Təhsili maliyyələşdirməyə çəkilən xərclər kəmiyyətcə deyil, kеyfiyyətcə yaxşılaşdırılmalıdır

Pərviz Heydərov: “təhsilə аyrılаn vəsаitlər iqtisadiyyatın tələblərinə xidmət etmir”

Azərbaycanda son illərdə təhsil sektoruna sərf edilən vəsaitlərdə əsaslı dərəcədə artım müşahidə edilir. Müxtəlif mənbələrlə yanaşı dövlət büdcəsindən də bu sahəyə ayrılan vəsaitlər öz-özlüyündə məqbul hesab edilsə də, lakin ayrılan vəsaitin qarşılığında təhsil sahəsində əldə olunan nailiyyətlər heç də qaneedici sayıla bilməz. Düzdür, son illərdə təhsil sistemində maddi-texniki bazanın yaxşılaşdırılması, yeni infrastrukturların yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Təkcə paytaxt deyil, hətta regionlarda, ucqar dağ kəndlərində belə yeni məktəb binaları tikilib istifdadəyə verilib, həmin təhsil ocaqları zəruri avadanlıqlarla təmin olunub. Amma onu da etiraf etmək lazımdır ki, hər il təhsil sahəsinə ayrılan vəsaitlərin həcminin artmasına baxmayaraq bu sektorda hələ də müəyyən problemləır mövcuddur. Xüsusilə, təhsilin keyfiyyəti istənilən səviyyədə deyil. Əsasən orta ümumtəhsil müəssisələrində təhsil keyfiyyətinin aşağı olmasının göstəricisidir ki, hər il keçirilən test imtahanlarında yüzlərlə şagird olduqca aşağı bal toplayaraq ali təhsil ocaqlarına daxil ola bilmirlər. Əksər ekspertlər hesab edir ki, təhsil sektoruna maddi vəsait ayırmaqla yanaşı bu sahədə keyfiyyətin artırılması da diqqət mərkəzində olmalıdır.

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, 2016-cı ilin dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial müdafiə və təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5139,4 milyon manat ayrılıb ki, bu da keçən illə müqayisədə 2,2 faiz çoxdur. Onun sözlərinə görə, bütövlükdə sözügedən sahələr üzrə ayrılan xərc dövlət büdcəsi tərkibində 31,6 faiz təşkil edir ki, bu özü də 2015-ci ildəkindən 8 faizə yaxın çoxdur: "Qeyd olunan vəsaitin 1713,5 milyon manatı, yəni 10,5 faizini bilavasitə təhsil xərcləri təşkil edir. Bu özü də 2015-ci illə müqayisədə 2,4 faiz artıqdır. Ümumiyyətlə, təhsilə dövlət büdcəsindən ayrılan xərclərin dinamikasına diqqət yetirsək, onun hər il artırıldığını görərik. Ancaq, sual edirəm: bunun faydası varmı ?. Dəfələrlə bu barədə yazılarımda qeyd etmişəm ki, məsələn, bilavasitə müəllimlərin mааşları yuksək оlan ölkələrdə ən nüfuzlu tədris müəssisələrinin аrхаsındа güclü sаhibkаr və onların başçılıq etdikləri strukturlаr dаyаnır. Və ödənişləri də hökumət - dövlət dеyil, məhz onlаr həyata keçirirlər. Çünki sahibkarlar birbaşa olaraq real sektorla çаlışdıqlarından, iqtisadiyyatda hаnsı iхtisаsdа kаdrlаrа еhtiyаc yarandığını bilidiklərindən həmin istiqаməti mаliyyələşdirirlər". Prəviz Heydərovun szlərinə görə, təhsili maliyyələşdirməyə çəkilən xərclər kəmiyyətcə deyil, kеyfiyyətcə yaxşılaşdırılmalı və təhlil olunmalıdır: "Bunun üçün isə ilk növbədə müvafiq sistem qurulmalıdır. Bizdə müvafiq statistik rəqəmlərlə millətin heysiyyatı və düşüncə tərzi ilə oynayan, şəxsi siyasi əqidəsinə görə vicdansızcasına bundan istifadə etməyə çalışan bəzi ekspertlər isə təhsilə Azərbaycanda olduqca az vəsait ayrıldığını iddia edirlər. Sual edirəm: Azərbaycanda real şəraitdə büdcədən təhsilə ayrılan xərci 10,5 faiz deyil, lap 30 faiz edək, nə dəyişəcək ? Məsələn, ölkə üzrə orta məktəblərdə təqribən, 200 minə nəfərə yaxın müəllim çalışır. Sual olunur: bu qədər böyük "ordunun" əməkhaqqlarını standart olaraq artırmaq nə müsbət nəticə verə bilər ?. Şübhəsiz ki, heç bir. Əvvəllər də bu barədə bildirmişəm ki, neft pullarını insan kapitalına çevirməyin yolu təhsilin məhz, yalnız və yalnız iqtisadiyyatın tələbləri əsasında fəaliyyət və birbaşa olaraq məhz buna xidmət göstərməsindən keçir. Dünyanın bütün inkişaf etmiş ölkələrində təhsil məhz bu cür fəaliyyət göstərməkdədir. Azərbaycanda isə büdcədən təhsilə аyrılаn vəsаitlər iqtisadiyyatın tələblərinə xidmət etmir və ona görə də insan kapitalının inkişafına şərait yaratmır və yaratmayacaq da. İstəyirsən büdcənin yarısını təhsilə xərcləsən də - xeyri yoxdur".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31