Köhnə-yeni neft dövrü

Supergüclərin karbohidrogen yataqlarını ələ keçirmək uğrunda mübarizəsi ölkə iqtisadiyyatını idarə edir. Son aylar neft və qızılın qiymətlərində qeydə alınan artım və azalmalar bütün dünyada tarazlıqları pozdu. Hər iki amil bir çox ölkələrin iqtisadiyyatına öz mənfi təsirlərini göstərdi. Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQAZSAM) analitiki Ömür Çelikdönmezın araşdırmasında qeyd edilir ki, Osmanlı İmperatorluğunun Çindən Avropaya uzanan qədim "İpək Yolu"nda nəzarəti təmin etməsi, avropalı tacir dövlətləri yeni yol axtarışlarına sövq etmişdi. Buxar maşınının icadı və sənaye inqilabıyla birlikdə hər şey avtomatlaşdırıldığından döyüşdə və barışda xam maddə ehtiyatlarının nəzarət altında tutulması lazım idi. Birinci Dünya müharibəsindən sonra avropalıların müstəmləkəçi siyasətinin davam etməsindən sonra neft ən əhəmiyyətli enerji qaynağı olaraq dünyanın gündəminə oturdu. Nəticə etibarilə neft geostrateji bir xarakter qazandı. Bu yeni enerji qaynağının nə qədər əhəmiyyətli olduğunu, İngiltərə baş nazirlərindən Çörçel 1926-cı ildə "Bir damla neft bir damla qandan daha qiymətlidir" demişdi. Araşdırmada qeyd edilir ki, indiki vaxtda Orta Şərqdə yaşanan qanlı qarşıdurmaların arxa planında Çörçilin "Bir damla neft bir damla qandan daha qiymətlidir" sözü dayanır. Neft XIX əsrin sonundan etibarən müstəmləkəçiliyin can suyu idi. İndi də eyni rolu oynayır. Hazırkı situasiyada neft qiymətinin aşağı düşməsi ictimai və iqtisadi problemlərə yol açdığı kimi ölkələr arasında anlaşılmazlıqlar da yaradır. Zaman-zaman bir araya gələn böyük neft istehsalçıları ortaq bir mövqeyə gəlməyə çalışsalar da, lakin ortaq razılaşma mümkün olmur. Mərkəzin araşdırmasında qeyd edilir ki, bu gün neft müstəmləkəçilər tərəfindən bir damla qandan daha qiymətli qəbul edilir: "Neft İxrac edən dövlətlər OPEC- dünya iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Lakin bu gün dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi və bundan dünya iqtisadiyyatının zərər görməsinin əsl səbəbkarlarından biri də məhz OPEC hesab edilir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Səudiyyə Ərəbistanının dövlət büdcəsinin tənzimlənməsi üçün bir barrel neftin qiymətinin ən az 82 dollar olması lazımdır. Hazırkı situasiyada isə neftin bir barrelinin qiyməti 40 dolların ətrafında firlanır. Bu səbəbdən Səudiyyə Ərəbistanı İranın neft istehsalı və onun dünya bazarlarına ixracını bir qədər azaltmağı məqbul sayır. Hazırkı situasiyada isə rəsmi Tehran heç də buna maraqlı görünmür. Bu da dünya bazarlarında neftin qiymətinin sürətlə ucuzlaşmasını qaçılmaz edir. Hazırda Tehran neft amilində Riyadı özünə rəqib görür. Elə Səudiyyə də İrana qarşı sanksiyaların aradan qaldırılması və bu ölkə neftinin dünya bazarlarına çıxarılmasından məmnun deyil. Son aylar iki ölkə arasında siyasi aspektdə yaşanan problemlərin arxasında da məhz iqtisadi, daha dəqiq desək neft amil dayanır. Bu gün Qərbin sanksiyalarından xilas olan İranın başlıca hədəfi OPEC-dəki köhnə mövqeyinə nail olmaqdır. Məlumat üçün qeyd edək ki, Qərbin sanksiyaları qüvvəyə minmədən əvvəl İran gündə 4 milyon barrel xam neft istehsal edərək dünya bazarlarına çıxarırdı. İndiki vaxtda isə istehsalın 800 minə düşməsi Tehranı qane etmir.

Dünya bazarlarında neft qiymətlərinə digər bir təsir edən ünsür İraqdır. İraq, Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft istehsalçısıdır. OPEC-in ikinci ən böyük neft istehsalçısı İraq mart ayında gündəlik 4,55 milyon barrel neft istehsal edib. Ondan bir ay əvvəl isə bu göstərici 4,46 milyon barrel səviyyəsində olub. Zəmgon neft ehtiyatlarına sahib İraqda yanvar ayında istehsal 4,43 milyon barrel ölçülmüşdü. Lakin bu qədər zənginliyin qarşılığında İraq hələ də yoxsulluq içərisində yaşayır. Bunun da səbəbi neftdən gələn gəlirlərin səmərəli istifadə edilməməsidir. Həmçinin İraqda neft sənayesindən başqa heç bir sahə inkişaf etdirilməyib. İndiki vəziyyətdə isə təkbaşına neft gəlirləriylə davamlı inkişafa nail olmaq qeyri-mümkündür. Neftin ucuzlaması ixracatçı Afrika ölkələrini də çətinliyə salıb.

Hazırda Rusiya cəbhəsində də vəziyyət fərqli deyil. OPEC-ə üzv olmayıb, ən çox neft istehsal və ixrac edən ölkə Rusiya olsa da, xam neftin barrel qiymətinin son olaraq 40 dolları keçməsi Rusiya iqtisadiyyatına da öz mənfi təsirini göstərib.

Kamal

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31