, bir çox hallarda bağlanmaq məcburiyyətində qalırlar. Bu isə sahibkarlığın zəifləməsi və nəticədə iş yerlərinin bağlanması deməkdir. Prezidentimiz demişkən, biznes mühitinə əlverişli şərait yaradılmalıdır". Deputat, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycana idxal olunan bütün məhsullara 18 faizlik ƏDV tətbiq edilməsi düzgün deyil. Onun sözlərinə görə, idxal olunan elə məhsullar var ki, onlara daha artıq 20 və ya 30 faiz ƏDV tətbiq etmək olar: "Amma ucdantutma bütün idxal məhsullarına 18 faiz ƏDV-nin tətbiqi iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafına maneçilik yaradır. Gömürk rüsumları da çoxdur. Ona görə də biz ölkəyə idxal olunan bir sıra vacib məhsullara və avadanlıqlara tətbiq edilən ƏDV-nin həcmini azaltmalıyıq və ya onları ƏDV-dən azad etməliyik. Məsələn, biz dəmiryolunun inkişafı üçün xaricdən elə avadanlıqlar alırıq ki, onlar nə Azərbaycanda istehsal olunur, nə də təmir olunur. Amma biz bundan ötrü çox böyük miqdarda ƏDV ödəyirik. Biz bilmirik ki, kredit alıb avadanlığı ölkəyə gətirək və ya hansısa formada böyük həcmli ƏDV ödəyək. Bu məsələyə diqqətlə yanaşıb, problemi çözməyə çalışmalıyıq. Yoxsa, bu bizi aparıb "bankrot"a çıxaracaq". Vergilər Nazirliyində hesab edirlər ki, Azərbaycanda ƏDV-nin dərəcəsi ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğundur. Azərbaycanda ƏDV ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil edir. Odur ki, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə bilər. Beynəlxalq təcrübədə bu cür vergi güzəştləri bir qayda olaraq dövlətin xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı-ayrı regionların və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını təmin etmək məqsədilə tətbiq olunur. Vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, aidiyyati dövlət qurumlarının ölçülüb-biçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlillər nəticəsində, müəyyən müddətə verilir. Ekspertlər də hesab edirlər ki, ƏDV Azərbaycan büdcə daxilolmalarında ən yüksək paya sahib olan vergidir. Bu baxımdan araşdırmaya əsaslanmayan diferensiallaşdırma büdcə gəlirlərində azalmaya səbəb ola bilər.
Alim