Kənd təsərrüfatının inkişafı başlıca prioritetdir
Bu sahənin inkişafı idxalın azalmasına müsbət təsir göstərəcək
12 Aprel 2016 13:04 İqtisadiyyatKeçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əksər neft ixrac edən ölkələr kimi Azərbaycanın da iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Neftdən gələn gəlirlərin ciddi şəkildə azalması əsas diqqətin qeyri-neft sektoruna yönəldilməsini zəruri edirdi. Elə Azərbaycanda da bu sahə əsas prioritet hesab edilirdi. Hələ dünya bazarlarında neftin qiymətinin rekord həddə olduğu vaxtlarda Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir, proqramlar icra edirdi. Məlumat üçün qeyd edək ki, hələ 2003-cü ildən icrasına başlanılan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"ları da məhz bu məqsədə xidmət edirdi. Həyata keçirilən həmin proqramlar nəticəsində regionlarda qeyri-neft sektorunu əhatə edən yüzlərlə müəssisə və zavod istifadəyə verilmiş, yüz minlərlə yeni iş yeri açılmışdı. Hazırda da qeyri-neft sektorunun inkişafı hökumətin qarşısında duran başlıca prioritetdir.
Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri də kənd təsərrüfatıdır ki, bu sahənin də inkişafı günümüzdə əsas diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında bu il həm də "Kənd Təsərrüfatı İli" elan olunub. Bu baxımdan kənd təsərrüfatının ayrı-ayrı sahələrinin də inkişafı da əsas diqqət mərkəzindədir. Bu sırada heyvandarlıq, bitgiçilik, üzümçülük, tərəvəzçilik, pambıqçılıq xüsusi yer tutur. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında əsas diqqət yetirdiyi məsələlərdən biri də bu oldu. Dövlət başçısı kənd təsərrüfatında xüsusi yeri olan pambıqçılığın inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını, ilk növbədə pambıqçılığı inkişaf etdirməliyik: "Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Xüsusilə, son vaxtlar sanksiyalarla əlaqədar müəyyən bazarlar bəzi məhsullar üçün bağlanıb. Əlbəttə ki, bunun bizə aidiyyəti yoxdur. Ancaq indi biz öz kənd təsərrüfatı məhsullarımızı başqa bazarlara çıxarmaq üçün gərək səylər göstərək. Ancaq pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Vaxtilə yenə də ulu öndər Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. O, 1969-cu ildə hakimiyyətə gələndə, indi mənim dəqiq yadımda deyil, təqribən 100 min, 200 min ton pambıq istehsal olunurdu. Sonralar isə bir milyon, ildə orta hesabla 800 min, 900 min ton pambıq istehsal edilirdi". Dövlət başçısı onu da diqqətə çatdırıb ki, keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıb. Prezident onu da vurğulayıb ki, pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır: "İkinci yerli icra orqanları və ondan sonra özəl qurumlar. Ona görə, göstəriş verilmişdir ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilibdir. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir. Bu il mən
qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik. 1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi, keçən il 18 min hektar. Ona görə, məhsuldarlığın artırılması və əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri öz həllini tapmalıdır və biz bu il 100 min ton pambıq gözləyirik. Ancaq bir il ərzində, gələn ilin əkininə qədər bütün lazımi tədbirlər görülməlidir ki, 2017-ci ildə, - mən indi rəqəm demək istəmirəm, - Azərbaycanda 100 min tondan bir neçə dəfə çox pambıq yığılmalıdır. Pambıq satılacaq, ölkəmizə lazım olan valyuta gələcəkdir".
Azərbaycan Prezidentinin müşavirədə çıxışı zamanı əsas diqqət yetirdiyi məsələlər sırasında kənd təsərrüfatına, xüsusilə pambıqçılığa diqqət yetirməsi iqtisadçı ekspertlər tərəfindən də geniş təhlil edilib və müəyyən yanaşmalar ortaya qoyulub. İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, bu sahənin inkişaf etdirilməsi ölkəyə valyuta axınını artıra bilər: "Prezidentin Nazirlər Kabinetindəki müşavirədə etdiyi çıxışdan aydın olur ki, hökumət ölkənin valyuta gəlirlərini artırmaq üçün 2016-cı ildə pambıq əkinlərini 3 dəfəyədək genişləndirilərək 50 min hektara, istehsalını isə 35 min tondan 100 min tona çatdırmağı hədəfə alıb". İqtisadçı onu da qeyd edib ki, Azərbaycan 100 min ton pambıq istehsalına bu il nail olsa və maksimum 40% mahlıc çıxımı ilə götürülsə, fermerlərdən alınmış 100 min ton pambığın mahlıca çevrilməklə ixracından hazırkı dünya bazar qiymətləri ilə ölkəyə 60-65 milyon dollar valyuta gələcək: "İxracdan qazanclarımızı hesablamaq yaxşıdı, amma idxala şəkdiyimiz xərcləri də tərəzinin gözünə qoymaq və aqrar sektorla bağlı strateji planı həmin tərəzinin gözünə baxmaqla qurmaq çox vacibdi".
Dövlət başçısı müşavirədə çıxışı zamanı kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq deyib ki, biz kənd təsərrüfatı məhsullarının ixracını daha da sürətləndirməliyik. Bu məqsədlə təşviq sistemi işə salınır: "Ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu gün də prioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik".
İqtisadçı hesab edir ki, idxalı azaltmaq üçün ilk növbədə istehsalı artırmaq lazımdır. Rövşən Ağayev bu istiqamətdə kərə yağı və bitgi yağları istehsalını məqbul sayır: "Azərbaycan kərə yağının 75%-ni xaricdən idxal edir. Məlumata görə, 2015-ci ildə kərə yağının idxalına hər kq-na 3.2 dollar olmaqla 65 milyon dollara yaxın valyuta xərcləmişik. Azərbaycan bitki yağlarının xammalının (soya, qarğıdalı, günəbaxan və s.) 90%-ə qədərini xaricdən idxal edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycan günəbaxan yağı üçün xammal idxalına 25.2 milyon dollar xərcləyib. Əlavə olaraq ölkəyə 30.8 milyon dollarlıq palma yağı, 13.2 milyon dollarlıq marqarin idxal edilib. Göründüyü kimi kərə və bitki yağlarının idxalı ölkədən ən azı 130 milyon valyuta aparıb". İqtisadçı deyir ki, həmçinin ölkəyə şəkər istehsalı üçün xammalın 95 faizini xaricdən idxal edilir: "Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycan şəkər istehsalı üçün şəkər qamışı və çuğundurunun idxalına 125 milyon dollar xərcləyib. Bir sözlə təkcə kərə yağı ilə birlikdə bitki yağları və şəkərin istehsalı üçün xammalın idxalına 250 milyon dollardan artıq xarici valyuta xərclənir. Ona görə də bu məhsulların istehsalının artırılması olduqca zəruridir və bu halda ölkəyə valyuta axınının qarşısı alına bilər".
S.İsmayılbəyli