Gündəm
Makron qərar verdi - Rusiyaya gedir
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfər etmək dəvətini qəbul edib. Məlumata görə, bunu Fransanın Rusiyadakı səfiri Silvi Berman açıqlayıb. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov E.Makronun Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində səfər dəvətini qəbul etdiyini bildirmişdi.
Azercell-dən unikal “Virtual ATS” xidməti
Azərbaycan rabitə bazarında ilklərə imza atan, unikal xidmətləri ilə seçilən Azercell daha bir yeniliyi abunəçilərinə təqdim edir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
Seçki Məcəlləsindəki dəyişikliklər müzakirəyə çıxarılır
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə ediləcək dəyişikliklər Milli Məclisin plenar iclasına çıxarılır. Məlumata görə, Məcəlləyə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 6-da keçiriən iclasında müzakirə ediləcək. Daha sonra isə qanun layihəsinin parlamentin dekabrın 15-də keçiriləcək iclasında müzakirə edilməsi gözlənilir.
ETSN və DSX birgə reyd keçirib, qanunsuz ovlanmış 2 baş cüyür aşkarlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib. Nazirlikdən verilən məlumata görə, reyd zamanı meşə ərazisində “Niva” markalı, 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.
Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin tam hüquqlu üzvü seçilib
Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən Beynəlxalq Hərbi Tibb Komitəsinin 42-ci Ümümdünya Konqresində Azərbaycan Respublikası bu komitənin tam hüquqlu üzvü seçilib. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev isə Beynəlxalq Hərbi Tibb Komitəsində Azərbaycan Respublikasının Milli nümayəndəliyinin rəhbəri təyin edilib.
Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib
Azərbaycan Milli Məclisinin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. MOK-un mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Ağacan Abiyevin həyat yolunu əks etdirən film nümayiş etdirilib. Daha sonra tədbirə gələn qonaqlar, idman və elm xadimləri, idman federasiyasiyalarının nümayəndələri və digərləri onun həyat fəaliyyətini yada salıb, uğurlarından söz açıblar.
Ağsuda 20 kəndin içməli su təzhizatı yaxşılaşdırılır
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq 170 kənddə icra olunan layihələrin böyük hissəsi uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş ilk açılış mərasimi Ağsu rayonunun Padar kəndində keçirilib.
Səudiyyədə YENİ DALĞA - Hicabsız müsəlman qadınlar
Səudiyyə Ərəbistanda “mülayim islam” adı altında başlayan yeni dalğanın fonunda qadınlar baş örtüyü ilə bağlı yeniliklər tətbiq etməyə başlayıb. Qadınlarla bağlı yeni təklifləri ilə gündəmə gələn “mülayim islam” bu dəfə geyim və hicabla bağlı bir sıra təkliflər irəli sürüb. İslamda radikallıq və ifrata qarşı olan “mülayim islam”ın bu yeniliyi ötən gün Riyad şəhərində keçirilən konsertdə gündəmə gətirilib. Belə ki, məşhur musiqiçi Yanninin konsertini izləməyə gələnlərin əksəriyyəti qadınlar olub. Konsertdə "mülayim islam"ın çağırışı olan dəyişiklik diqqətdən qaçmayıb. Belə ki, qızların saçları açıq şəkildə gəzdiyi diqqətdən qaçmayıb. Kral Salman tərəfindən başlayan “mülayim islam”ın yenilikləri sürətli şəkildə tətbiq edilir.
Türkiyənin bəzi deputatları toxunulmazlıq hüququndan məhrum edilə bilər - KİMLƏR?
Türkiyə Böyük Millət Məclisinin (parlament) Xalqların Demokratik Partiyasından (HDP) olan 19 üzvü deputat toxunulmazlığından məhrum edilə bilər. Məlumata görə, bu gün Ankara prokurorluğu Ədliyyə Nazirliyinə HDP-dən olan bir sıra deputatların toxunulmazlığının ləğv edilməsi tələbi ilə müraciət edib. Prokurorluğun belə qərarının həmin deputatların PKK terror təşkilatına dəstək ifadə edən bəyanatları ilə əlaqədar olduğu bildirilir.
Avropada ən çox içən ölkələrın SİYAHISI
Baltikyanı ölkələr Avropa İttifaqının üzvləri arasında spirtli içkilərin ən çox istifadə olunduğu ölkələr olub. Məlumata görə, 2016-cı il ərzində avropalılar spirtli içkilərə ümumilikdə 130 milyard avroya yaxın pul xərcləyib. Statistikaya əsasən, bu siyahıda ilk üç yeri Estoniya (5,6 faiz), Latviya (4,8 faiz) və Litva (4,2 faiz) tutub. İlk beşliyə həmçinin Polşa və Çexiya daxil olub.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslər son söz deyiblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Faiq Allahverdiyev, Mehman Məmmədov və Mehman Quliyev son sözlə çıxış ediblər. Bununla təqsirləndirilən şəxslər son sözlərini bitiriblər. Hakimlər müşavirəyə gediblər.
Çində yüzlərlə tarakanı təyyarəyə keçirməyə çalışdılar
Çinin Quançjou hava limanında yaşlı cütlüyün baqajında 200 tarakan aşkar edilib. Məlumata görə, baqajın rentgen yoxlaması zamanı çamadandan bir tarakan çıxıb. Aparılan axtarış nəticəsində çamadandan tarakanlarla dolu paket aşkar edilib. Məlum olub ki, tarakanları dəri kremi hazırlamaq üçün aparırmışlar. Tarakanların təyyarəyə buraxılmasına icazə verilməyib.
15 rayonunda 27 kəndinin adı dəyişdirilir
Dekabrın 4-də Milli Məclisin Toponomiya Komissiyasının növbəti iclası keçirilib.İslasda Azərbaycanın 15 rayonunda 27 kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələlərə baxılıb.
Dövlət qulluğuna qəbul üçün qeydiyyat sona çatır
Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat sona çatır. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumatda bildirilib. DİM tərəfindən 17 dekabr 2017-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaqdır.
Heydər Əsədov beynəlxalq təşkilatın nümayəndələri ilə görüşüb
Dekabrın 4-də Kənd Təsərrüfatı naziri Heydər Əsədov İFAD-ın (Kənd Təsərrüfatı və İnkişaf üzrə Beynəlxalq Fond) Azərbaycan üzrə proqram meneceri Tarek Kotb və Türkiyə üzrə proqram rəhbəri Abdelhamid Abdouli ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşün məqsədi Azərbaycan Hökumətinin İFAD-la birgə həyata keçirdiyi "Heyvandarlıq Sektorunda Məhsuldarlığın və Marketinqin Təkmilləşdirilməsi Proqramı"nın maliyyələşdirmə Sazişi ilə bağlı müzakirələrin aparılması olub. Qonaqları səmimi salamlayan Kənd Təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanın İFAD-la əməkdaşlığa yüksək qiymət verdiyini və bu nüfuzlu təşkilatla əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.














