Karyera və ailə: Qazandıqlarımız itirdiklərimizə dəyirmi?

Müasir dövrdə uğur anlayışı çox vaxt işlə, statusla, maddi təminatla ölçülür. İnsanlar arzularının arxasınca gedərkən yüksək vəzifə, prestijli iş, sabit gəlir, tanınmaq kimi məqsədlər uğrunda bəzən ən dəyərlisini, ailə münasibətlərini itirirlər. Karyera pillələrində yüksəldikcə, evdə məsafələr yaranır: bir vaxtlar yaxın olan insanlar yadlaşır, söhbətlər susur, birlikdə keçən anlar "vaxtım yoxdur" bəhanəsi ilə əvəz olunur. Xüsusən də böyük şəhərlərdə, rəqabətli mühitdə çalışanlar üçün bu reallıq getdikcə daha ağrılı hal alır.
Bu, sadəcə fərdi seçim deyil - cəmiyyətin formalaşdırdığı dəyərlər sisteminin nəticəsidir. Uğur qazanmaq istəyi ilə ailə arasında qalan insanlar çox vaxt ya birindən imtina etməyə, ya da hər ikisini yarımçıq yaşamağa məcbur olurlar. Amma sual budur: karyera uğrunda qazandıqlarımız, ailədə itirdiklərimizə dəyirmi? 

Mövzu ilə bağlı Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin rəhbəri, "Ahəng psixoloji inkişaf və dəstək" ictimai birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova Olaylar.az-a danışıb. Psixoloq bildirib ki, karyera və ailə mövzusu hər zaman cəmiyyətdə həssas və aktual müzakirə mövzusu olmuşdur. İnsanlar arasında köklü bir fikir mövcuddur ki, uğurlu olmaq üçün mütləq şəkildə ya karyera, ya da ailə seçimini etmək lazımdır. Bu, sanki iki bir-birinə zidd qütb kimidir - birinə nə qədər çox zaman ayırsan, digərindən o qədər qurban verməlisən. Bu yanlış ikiləşmə bir çox şəxsləri psixoloji gərginlik altına salır və onları ya karyera ambisiyalarından, ya da ailə xoşbəxtliyindən imtina etməyə məcbur edir.

"Əslində isə, bu yanaşmanın kökündən yanlış olduğu düşünülür. İnanıram ki, bir insan iş həyatında uğurlu olduğu qədər, ailə həyatında da eyni dərəcədə uğurlu ola bilər. Uğur mütləq şəkildə birinin qələbəsi, digərinin məğlubiyyəti demək deyil. Əksinə, karyera və ailə bir-birini tamamlayan və gücləndirən iki təməl sütun kimi qəbul edilməlidir. Bu tarazlığı yaratmaq isə düzgün zaman bölgüsü və effektiv planlaşdırma ilə mümkündür", - deyə V. Əmiraslanova əlavə edib. 

Psixoloqun sözlərinə görə, karyera və ailə arasında sağlam bir tarazlıq yaratmağın açarı günün və həftənin düzgün təşkilindədir: "Məsələn, səmərəli idarə olunan bir iş günü, fərdi həyat üçün də kifayət qədər vaxt ayırmağa imkan verir. Həftəsonları və ya axşam saatları ailə ilə keyfiyyətli zaman keçirmək üçün bir fürsətə çevrilməlidir. Əsas məqam təkcə orada olmaq deyil, həqiqətən iştirak etməkdir. Yəni iş e-poçtlarını və ya telefon zənglərini bir kənara qoyub, bütün diqqəti ailəyə yönəltmək vacibdir.
Ailədə uşaqlar varsa, işləyən valideynlərin narahatlığını azaltmaq üçün müasir həyat şərtləri geniş imkanlar yaradır. Məktəbəqədər müəssisələr, özəl bağçalar və dayə xidmətləri iş saatları ərzində uşaqların təhlükəsizliyini, qidalanmasını və inkişafını təmin edir. Bu cür müəssisələr təkcə nəzarət funksiyası daşımır, həm də uşaqların erkən sosiallaşmasına və təhsil almasına kömək edir. Beləliklə, valideynlər işlədikləri müddətdə övladlarının yaxşı baxıldığına əmin olurlar".

Psixoloq qeyd edib ki, ailəyə ayrılan zaman həm həyat yoldaşına, həm də uşaqlara edilən bir investisiyadır. Bu, təkcə fiziki olaraq bir yerdə olmaq yox, emosional əlaqəni gücləndirmək deməkdir. Tədqiqatlar göstərir ki, valideyn-uşaq münasibətlərində keyfiyyətli zaman keçirilməməsi çox böyük mənfi izlər buraxır:
Emosional və psixoloji problemlər: Valideynlərin diqqətindən məhrum olan uşaqlar aqressivləşə, narahat ola, özgüvənsizlikdən əziyyət çəkə bilərlər. Onlar bəzən valideynin sevgisini və diqqətini cəlb etmək üçün qeyri-konstruktiv davranışlara (aqressiya, pis oxumaq) yönəlirlər.
Sosiallaşma çətinlikləri: Ailə mühitində kifayət qədər ünsiyyət qurmayan uşaqlar asosioloji vərdişlər qazanır, özlərini cəmiyyətdən təcrid olunmuş hiss edə bilirlər.
Dəyərlərin formalaşması: Uşağın dünyagörüşü, əxlaqi dəyərləri və gələcək həyata baxışı ilkin olaraq ailə mühitində formalaşır. Bu prosesə zaman ayırmayan valideyn, övladının inkişafında böyük boşluq buraxmış olur.

V. Əmiraslanova vurğulayıb ki, bu tarazlığın əldə olunmasında ailə qurduğumuz şəxsin rolu da danılmazdır. Həyat yoldaşının fərdin karyera məqsədlərinə, işinə və peşəkar inkişafına hörmətlə yanaşması və dəstək verməsi olduqca vacibdir. Bu, ikitərəfli bir prosesdir: karyera quran fərd ailəyə olan öhdəliklərini unutmamağı bacarmalı, həyat yoldaşı isə onun ambisiyalarını qəbul etməlidir. Qarşılıqlı anlaşma və dəstək stressi azaldır və hər iki tərəfin inkişafına şərait yaradır.

"Nə karyera, nə də ailə digərinin uğuru naminə qurban verilməməlidir. Qurban verməklə yox, tənzimləməklə hər iki sahədə uğur qazanmaq mümkündür. Qurban verildiyini düşünən ailələr və ya fərdlər əslində səhv sual verirlər. Sual "Hansını seçməliyəm?" deyil, "Mən zamanımı necə tənzimləməliyəm?" olmalıdır.
Əgər fərd öz vaxtını düzgün tənzimləyə bilərsə, prioritetlərini düzgün müəyyənləşdirərsə və ailənin dəstəyini alarsa, nəticədə heç bir "qurban" olmayacaq. Əksinə, işdə qazanılan uğur ailənin maddi rifahını yüksəldəcək, ailənin verdiyi mənəvi dəstək isə işdə daha motivasiyalı olmağa kömək edəcək. Beləliklə, karyera və ailə ziddiyyətdən çıxıb həyat harmoniyasının əsas elementi kimi qəbul olunacaq. Hər bir yetkin insan bu tarazlığı yaratmaq məsuliyyətini öz üzərinə götürməlidir", - deyə ekspert   əlavə edib.

Mövzunu sosioloq Mail Yaqub da şərh edib. Sosioloq bildirib ki, karyera və ailə arasındakı ziddiyyət, xüsusilə də qadınların peşəkar həyatında özünü daha kəskin şəkildə büruzə verir. Əgər ailədə xanımın şəxsi karyerası, peşəkar uğurları və bununla bağlı formalaşan müstəqil həyata baxış tərzi varsa, bu, bəzən həyat yoldaşı tərəfindən qısqanclığa və ya anlaşılmazlığa səbəb ola bilər. Belə bir vəziyyətlə üzləşən qadın adətən kəskin bir dilemma qarşısında qalır: ya ailəsini seçməlidir, ya da karyerasını qurban verməlidir.
Lakin bu vəziyyətdən çıxış yolu yalnız iki seçimdən ibarət deyil; burada üçüncü bir variant da mövcuddur ki, bu da münasibətlərin təməl prinsipləri üzərində qurulur.

Üçüncü yol: İnandırma və etimadın bərpası

Xanım, dilemma vəziyyətində qalmaması üçün fəaliyyətə keçməli və həyat yoldaşına iki əsas məsələni sübut etməlidir: Xanım yoldaşına olan sədaqətini və ailəsinə bağlılığını dəfələrlə təsdiqləməlidir. Bu, təkcə sözdə deyil, davranışda da əks olunmalıdır. Həyat yoldaşına verilən emosional güvən və diqqət qısqanclıq zəminində yaranan bütün şübhələri aradan qaldırmaqda ən vacib şərtdir.
Xanım peşəsinə olan sevgisini, işindəki uğurların həm maddi, həm də şəxsi inkişaf baxımından ailə üçün əhəmiyyətini yoldaşına isbatlamalıdır. Karyerasının ailə dəyərlərinə zidd deyil, əksinə, onların güclənməsinə xidmət etdiyini başa salmalıdır. İşin təkcə şəxsi ambisiya yox, həm də ailənin rifahı üçün zəruri olduğunu aydın şəkildə bildirməlidir.
Əsas məsələ, xanımın həyat yoldaşını "Mən sənə sadiqəm və karyeram sədaqətimi heç bir şəkildə şübhə altına almır" fikrinə inandırmasıdır. Bu etimadı qazandıqda, həyat yoldaşı adətən mövcud vəziyyətlə razılaşır və dəstəkləyici mövqe nümayiş etdirir. Beləliklə, qadın həm ailəsini qorumuş, həm də karyerasını inkişaf etdirmiş olar.

"Şübhəsiz ki, uğurlu insan olmaqla ailəni qorumaq arasında seçim etmək lazımsız bir ziddiyyətdir. Uğur qazanmaq naminə ailəni qurban vermək, cəmiyyətimizdə köhnəlmiş və qəbul edilməz bir təfəkkürdür. İnsan tamamilə ailəli ola-ola da cəmiyyətdə uğurlu şəxs ola bilər. Müasir dövrdə bu iki sahənin bir-birini inkar etməsi yox, tamamlaması əsas prinsip hesab edilməlidir", - deyə sosioloq əlavə edib.

Boşanmaların gələcəyə təsiri

Ailənin dağılması, istər karyera ilə bağlı anlaşılmazlıqlar səbəbindən, istərsə də digər səbəblərdən olsun, gələcək nəsillərə və cəmiyyətə olduqca pis örnəkdir. Boşanmaların çoxaldığı indiki dönəmdə ailənin qorunması məsələsi xüsusi aktuallıq kəsb edir və qəti şəkildə yol verilməz hala gəlmişdir. Hər bir fərd maksimum çalışmalıdır ki, ailə birliyini qorusun və möhkəmləndirsin.
Yekun olaraq vurğulamaq lazımdır ki, karyera və ailə arasında seçim dilemması yalnız ünsiyyət, etimad və düzgün zaman tənzimlənməsi çatışmayanda ortaya çıxır. Sədaqəti sübut etmək və işin əhəmiyyətini anlamaqla, qadınlar həm peşəkar müstəqilliklərini qoruya, həm də ailə xoşbəxtliyini təmin edə bilərlər.

Fikrimcə, insan həyatı bir tərəfli yola bənzəmir, karyera və ailə bir-birinə qarşı deyil, əslində biri digərini tamamlamalıdır. Uğurun ən parlaq forması yalnız peşə zirvəsinə çatmaq deyil, həm də bu yolda sevdiklərini itirməməkdir. İş həyatında yüksəlmək mümkündür, amma uşaqlığın, gəncliyin və yaxın münasibətlərin geri qaytarılması mümkün deyil.
Bu gün bir çoxları anlayır ki, ailə bağlarının möhkəmliyi insanın ən böyük dayağı, ruhun "enerji mənbəyi"dir. Karyera zirvəsində dayanarkən yanında səni anlayan, sənə dəyər verən ailə üzvləri yoxdursa, o zirvənin mənası çox zaman boş görünür. Bəlkə də zaman yetişib ki, "uğur" anlayışını yenidən düşünək ailəni itirmədən də qalib gəlmək mümkündür.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31