Dohoya yığışmağın nə mənası var idi?

Fikrət Yusifov: “Neft qiymətləri ətrafındakı siyasi rıçaqlar hələ də işləyir və bunun nə vaxt bitəcəyini böyük gücdən başqa heç kim bilmir”

Ötən həftə sonu dünyanın əsas diqqət mərkəzi Qətərin paytaxtı Dohaya yönəlmişdi. Dohada keçirilən neft hasilatçılarının görüşündə OPEK üzvü olan ölkələrin ümumi razılığa gələcəyi və hazırda dünya bazarlarında çox aşağı səviyyədə olan neft qiymətinin həmin razılıq əsasında artacağı ehtimal olunurdu. Hər halda bütün neft istehsalçısı olan ölkələr Dohaya bu ümidlə getmişdi. Məlumat üçün qeyd edək ki, Doha görüşü 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela Bolivar Respublikası arasında baş tutmuş görüşün davamı olaraq keçirilirdi. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar. Dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklif Azərbaycan tərəfindən də məqbul hesab edilir. Çünki yaranmış indiki vəziyyətdə heç bir neft hasilatçısı və investor üçün neft hasilatı cəlbedici deyil. Məlumat üçün qeyd edək ki, hazırda neft hasilatını bu ilin əvvəlinə olan həcimdə saxlanılmasına daha çox Rusiya tərəfdardır. Çünki neft hasilatının artması dünya bazarlarında bu məhsulun qiymətini rekord həddə aşağı salıb ki, bu da Rusiya iqtisadiyyatına ciddi zərbə vurub.

Lakin Doha görüşünə bəslənıən ümidlər heç də özünü doğrultmadı və görüş demək olar ki, nəticəsiz başa çatdı. Neft hasilatçıları Doha görüşündən vəziyyətin müsbətə doğru dəyişməsinə təkan verəcək qərar gözlədikləri halda, əsas neft hasilatçıları dünya bazarlarına çıxardıqları neftin həcmini azaltmağa razılıq vermədilər. Bununla da dünya bazarlarında neft qiymətinin artmasına dair olan ümidlər elə ümid olaraq da qaldı. Bəs görəsən Doha görüşünün nəticəsiz başa çatması dünya iqtisadiyyatına, eləcə də neft istehsalçısı kimi tanınan Azərbaycan iqtisadiyyatına hansı mənfi təsiri göstərəcək?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, OPEK və Pusiya başda olmaqla neft hasil edən ölkələrin son bir ilə qədər vaxt ərzində neftin qiymətlərini sabitləşdirmək məqsədilə, onun hasilatını azaltmaq barəsindəki danışıqları nəticəsiz qalır. Onun sözlərinə görə, əvvəlcədən nəzərdə tutulmuş bu görüşlər, bəzən hansısa səbəbdən baş tutmur, bəzən də danışıqlar hər hansı bir razılıq əldə olunmadan yekunlaşır: "Məsələyə bir qədər dərindən yanaşılsa, bütün bu proseslərin nə qədər siyasi xarakter daşıdığı tam aydınlığı ilə ortaya çıxar". Fikrət Yusifov bildirib ki, hər dəfə bu danışıqlar OPEK-in əsas söz sahibi, Birləşmiş Ştatların Yaxın Şərqdəki strateji müttəfiqi, Səudiyyə Ərəbistanı tərəfindən bu və ya digər bəhanələrlə pozulur: "Aprelin 17-də də eyni hadisə baş verdi. Səudiyyə Ərəbistanı heç nədən, görüşdə

neft hasil edən digər OPEK ölkələrinin də iştirakının vacibliyini bəhanə gətirərək danışıqları pozdu. Halbuki, hər kəsə, o cümlədən Səudiyyə Ərəbistanına da əvvəlcədən bu görüşdə hansı ölkələrin iştirak edəcəyi bəlli idi. İran isə neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə - yəni gündəlik 4 milyon barrelə çatdırdıqdan sonra onu artırmayacağı barədə öhdəlik götürdüyündən, bu görüşdə iştirak etməyəcəyini əvvəlcədən bildirmişdi. Belə olan halda sual olunur. Əgər bu görüşün iştirakçılarının azlığı hansısa bir tərəfi qane etmirdisə, buna əvvəlcədən münasibət bildirmək olmazdımı? Bu səbəbdən danışıqlar pozulacaqdısa, onda Dohoya yığışmağın nə mənası var idi? Deməl, neftin qiymətlərinin siyasi motivlərinin yekunlaşmağa doğru getməsi barədə səslənən fikirlər hələ ki, real deyil. Real olan isə odur ki, qiymətlər ətrafındakı siyasi rıçaqlar hələ də işləyir və bunun nə vaxt bitəcəyini böyük gücdən başqa heç kim bilmir". İqtisadçı hesab edir ki, OPEK-in üzvü olan ölkələrin və digər neft ölkələrinin iştirakı ilə keçirilən son Doha görüşü də bu həqiqəti bir daha təsdiq etdi". Sözügedən görüşün dünya iqtisadiyyatı, eləcə də Azərbaycan iqtisadiyyatına mümkün təsirinə gəlincə Fikrət Yusifov qeyd edib ki, bir neft ölkəsi olaraq rəsmi Bakı dünya bazarlarında neftin qiymətlərinin artmasının tərəfdarıdır: "Son aylar ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dinamik inkişafı istiqamətində atılan ciddi addımların yaxın bir-iki ildə müsbət nəticələr verəcəyi, heç kəsdə şübhə döğurmur. Lakin bu müddət ərzində neftdən daxil oilan möhkəm valyutanın həcminin çox olması bizə bu prosesləri daha sürətlə aparmaq imkanları vermiş olardı".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31