Kiçik həcmdə vergidən yayınma hallarına görə cinayət məsuliyyəti aradan qaldırıla bilər

Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə kiçik həcmdə - məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələrin aradan qaldırılmasının vacibliyini qeyd edib:"Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq". Dövlət başçısının bu fikirlərini şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, sahibkarlıq fəaliyyətinə mane olan bir sıra hüquqi normaların dəyişdirilməsinə ciddi ehtiyac var: "Prezidentin bu fikirləri aktualdır. Həqiqətən də, kiçik məbləğdə vergidən yayınma hallarına görə cinayət məsuliyyətinin yaranması sahibkarlıq fəaliyyətinə, sahibkarların özlərinə ciddi ziyan vurur. Mən hətta deyərdim ki, ümumiyyətlə, beş min manata qədər olan vergidən yayınma hallarına görə cinayət məsuliyyəti aradan qaldırılmalı, bunun əvəzində cərimələr tətbiq olunmalıdır. Azərbaycanda qanunvericiliyin bu hissəsini dünya praktikasına uyğunlaşdırılması lazımdır. Bu hallara görə cinayət məsuliyyətinin yaranması sahibkarda vaxt və gəlir itkisi, o cümlədən psixoloji gərginlik yaradır.Təsəvvür edin ki, hansısa sahibkara qarşı vergidən yayınmaya görə cinayət işinin açılması onun bank hesablarının dondurulması və ya bloklanması ilə nəticələnir. Belə olan halda sahibkar təbii ki, müəyyən itkilərə məruz qalır. O baxımdan, bir daha deyirəm, beş min manata qədər vergidən yayınma hallarına görə cinayət məsuliyyətinin cərimə ilə əvəz edilməsinə ehtiyac var". V.Bayramov Prezidentin məlum fikirlərinin tezliklə praktik həllini tapacağı qənaətindədir: "Təbii ki, dövlət başçısının səsləndirdiyi həmin fikirlər çağırış kimi qəbul edilməlidir. Bu səbəbdən hesab edirəm ki, müvafiq qanunvericiliyin tezliklə dəyişdirilməsi istiqamətində addımlar atılmasının şahidi olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31