Ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulacaq

Fikrət Yusifov: “Güclü iqtisadiyyat Azərbaycan vətəndaşının sosial durumunun güclənməsi deməkdir”

Həftə sonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunan dövlət başçısı ölkənin iqtisadi göstəricilərinə də nəzər salıb və bu sahədə bundan sonra daha ardıcıl addımların atılmasını tövsiyyə edib. Dövlət başçısının da fikirlərindən aydın olub ki, birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil: "Ümumi daxili məhsul aşağı düşübdür. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artmışdır. Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyət ilə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz azalıbdır. Dövlət tərəfindən yatırılan investisiyalar azalıbdır. Əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq". Prezidentin sözlərinə görə, qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək: " Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun".
Ortada olan mənzərə də ondan ibarətdir ki, ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. Ancaq Azərbaycan hökuməti də öz növbəsində bu təsirlərin minimuma endirilməsi istiqamətində məqsədyönlü addımlar atdı, islahatlar, antiböhran tədbirləri həyata keçirdi. Buna baxmayaraq dövlət başçısının qeyd etdiyi kimi iqtisadi göstəricilər bizi o qədər də qane etmədi.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da deyir ki, cari ilin birinci rübünün ümumi iqtisadi yekunları gözlənildiyi kimi müsbət olmayıb. Onun sözlərinə görə, dünya bazarlarında neftin qiymətlərinin 3-4 dəfə aşağı düşməsindən sonra, bir neft ölkəsində belə bir nəticə gözlənilən idi: "Lakin heç kim buna faciə kimi baxmamalıdır. Hökumətin son 5-6 ay ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin edilməsi istiqamətində atdığı qətiyyətli addımlar, birinci rübdə iqtisadiyyatın neftdən kənar sahələrində əldə edilmiş pozitiv nəticələr, deməyə əsas verir ki, biz doğru yoldayıq. Birinci rübün yekunlarına görə qeyri-neft
sənayesindəki 5,0%-dən çox, aqrar sahədəki 2,7% artım, dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir dövrdə, bizi optimist əhval-ruhiyyədə olmağa səsləyir". Fikrət Yusifov deyib ki, son müşavirədə Prezident 2016-ci ili dərin iqtisadi islahatlar ili adlandırdı: "İlin başlanğıcında iqtisadi, maliyyə və sosial islahatların dərinləşdirilməsi istiqamətində atılan qətiyyətli addımlar deməyə əsas verir ki, bu il biz həqiqətən real sektorun inkişafı istiqamətində indiyə qədər görə bildiyimizdən daha kordinal addımların şahidi ola biləcəyik. Ali məqsəd, ilk öncə Azərbaycanda normal biznes mühitini formalaşdırmaqdan və bu hesabla iqtisadiyyatın real sektoruna həm daxili və həm də xarici investisiyaların cəlb olunmasını təmin etməkdən ibarətdir. Son bir neçə ay ərzində bu istiqamətdə kifayət qədər ciddi qərarlar qəbul edilib. Azərbaycan hökuməti qeyri-neft sektorunun sənaye, aqrar, tikinti, nəqliyyat, turizm kimi sahələrinin hər biri üzrə konkret tədbirlər planı ortaya qoyub. Bu plan yerlərdə sənaye zonalarının yaradılması və aqrar sektorda taxıl, pambıq və barama kimi strateji məhsul növlərinin istehsalının bir neçə dəfə artırılması hesabına ölkənin ixrac potensialının əsaslı şəkildə genişləndirilməsini, tranzit yükdaşımaların və ölkəyə turist axınının artırılması hesabına ölkəyə valyuta axınının kifayət qədər artırılmasını nəzərdə tutan bir plandır. Məqsəd, yaxın bir neçə ilə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaqdır. Bu məqsədə çatmaq yolunda ölkədə aparılan instutsianal islahatların və struktur islahatlarının rolu kifayət qədər böyük olacaqdır". BİAB rəhbəri hesab edir ki, aparılan islahatlaryaxın illərdə ölkəmizin iqtisadi gücünün daha da artırılmasını təmin edə biləcək: "Dünyanın siyasi müstəvisində ölkəmizin gücünün artması və Qarabağ məsələsinin istədiyimiz şəkildə həlli də məhz iqtisadi cəhətdən daha güclü olmağımızı bizdən tələb edir. Bütün görülən işlər buna istiqamətlənməlidir. Güclü iqtisadiyyat həm siyasi güc, həm hərbi güc və həm də Azərbaycan vətəndaşının sosial durumunun güclənməsi deməkdir".
Fikrət Yusifov aprelin əvvəllərində təmas xəttində baş verən hadisələrə də dövlət başçısının müşavirədə diqqət yetirdiyini qeyd edib. Bildirib ki, müşavirədə Azərbaycan Prezidenti ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Cəbhədə yaşanan son olaylara gəlincə BİAB rəhbəri deyib ki, bu bütövlükdə Azərbaycan xalqının işğalçılara qısa bir mesajı idi: "Bu dörd günlük mesajdan sonra ermənilər başa düşdülər ki, "yiyələri" bir neçə gün də səsini qaldırıb onlara havadarlıq etməsəydi,Azərbaycan əsgərinin səsi təkcə Xankəndindən, Şuşadan deyil, Zəngəzur və Göyçə mahalından gələcəkdi. Erməni bunu başa düşdü. Sapı özümüzdən olan satqınlar isə müharibə vəziyyətində xalq-prezident vəhdətinin gücünü görüb erməni Azərbaycan əsgərinin şücaətindən vahimələndiyi kimi vahimələndilər. Başa düşdülər ki, belə vəhdət olan yerdə
onların "siyasi müxalifliyi" ətraflarında özləri kimi olan 5-10 nəfərdən başqa heç kimə lazım olmayacaq və bu səbəbdən bərk əndişələndilər. Azərbaycan əsgərinin uğuruna qara yaxmaqdan da utanıb xəcalət çəkmədilər. Bu adamların siyasi əxlaqı yoxdur! Siyasi əxlaqı olmayan "siyasilər" isə hər bir yaramazlığın altından imza atmağı bacaranlardır".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31