Birinci kurs tələbələrini hədələyən şəxs ADMİU-dan xaric edilib - AÇIQLAMA
21:32 SosialBirinci kurs tələbələrini hədələyən şəxs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən xaric edilib.
Bu barədə universitetin yaydığı məlumatda bildirib.
Qeyd edilib ki, bu gün sosial şəbəkələrdə, xüsusilə, "TikTok" platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb.
"Sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır. Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə - Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları"nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir".
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda bir qız və oğlanın canlı yayım zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələrinə qarşı bullinqlə bağlı ifadələr işlədiblər.
Canlı yayım zamanı universitetə yeni qəbul olunmuş tələbələr hədələnib, onlara fiziki xəsarət yetiriləcəyi bildirilib. Həmçinin yayımda əvvəlki illərdə tələbələrə xəsarət yetirildiyi ilə bağlı fikirlər səsləndirilib.