Qeyri-neft sektorunun inkişafı yeni mərhələdə

Kənd təsərrüfatının inkişafı əsas diqqət mərkəzindədir

Artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi başlıca prioritet olaraq qarşıya məqsəd qoyulub. Etiraf etmək lazımdır ki, ötən illər ərzində bu sahənin inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində kifayət qədər işlər də görülüb. Hər şeydən əvvəl 2003-cü ildən etibarən Azərbaycanda həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"ını buna misal göstərmək olar. Son illər ərzində mərhələlli şəkildə həyata keçirilən həmin proqramlar nəticəsində paytaxtla yanaşı, regionlarda da yeni istehsalat müəssisələri, zavod və fabriklər istifadəyə verilib ki, bu da qeyri-neft sektorunun inkişaf etdirilməsinə şərait yaradıb. Qeyri-neft sektorunda xüsusi payı olan kənd təsərrüfatının inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Məlumat üçün qeyd edək ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"ları çərçivəsində regionlarda yaradılan istehsal müəssisələrinin əksəriyyəti məhz kənd təsərrüfatı sektorunun payına düşür ki, bu da sözügedən sahənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Ancaq günümüzdə qeyri-neft sektorunda xüsusi payı olan kənd təsərrüfatının hazırkı inkişaf dinamikası mövcud potensial və imkanlarla izlaşmır. Daha dəqiq desək bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkədə kifayət qədər imkanlar olsa da, bu imkanlardan yetərli qədər istifadə edilmir. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə bu günlərdə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair  iclasında da dövlət başçısı bu məsələyə xüsusi toxunaraq müvafiq qurumlardan qeyd edilən istiqamətə daha diqqətlə yanaşmağı tələb edib. Həmçinin dövlət başçısı bu sahədə xüsusi diqqət yetirilməli olan məqamlara diqqət çəkib:  "Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır.  Mən şadam ki, ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - 2,7 faiz. Ərzaq təhlükəsizliyi məsələsi əsas prioritetdir və ümid edirəm ki, yaxın zamanlarda biz özümüzü ərzaqla tam şəkildə təmin edəcəyik. Bu məqsədlə son illər ərzində böyük işlər görülür və daha da böyük işlər görülməlidir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək". Prezident bildirib ki,  kənd təsərrüfatı məhsullarının ixracını daha da sürətləndirməliyik: "Bu məqsədlə təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcəkdir. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə bu, özünü doğrultdu və hesab edirəm ki, bizdə də özünü doğrultmalıdır. Ancaq yenə də bu, bizim üçün bir sınaqdır. Biz bu təşəbbüsü etdik ki, ixracı stimullaşdıraq və ümid edirəm, buna nail olacağıq".
Dövlət başçısının Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlərin ardınca bu istiqamətdə atdığı addım və imzalamış olduğu sərəncam dövlətin kənd təsərrüfatını inkişaf etdirməkdə kifayətqədər maraqlı və israrlı olduğunu ortaya qoydu. Məlum olduğu kimi sözügedən iclasdan dərhal sonra Prezident "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzaladı. Bu öz-özlüyündə ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən növbəti  yaşıl işığın yandırılması idi.  Əslində hələ bir neçə il əvvəl, neft gəlirlərinin rekord həddə çatdığı dövrlərdə bu sahəyə diqqət artırılsa da, göründüyü kimi sözügedən istiqamətdə inkişaf tempi hər bir vətəndaşı, eləcə də Prezidenti qane etmirdi. Elə son sərəncamın da bu zərurətdən irəli gəldiyini söyləmək olar. Heç şübhəsiz ki,  "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti ərzaq məhsullarının istehsalçılarından və satıcılarından məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etmək istiqamətində fəaliyyət göstərəcək. Bu həm də  ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını kifayət qədər stimullaşdıracaq.  Artıq kəndli, fermer əkib becərdiyi məhsula alıcı axtarmaq problemi yaşamayacaq.  "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması torpağa bağlılığı da artıracaq, onun qiymətini yüksəldəcək. Belə ki, uzun illər istifadə etmədiyi, əkilib-becərmədiyi torpaqları kəndli yendiən mübitləşdiriləcək və əkinə yararlı hala gətiriləcək.
Gründüyü kimi qarşıdakı dönəmdə ölkədə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamıtində yeni bir dönəm başlayır. Bu dönəm həm də əhalinin ərzaq təhlükəsizliyinin təminatında xüsusi rol oynayacaq.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31