Kağız üstündə nə qədər qəhrəman yetişdirsə də, həyatda o qəhrəmanlıq yoxdursa, həmin ədəbiyyat yaxşı qarşılanmaz- Ədəbiyyat söhbətləri

"Olaylar"ın  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi fil.f.d., dosent Elnarə Qaragözovanın moderatorluğu ilə  "Ədəbiyyat söhbətləri" layihəsinin növbəti qonağı yazıçı, tərcüməçi  Səfər Alışarlıdır.

E.Q. Söz adamı Səfər Alışarlı, söz Sizə nə verib, Sizdən nə alıb?

S.A. Söz mənim üçün mistik yox, mənəvi kateqoriyadır. Söz yazıçı üçün tikinti materialıdır. Biz yazıçılar sözlə hər şeyi ifadə etməyə çalışırıq. Şərq aləmində sözün etimoloji və mənəvi yükü daha dərin və qədimdir. Bu ənənələrin üstündə yeni sözlə işləmək bizim üçün, Azərbaycan qələm adamları üçün elə də asan məsələ deyil. Tarix baxımından "gənc" ölkələr var ki, onların sözə xitabının yaşı bəllidir. Məsələn, rus xalqının sözlə işlədiyi haradasa min ildir. Amma Şərqdə sözün tarixi çox qədimdir. Bu baxımdan bizim işlərimiz bir qədər çətindir. Söz mənim üçün hər şeydir. Ümumiyyətlə götürəndə dünyada hər şey sözə bağlıdır. Çünki insan fikirlərini sözlə ifadə edərək bu həyatda yaşayır, insanın ifadəsi yalnız sözlə mümkündür. Bu baxımdan sözün qədrini, yerini bilmək çox vacibdir. Qələm adamları təəssüf ki, çox vaxt bunun bir o qədər də dərinliyinə varmırlar. Yerində işlənməyən söz kənarda lazımsız lampa kimi yanır və bildirir ki, mən bura təsadüfən, yaxud müəllifin bilməzliyi üzündən düşmüşəm. Bu baxımdan sözlə işləmək bizim üçün məsuliyyətli, ağır və çətin bir işdir.

E.Q. - Esselərinizdən biri belə adlanır: "Mirzə Cəlili redaktə etmək olmaz!" Bu essedən yola çıxaraq ədəbi mühit, ədəbiyyat kontekstində klassiklər və müasirlər, atalar və oğullar məsələsinə toxunaq.

S.A. - Esseni yazdığım zaman Mirzə Cəlili ikinci dərəcəli tematik seçimdə günahlandırırdılar. Bəziləri onun əsərlərinə plagiat deyirdi. Bəziləri deyirdi ki, "Eşşəyin itməkliyi"nin və "Ölülər"in motivləri gürcü ədəbiyyatından götürülüb. Bunlar hamısı Mirzə Cəlilə qarşı böhtan xarakterli yazılar, çıxışlar idi. Mən bu gün də o fikirdəyəm ki, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov kimi klassiklərimizə sayğı və hörmətlə yanaşmalıyıq. Onların yaradıcılığını yalnız bu günün nöqteyi-nəzərindən yox, zamanın nöqteyi-nəzərindən də qiymətləndirməyi bacarmalıyıq. Təbii ki, klassik əsər bu gün də öz missiyasını müəyyən qədər yerinə yetirə bilmirsə, o klassik sayıla bilməz. Ancaq adını çəkdiyim müəlliflərin yaradıcılığı bu gün də Azərbaycan cəmiyyəti üçün aktualdır. Buna görə də onlardan faydalı cəhətləri götürüb təqdir etməliyik, nəinki onları tənqidə məruz qoymalıyıq. Həyatda olmayan müəllifi tənqid etmək çətin deyil. İstənilən bədii əsəri yaradıcı mövqedən tənqid etmək olar. İdeal əsər yoxdur. Azərbaycan ədəbiyyatında bu ideallığın əmsalı haradasa 20-30 faizdən yuxarı deyil. Mən təbii ki, müasir Azərbaycan ədəbiyyatını nəzərdə tuturam. Ona görə də biz klassiklərimizə hörmətlə yanaşmalı, onları təşviq etməli və özümüzdən sonrakı nəsillərə ötürməliyik. Məhşur bir ifadə var ki, keçmişə güllə atma, gələcək səni topa tutar. Yaradıcılıq həddindən artıq mürəkkəb bir prosesdir. Bunu yazı-pozu adamlarının hamısı bilir. O ki qaldı cəmiyyətdə, yaxud ədəbiyyatda atalar və oğullar məsələsinə, bizim ədəbiyyatımız bu mövzuda digərləri kimi özündən nəsə kəşfetməyən bir ədəbiyyatdır. Tutaq ki, rus ədəbiyyatında bu mövzunun banisi "Ərəfə" əsəri ilə İ.S.Turgenev sayılır. Bu əsərdə Bazarov və ondan əvvəlki nəsillərin mübarizəsindən söhbət gedir. Bizdə atalar və oğullar mövzusu 60-70-ci illərin poeziyasında xüsusilə qabarıq şəkildə özünü göstərir. Bizim ədəbiyyatda da  atası müharibəyə gedib qayıtmamış müəlliflər bu haqda poemalar, əsərlər, romanlar və s. yazıblar. Amma bu atalar və oğullar mövzusu deyil. Atalar və oğullar mövzusunun mahiyyəti bugünkü günə, bugünkü ictimai-siyasi proseslərə dünənin və bugünün nöqteyi-nəzərindən baxmaq, onları qarşı-qarşıya qoymaq, təhlil etmək, araşdırmaq kimi məsələləri özündə ehtiva edir. Bizim ədəbiyyatımız hələ dünənki həyatımıza, quruluşumuza lazım olan ictimai-siyasi və bədii qiyməti verə bilməyib. Bu məsələ ədəbiyyatda, sənətdə  bədii həllini tapmalıdır. Biz ədəbiyyatımızda bunu hələ əks etdirə bilməmişik. Dünənki müharibəmizin əksini də biz hələ tam bədii fəlsəfəsi ilə yekunlaşdıra bilməmişik. Azərbaycan 30 illik işğala son qoyub, son 200 illik tarixində möhtəşəm bir hərbi-siyasi addım atıb. Təbii ki bu bədii ədəbiyyatda da öz layiqli yerini tutmalıdır. Biz bunun da bədii həllini hələ lazımi qədər, lazımi keyfiyyətdə verə bilməmişik. Ümumiyyətlə götürəndə bizim dünənki günə baxışımızda bugünkü problemlərin açarını dünənki gündə axtarmaq meylimiz həqiqətdir. Elə məsələlər, elə proseslər var ki, onların əsası dünən, srağagün, ondan da qabaqkı vaxtlarda, təbii ki, mən məcazi mənada deyirəm, qoyulub və bunlar həll edilmədiyindən, bunlara ictimai dirəniş olmadığından, bunlara qiymət verilmədiyindən bütün mənfi və müsbət tərəfləri ilə  bu günümüzə adlayıblar. Mən 50-60-cı illər, 70-ci illər Azərbaycan ictimai-siyasi həyatını indiki internet imkanlarından faydalanaraq tədqiq etməyə çalışıram. Doğrusu, bu tədqiqdə elə məsələlərə rast gəlirəm ki, onu yalnız dövrün, zamanın qiymətinə oturtmaq olur. O dövrün insanı çox kiçik varlıqdır, o möhtəşəm tədbirlərin fonunda, həyata keçirilən siyasətin fonunda  çox kiçik görünür. Həmin dövrlərdə insanlar demək olar ki, qədirsiz-qiymətsiz maşın mexanizmlərinə bənzəyirdilər. Yuxarıdan gələn hər hansı bir göstəriş insanların həyatında Allahdan, Allahın qanunlarından üstün qiymətləndirilirdi, tətbiq olunurdu. Bu baxımdan ədəbiyyatın burada faciə axtarışı düzgün idi. İstərdim ki, həmin dövrdən özüm üçün bədii nəticələr çıxara bilim. Bu gün atalar-oğullar məsələsində biz heç də atalarımızdan zəif görünmürük. Bayaq qeyd etdiyim o möhtəşəm Qarabağ qələbəsi fonunda  oğullar yetərincə cəsarətli, qüdrətli, qüvvəli və qürurlu görünür. Bizim keçmiş nəsil bir çox şeyləri həll edə bilməyib bu günə ötürüb. Təbii ki, bunun da obyektiv, subyektiv səbəbləri var idi. Amma fakt ondan ibarətdir ki, biz hələ bu müstəqil dövlətə, bu dövlətdə yaşayan  azad xalqa  onun layiq olduğu, can atdığı  dəyəri verə bilməmişik. Buna görə də hesab edirəm ki, bu sahədə təkcə ədəbiyyatın cəhdləri uğurlu deyil. Əlbəttə ədəbiyyat mövzu kəşf edə, onun aktuallığını qabardıb ictimaiyyətin qarşısına qoya da bilər. Qoymalıdır da. Bu ədəbiyyatın ən böyük vəzifələrindən biridir. Ancaq ədəbiyyat bunları həll edə bilməz. Kağız üstündə nə qədər qəhrəman yetişdirsə də, həyatda o qəhrəmanlıq yoxdursa, həmin ədəbiyyat yaxşı qarşılanmaz, hətta gülüş doğura bilər. Amma ədəbiyyatın öncüllük missiyası da var. Öncüllük missiyası ondan ibarətdir ki, ədəbiyyat inandırmağı bacarır. Axı toplum, xalq özünü kənardan görə bilmir. Topluma, xalqa özünü göstərmək üçün güclü bədii əsər olmalıdır. Bu söz sənətinə də, kino sənətinə də, rəssamlığa da aid ola bilər. Mədəniyyətin bütün əsas sahələri buna etməyə həm qadirdir, həm də borcludur. Topluma özünü göstərmək üçün ilk növbədə əsər öz tipikliyini saxlamalıdır, həyatdan çox da uzaqlaşmamalıdır, həyatda olan hadisələri bədii obyektivliklə işıqlandırmağı bacarmalıdır.

Bu gün atalar və oğullar mövzusunda məni ən çox narahat edən problemlərdən biri ailə dəyərlərinə biganəlikdir. Bizim ailə institutumuz çox güclü təsirlərə məruz qalır. Bəzən bunu hətta xaricdən bizim ölkəmizi, dövlətimizi istəməyən adamların təzyiqi kimi qiymətləndirirəm. Bu təzyiqlər, əlbəttə, bəzən də rəmzlərlə cəmiyyətə yeridilir, amma mahiyyət etibarilə baxanda görürsən ki, bunlar ailə institutunun zəiflədilməsinə yönəlmiş addımlardır. Məsələn, Şərq aləmində ağsaqqal, ağbirçək sözü dəyərli, qiymətli və sayğılı olub. Bizim qanunvericilərimiz bu yaxınlarda bir qanun qəbul etdilər ki, qaynananın və qaynatanın ailəyə müdaxiləsi cinayət kimi təsnif oluna bilər və bu haqda cinayət məcəlləsində artıq maddə olsun. Mən bilmək istəyirəm ki, hansı qaynata və yaxud qaynana gənc ailəyə müdaxilə edərək onu pis yola təhrik edə bilər? Qaynata və qaynana həmişə ailəni barışığa çəkər, konfliktin ortadan götürülməsinə çalışar, ailənin dağılmamasına çalışar, ailəyə yeri gələndə maddi-mənəvi kömək edər. Bunu müdaxilə kimi qiymətləndirib cinayət əməli kimi təsnif etmək çox böyük eybəcərlikdir.  Bu yaxınlarda oxudum ki, belə bir qanun layihəsi hazırlanır ki, əmiqızı, əmioğlu, xalaqızı, xalaoğlu evliliyi qanunla qadağan olunacaq. Biz bilirik ki, adətən bir qayda olaraq bu nikahlar daha davamlı nikahlar sayılır. Çünki qohumluq münasibətləri ailənin dağılmasına imkan vermir. Azərbaycanda, müsəlman aləmində bu belədir.

E.Q. - Səfər müəllim, "Maestro" romanınızda I Qarabağ müharibəsi, 20 yanvar faciəsi ilə bağlı məqamlar var idi. Bu romandan yola çıxaraq Sizə növbəti sualımı ünvanlamaq istəyirəm.  Bizim bugünkü qələbəmizdə ədəbiyyatın, sözün nə qədər rolu oldu və bundan sonra bu qələbənin təbliğində ədəbi mətnin rolu necə olmaldır?

S.A.  -  Milli incəsənətin, milli mədəniyyətin, o cümlədən milli bədii ədəbiyyatın son otuz ildə işğala qarşı gördüyü iş, əlbəttə, təqdirəlayiqdir, həm həcm, həm də məzmun, mahiyyət  etibarilə böyük bir işdir. Əgər fikir verdinizsə, işğal altında olan torpaqlarımız, hər bir bölgəmiz, işğalın ab-havası haqqında bədii əsərlərin yaradılmasında  bizim poeziyamız xüsusilə öndə getdi. O torpaqlara həsr olunmuş çoxlu şeirlər yazıldı, mahnılar oxundu,  nəsr əsərləri yarandı. Hesab edirəm ki, bu mənada Azərbaycan ədəbiyyatı öhdəsinə düşən işi çox böyük məsuliyyət, çox böyük vətənpərvərlik hissi, çox böyük keyfiyyətlə yerinə yetirə bildi. Yəni, bəzən düzdür bizi yorurdu o ağlaşmalar, hər bölgənin, hər rayonun, kəndin az qala işğal gününün qeyd edilməsi kimi ağır məqamlar. Amma bütövlükdə gördük ki bütün bu proses nəticə etibarilə Azərbaycan ordusunun ruhunun, onun döyüş əzminin və qabiliyyətinin möhkəmlənməsinə xidmət etdi. Bütövlükdə bu proses Azərbaycan xalqına o torpaqları yaddan çıxarmağa imkan vermədi. Və xalqımız, dövlətimiz təbii ki, öz ordusunu ən müasir silahlarla silahlandırdı və ordumuz da torpaqlarımızın azadlığı uğrunda heç nəyini əsirgəmədən qələbə bayrağını Xankəndiyə qəədər aparıb çatdıra bildi. Mən erməni dilini bilmirəm, amma sosial şəbəkələrdən görürəm ki, ermənilər guya itirdikləri dəyərlər və torpaqlar haqqında sızıldaşmağa başlayıblar. Onların bu mövzuda  istər musiqidə, istər başqa formada təbliğatını sosial şəbəkələrdə hiss edirəm. Ancaq inanmıram ki, bunun erməni xalqına onun nahaq, ədalətsiz, yersiz iddialarında bir köməyi olsun. O ki qaldı mənim "Maestro" romanıma, mən orada o vətənpərvərlik hisslərini o qədər də çılpaq qabartmamışam. Onların bədii həllini tapmağa çalışmışam. Çünki ədəbiyyat əgər bədii həlli tapmırsa, onun çılpaq deklorativ çağırışları mənasız olur. Ədəbiyyatın borcu qoyulan hər bir məsələnin bədii həllini tapmaqdır, ona oxucunu inandırmaqdır. Təsvir etdiyi detalı, hissəni bütövlükdə oxucuya tanıdaraq onun, necə deyərlər, yaddaşına həkk etməkdir. "Maestro" romanı çoxdan yazıımış bir əsərdir.  Bu romanın bir hissəsi bu əsrin əvvəllərində, bəzi hissələri isə keçən əsrdə yazılıb. Təbii ki, o zaman ictimai-siyasi mühit, ümumiyyətlə bütövlükdə Azərbaycan həyatı çox düşkün bir formada idi. Bir milyondan çox qaçqın ölkənin bir tərəfini tərk edib digər tərəfinə gəlmişdi. Bakı şəhərində vəziyyət həddindən artıq gərgin idi. İctimai-siyasi proseslər baş alıb gedirdi. Həddindən artıq mürəkkəb bir vəziyyət idi. Mən o proseslərin içindən romana lazım olan bəzi məsələləri götürməyə çalışmışam. Düşünürəm ki, romanda uğurlu cəhətlər çoxdur. Roman haqqında mətbuatda da yazılar çoxdur. Bilirsiniz, hər əsər öz dövründə yazılmalıdır. Əsər öz zamanında yazılanda onun təsir imkanları da çox olur. Zamana, zamanın qəhrəmanlarına uyğun qələmə aldığım "Timsah ağzında" romanım, çox təəssüf ki, təqdim etdiyim jurnal tərəfindən çap edilmədi. Ümumiyyətlə yazıçı fırlanan, öz yerini tapmayan ideyaları yerinə oturtmağı bacarmalıdır. Bu nəzəri cəhətdən belədir. Amma praktiki cəhətdən biz yazıçılar ona nə dərəcədə nail oluruq, bunu demək bir qədər çətindir.

E.Q. - Sizin "Sentyabr sinsitməsi" hekayəniz Bakıya ali təhsil almaq  üçün gələn bir gəncin başına gələn olaylardan bəhs edir. Qəhrəmanınızın əsərin sonunda verdiyi qərar bu gün psevdo ali təhsilli olmaq istəyən, əsassız həvəsi, iddiası olan  gənclərin vaxtında verməli olduqları bir qərardır. Çünki indi sadəcə prestijli görünmək üçün məhz valideynlər tərəfindən ali təhsilə yönəldilən gənclər də az deyil. Halbuki onlar başqa spektrdə, bir sənətkar kimi vətənə daha çox faydalı ola bilərlər. "Sentyabr sinsitməsi" hekayəniz üzərindən bu məqamlara nəzər salaq.

S.A. - "Sentyabr sinsitməsi" hekayəsi mənim Bakı şəhəri ilə ilk görüşümün hekayəsidir. Onda 13-14 yaşlı bir yeniyətmə idim. Bakı şəhərinə təzə gəlmişdim və texnikumda oxuyurdum. Yaşamağa da yerim yox idi. Yataqxana arzusu ilə yaşayırdım. O dövrün Bakısı ümumiyyətlə mənim üçün maraqlıdır. Mən indi yazdığım bəzi yazılarda həmin dövrün Bakısına ekskurslar edirəm. Çünki o dövrün Bakısı bugünkündən tamamilə fərqli idi. Fərqlərin sintezində haradasa həqiqətə, haradasa xeyirin və şərin transformasiyasına daha tez çatmaq olur. Bugünkü təhsil əvvəlki, onilliklər öncənin təhsilinə az bənzəyir. Binalar həmin binalardır. Bəlkə müəllimlər də həmin müəllimlərdir. Amma şagirdlər, tələbələr həmin tələbələr deyil. Zaman dəyişib və bizdən asılı olmadan övladlarımız təhsil müəssisəsində bizim kimi davranmırlar. "Sentyabr sinsitməsi" hekayəsində açılmayan bir məsələ var. Həmin  məsələ ondan ibarətdir ki, bu uşaq bu texnikumda oxumağı o qədər də istəmir. Sadəcə necə deyərlər, qeyrətinə qısılıb təhsilini davam etdirir. Heç şübhəsiz ki, təhsili bir müddət davam etdikdən sonra o təhsili başa da vuracaq. Doğrudur, hekayədə o məqam da göstərilməyib. Amma bir kənd uşağının şəhərlə ilk təması, ilk toqquşmasından yaranan bəzən xəyal qırıqlığı, bəzən heyranlıq bu hekayədə özünü göstərir. Mənim sonrakı əsərlərimdə ixtisas üzrə yerinə düşməmək məsələsi öz yerini tutur. Oradan gözəgörünməz bir yol bu hekayəyə doğru yönəlir. Bu hekayə haqqında yalnız bunu demək istərdim.

E.Q. - Siz realist yazıçısınız. Reallığın bədii əsərdə öz əksini tapması prinsipləri bəllidir. Bəs Səfər Alışarlı üçün bədii əsərdə reallığın həddi nə qədər olmalıdır? Bilirik ki, naturalizm daha natural, daha kəskin real halların əksidir. Realizmin ədəbiyyatda əksində hansı hədləri gözləmək lazımdır ki, əsər çox natural, yaxud publisistik bir məqama gəlib çatmasın?

S.A. - Realizm də, naturalizm də çox ciddi yaradıcılıq təmayülləridir və hər bir qələm adamı, püxtələşmiş, özünü dərk etmiş, oxucuya həqiqətən nəsə demək istəyən yazıçı bunları bilməlidir. Naturalizm, məlum olduğu kimi, XVIII əsr ədəbiyyatının realizmdən əvvəlki mərhələsidir.  Romantizmdən canını qurtarmış yazıçılar naturalizmdə sırf həyat həqiqətlərini olduğu kimi köçürməyə çalışırdılar. Amma bu naturalist məktəbin də ömrü uzun çəkmədi. Çünki fotoqrafiya mahiyyətli naturalizm maraqlı deyil. Yəni oxucu üçün, tamaşaçı üçün fotoqrafiya yalnız tarixin heç nə deməyən bir anıdır. Fotoqrafiklik naturalist məktəbinin fəlsəfəsidir. Bu məktəbin fəlsəfəsini rus ədəbiyyatında sındıran ilk yazıçı N. Qoqol oldu. N. Qoqol özünün qroteski, satirası ilə o məktəbi, demək olar ki, darmadağın etdi. N. Qoqoldan sonra başlayan rus nəsri artıq sırf realist nəsrdir ki, o nəsrdən bizim ədəbiyyatımız da müəyyən qədər faydalandı, bəhrələndi. Bugünkü realizm artıq özünü bir məktəb olaraq tam israf edib qurtarıb. İndi postmodernizm cərəyanı yaranıb. Hələ ondan öncə  modernizm də var idi. Biz indi bir növ postmodernizm dövründə yaşayırıq. Amma bu postmodernist dövr realizmin çərçivələrini bir o qədər də dağıdıb çıxa bilmir. Onun qolunun biri sanki realizmə bağlıdır. Çünki nəsillər dəyişməyib, təfəkkür və düşüncə tərzi təxminən 50, 100 il bundan əvvəlki kimidir. Axı yazıçı həyatdan və öz oxucusunun düşüncəsindən çox da irəli qaça bilməz. Yazıçı çox irəli qaçanda o başa düşülmür və onun əməyi demək olar ki, hədər gedir. Buna görə yazıçının bir ayağı həmişə keçmişdə, o biri ayağı isə gələcəkdə olmalıdır. Bu mənada bizim ədəbiyyatda axtarışlar, gənclərə məxsus axtarış formaları çox vaxt özünü doğrultmayıb. İstər-istəməz gənclər püxtələşəndən, təcrübə qazanandan sonra realizm məktəbinin bütün incəliklərinə nail olmağa çalışırlar və ona qayıdırlar. Postmodernizm şıltaq söz oyununa, fikir oyununa, cümlə oyununa, fraza oyununa daha çox bənzəyir. Odur ki, mən bu cərəyana o qədər də aludə deyiləm. Mən həqiqətən daha çox realistəm və düşünürəm ki, yəqin elə ömrümün axırına qədər də realist olaraq qalacağam. Eksperiment yaxşıdır. Yaradıcılıq eksperimenti heç də həmişə fayda verməsə, uğurla nəticələnməsə də, müəyyən bir söz oyunu üçün yaxşı baza yaradır. Çalışıram mən də hərdən o eksperimentləri edim. Amma bilmirəm nə dərəcədə alınır. Məsələn, sonuncu romanım  əgər çap edilsəydi, Siz orada həmin o qeyri-adi forma və məzmun oyunu, bir çox fərqli səhnələri görə bilərdiniz. Təəssüf ki, roman çap olunmayıb.

E.Q. Səfər müəllim, Siz də M. Qorki adına Ədəbiyyat İnstitutunun məzunusunuz. Həmin institutun məzunları olan bir çox yazıçılarımızın yaradııcılığında ədəbi növ müxtəlifliyi müşahidə olunur. Yəni həm epik, həm lirik, həm də dramatik növdə qələmlərini sınayıblar. Biz Sizi yalnız nəsr ustası kimi tanıyırıq. Bilmək istərdim, Sizin də yaradıcılığınızda digər ədəbi növlərdə olan, yəni lirik və dramatik növdə olan və bizə təqdim etmədiyiniz, bir növ pünhan saxladığınız ədəbi nümunələr varmı?

S.A. - Tutaq ki, Tahir Taisoğlunu mən şeirlərindən tanıyırdım. Sonralar nəsr əsərləri də olduğunu öyrəndim. İzlədiyim M. Qorki adına Ədəbiyyat İnstitutunun məzunlarından Sadaq Budaqlı klassik nəsrdən başlamışdı, elə nəsrdə də davam edir. Ola bilər ki, M. Qorki adına Ədəbiyyat İnstitutunun məzunlarının bir çoxu müxtəlif növlərdə qələmini sınasın. Bunlar yaradıcılığın axarıncı məsələləridir. Hansı janrda yazmaq əsas məsələ deyil. Əsas nəsə yazmaqdır. Janr özü-özlüyündə cəlbedici, aldadıcı da ola bilıər. Lakin müəyyən məqamda görəndə ki, sənin dediklərini, demək istədiklərini səndən qabaq min dəfə deyiblər və səndən də yaxşı deyiblər, artıq o janr sənə bütövlükdə lazım olmur. Dram əsərləri ilə bağlı bir məqamı da demək istərdim. Burada təkcə yazıçıdan asılı olan məqamlar azdır. Teatrdan asılı məqamlar daha çoxdur. Bizim bugünkü teatrımız heç bir tələbdə bulunmur. Yalnız sınanmış, tapdalanmış yolla getmək istəyən, gedən bir teatrımız var.  Bir dəfə bir rejissorla söhbət edirdim. O dedi ki, bizim əsas tələblərimizdən biri də odur ki, hansı əsəri qoyuruqsa, orada mümkün qədər çox obraz olsun, çox aktyor iştirak etsin, teatrın işçiləri bekar qalmasın. Belə qeyri-yaradıcı, qeyri-professional məqamlar insanı teatrdan uzaqlaşdırır. Mən vaxtilə 1-2 pyes yazmışam. Onların bir hissəsini povestlərimin içinə daxil etmişəm. Görəndə ki, yeni tipli pyeslərə ehtiyac yoxdur, teatr bu sevdada deyil, həvəsdən düşdüm. Teatrda bu gün gedən tamaşalar da bütövlükdə götürəndə fövqəladə ədəbi hadisələr deyillər.

E.Q. - "Gavur" əsərinizdəki Seyran, Seryoja özünü axtaran bir qəhrəmandır. Əsərdə cəmiyyətimizdə aktual olan problemlər, tendensiyalar da öz əksini tapıb. "Gavur" povestinin başqa bir qatını - insanın insana sevgisi, ailə istisi qatını vurğulamaq istəyirəm. Bu əsərin kontekstində ədəbiyyatdan cəmiyyətə yönələk. Bu gün bizim ailələrimizdə məhz o ailə istisi, ailə sevgisi çatışmır. "Gavur"dan yola çıxaraq bu kontekstdə bir ziyalı kimi fikirlərinizi eşitmək istərdik.

S.A. - "Gavur" əsəri ailə sevgisi haqqındadır. Amma bu bir kənd həyatını əks etdirən əsərdir. Gəncliyini başqa ölkədə - Rusiyada xərcləmiş bir insanın sevgisi əsərin mərkəzində dayanır. Rusiyada uğurlu həyat yaşayan Seyran kəndə qayıdıb maddi və mənəvi yoxsulluq mühitinə düşür. Onun oğluna, qızına, həyat yoldaşı Şövkətə qarşı sevgisi çox böyükdür. Tamamilə doğru qeyd etdiniz ki, vətənə sevginin, cəmiyyətə sevginin, əmin-amanlığın başlanğıcı ailədir. Əgər ailə uğurlu ailədirsə, orada sevgi hakimdirsə, o zaman bütün çətinliklərin öhdəsindən gəlmək olur. Əgər ailədə sədaqət varsa, doğruluq varsa, bir-birinə güvən varsa, o ailəyə Allah da kömək edir. Yəni heç vaxt darda qoymur. Bu gün gənclərimiz bunu anlamırlar. Gənclərin bunu dərk etməməsi də təəccüblü deyil, çünki gənclik öz təbiətinə görə müdrik deyil. Gənclik həyata üzdən baxır, parıltıya aludə olur. Buna görə də gənc ailədə problem yaranır. "Gavur" povestini yazanda mənim kənd sevgim şəhər sevgimi üstələyirdi. Həmin dövrdə kəndə qayıtmaq, doğma insanların arasında olmaq istəyirdim. O mühit mənim üçün həddindən artıq doğmadır və həmin insanların həyatından yazmaq mənim üçün o qədər də çətin deyil. Amma müasir ailə daha mürəkkəb şəraitdədir. Müasir sosial şəbəkələr, maddi təhriklər şəraitində ailənin möhkəmliyini qorumaq şəhər mühitində xüsusilə çox çətindir.  Bu gün cəmiyyətdə boşanmaların sayı nikahların sayını üstələyir. Mən bu yaxınlarda radioya qulaq asanda orada ailə statistikası ilə bağlı qısa xəbər xülasəsində bir neçə rəqəm səsləndirildi. Neqativ statistikanın artması ailənin dayaqlarını dağıdan məqamdır. Bizim düşmənlərimizin ailə məsələsində bizə baxışı çox ciddi məsələlərə, məqamlara dayanır. Onlar bilirlər ki, ailə olmasa ordu olmayacaq, ailə olmasa cəmiyyətdə pozulma halları artacaq. Məsələn, cüzi bir çətinliyə düşən adamın ailəyə bağlılığı onu vətəndə saxlayır. Əks halda o ölkədən gedir, onu yetişdirən vətəninə deyil, yad ellərə faydalı olur. Bu mənada ailə bizim dövlətimizin, xalqımızın göz bəbəyi kimi qoruyacağı institut olmalıdır. Mən bütün əsərlərimdə, o cümlədən adını çəkdiyiniz "Gavur" əsərində də ailənin önəmini vurğulamışam. "Gavur" povestində ailə məsələsi öndədir. Hətta Rusiyada özünü tapmamış gəncin qayıdıb ailədə özünü tapması da ailə institutunun önəmini sübut edir.

DAVAMI VAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31