Ərzaq təchizatı ilə bağlı bir çox problemlərin həlli təmin ediləcək

Fikrət Yusifov: “Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı kifayət qədər stimullaşdırılacaq”

Respublikada ərzaq təhlükəsizliyinin təmin olunması digər sahələr kimi hər zaman prioritet hesab edilib və bu məqsədlə zaman-zaman müəyyən tədbirlər həyata keçirilib. Əminliklə demək olar ki, bu məqsədlə son illər ərzində böyük işlər görülüb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də hər zaman bu məsləni diqqətdə saxlayıb, keçirilən görüşlər, iqtisadi sahəyə aid olan toplantı və iclaslarda ərzaq təhlükəsizliyi məsələsinin təmin olunmasının vacibliyini vurğulayıb. Elə bu günlərdə Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dari iclasında da dövlət başçısı bu məsələyə xüsusi olaraq toxunub. Prezident İlham Əliyev deyib ki, ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olub: "Bu gün də prioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik".

Artıq bu istiqamətdə ciddi addımların atıldığını da müşahidə etməkdəyik. Hər halda bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalaması belə deməyə əsas verir. Belə bir sərəncamın imzalanması onu deməyə əsas verir ki, əhalinin ərzaq təhlükəsizliyi Prezident İlham Əliyevin qeyd etdiyi kimi başlıca prioritetdir və bunun üçün dövlət səviyyəsində bütün lazımı addımlar atılır. Bəs görəsən "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması nə vəd edir? Ümumiyyətlə, yeni yaradılan Səhmdar Cəmiyyətin başlıca vəzifələri nədən ibarət olacaq. Məsələ ilə bağlı "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla söhbətləşdik: "Məlum olduğu kimi aprel ayının 11-də ölkə Prezidenti "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması yaradılması haqqında Sərəncam imzalayıb. Hesab edirəm ki, indiki halda belə bir qurumun yaradılması təqdirəlayiq bir haldır. Bu həm də onu deməyə əsas verir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində hökumət üzərinə düşən vəzifələri icra edir və bu proses davamlı xarakter daşıyır". Fikrət Yusifov deyib ki, yeni yaradılan "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədi ərzaq məhsullarını istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Hesab edirəm ki, bu qərar

ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını kifayət qədər stimullaşdıra biləcək. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri deyib ki, sözügedən sərəncamda nəzərdə tutulan addımların atılması, nəticə etibarıilə, ölkədə məhsul bolluğunun yaradılmasına, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq: "Bu isə indiki dönəmdə çox mühüm bir məsələdir". Fikrət Yusifovun sözlərinə görə, büdcə təşkilatlarının ərzaq məhsullarına olan tələbatının bu qaydada həyata keçirilməsi, bir tərəfdən bu məsələdə indiyə qədər mövcud olmuş pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, digər tərəfdən xaricdən gətirilərək büdcə təşkilatlarına satılan keyfiyyətsiz məhsulların qarşısı alınacaq: "Bu hesaba ölkədən daha az valyuta çıxarılacaq. İstehsalçı isə artıq məhsulunun alınacağını əvvəlcədən bilib, onu yüksək səviyyədə becərməyə çalışacaq. Bir sözlə, məlum qərar ərzaq təchizatı ilə bağlı bir çox problemlərin həllini təmin edəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31