Qətərdə neft hasilatçılarının görüşü keçiriləcək
11 Aprel 2016 16:22 İqtisadiyyatAprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Qətər dövlətinin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada tərəfindən ünvanlanmış məktubda Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv bütün ölkələrin, o cümlədən təşkilata üzv olmayan, lakin əsas neft istehsalçıları sayılan dövlətlərin iştirakı ilə keçiriləcək bu iclasda Azərbaycanın da iştirakının vacibliyi qeyd edilib. Xatırladaq ki, sözügedən iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela Bolivar Respublikası arasında baş tutmuş görüşün davamı olaraq keçirilir.