Paylaşılan həyətlərdən bağlı qapılara - qonşuluğun tənəzzülü

Qonşuluq nədir? Məncə, qonşuluq sadəcə eyni binada və ya eyni küçədə yaşayan insanlar arasında münasibət deyil. O, bir növ sosial bağ, bir-birinin sevinci və kədərinə şərik olmaq, kömək etmək və gündəlik həyatın kiçik anlarını paylaşmaq deməkdir. Qonşuluq təkcə fiziki yaxınlıq deyil, həm də etibar və qarşılıqlı hörmət üzərində qurulan mənəvi əlaqədir. Bir vaxtlar Azərbaycan həyətlərində qonşuluq təkcə yaxınlıq deyildi, o, bir həyat tərzi, insanın sosial və mənəvi dayağı idi. Həyətlərin paylaşılması, uşaqların bir yerdə oynaması, anaların çay süfrəsi arxasında söhbətləri qonşuluğun əsl ruhunu formalaşdırırdı. Düşünürəm ki, bu əlaqələr insanları bir-birinə bağlayan görünməz tellər idi. Əvvəllər qonşuluq həm də təhlükəsizlik məkanı idi. İnsanlar bir-birinə borc verməkdən, kömək etməkdən çəkinməzdi. Bu səmimiyyətin kökləri, köhnə adət-ənənələrimizdə, ailə və icma dəyərlərində idi. Azərbaycan filmlərində də bu isti, səmimi münasibətləri görə bilərik. Köhnə filmlərdə qapısı açıq evlər, bir-birinə dəstək olan qonşular, isti münasibətləri əks etdirən səhnələr həmişə diqqəti cəlb edib. İnsanların bir-birinin həyətinə daxil olmaları, sevinclərini və kədərlərini paylaşmaları, hətta kiçik mübahisələrdə belə bir-birinə hörmət etmələri göstərilirdi. Qonşuluqla bağlı atalar sözləri də bu dəyəri təsdiqləyir. "Ev alma, qonşu al" deyimi məncə çox dərin mənaya malikdir, çünki evin fiziki rahatlığı ilə yanaşı, qonşuların mehribanlığı və dəstəyi də həyat keyfiyyətini artırır. "Yaxşı qonşu pis qardaşdan yaxşıdır" deyimi də qonşuluğun vacibliyini vurğulayır, çünki bəzən qonşular bir-birinin həyatında ailədən də artıq rol oynaya bilirlər. Lakin indi vəziyyət tamamilə dəyişib. Müasir dövrdə insanlar daha çox qapalı qapılar arxasında yaşayır, hər ev öz dünyasına çəkilib. Paylaşılan həyətlər yox olub, yerini bloklar və həyətləri ayrı-ayrı sahələrə bölünmüş mənzillər alıb. Qonşuların bir-biri ilə ünsiyyəti azalıb, salamlaşmaq, qonaqlıq etmək və ya sadəcə gündəlik söhbət etmək kimi sadə vərdişlər tədricən itməkdədir. Məncə, qonşuluğun tənəzzülündə sosial və psixoloji faktorlar da rol oynayır. İnsanlar daha çox öz şəxsi rahatlığını düşünür, digər insanlarla ünsiyyətdə olmaq üçün vaxt və enerji sərf etmək istəmirlər. Bu da öz növbəsində icma ruhunu zəiflədir, insanlarda tənhalıq və etinasızlıq hissi yaradır. Qonşuluq artıq bir həyat tərzi deyil, ehtiyatlı baxışlar və qapalı qapılarla ölçülən bir anlayışa çevrilib. 
Bütün bu müşahidələr göstərir ki, qonşuluq təkcə fiziki yaxınlıq deyil, həm də insanların gündəlik həyatına, emosional vəziyyətinə və icma ruhuna böyük təsir göstərir.

Mövzu ilə bağlı "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, müstəqil ekspert Nailə İsmayılova Olaylar.az-a açıqlama verib:
" Zaman nöqteyi-nəzərindən biz tarixə baxsaq, çox da uzaq keçmişdə deyil ki, bizim xalqımızın gözəl adət-ənənələrindən biri sayılan qonşuluq münasibətləri çox gözəl olub. Təxminən 25-30 il bundan öncəyə qədər insanlar arasındakı qonşuluq münasibətləri çox sıx və səmimi idi. Əlbəttə ki, qonşular bir-birinə səhər "sabahınız xeyir", axşam "axşamınız xeyir" deyər, haradasa rast gələndə çox səmimi şəkildə görüşərdilər. Amma bu gün biz qonşuluq münasibətlərindən çox da səmimi şəkildə danışa bilmirik. Elə özümüz də bu cəmiyyətin içərisində olaraq, bəlkə də özümüz bu qonşuluq münasibətlərindən uzaq düşmüşük. Bir zamanlar "məhlə" deyilən bir anlayış var idi- "məhlə uşaqları", "məhlə qonşuları" deyilən bir anlayış. Bir həyətdə, bir məhlədə yaşayan insanlar bir-birinə o qədər doğma münasibət qururdular ki, hətta bəzən qohumluq əlaqələrindən daha yaxın olurdular. Xalq arasında belə bir misal var: "Uzaq qohumdan yaxın qonşu yaxşıdır." Çünki qonşu hər zaman sənə əl uzadacaq qədər yaxın idi. Allah şər göstərməsin, bir ailədə xoşagəlməz hadisə baş versə, bütün qonşular yığılardılar- həm o ailəyə təsəlli vermək, həm də ürək ağrılarını bölüşmək üçün yanında olardılar. "Məhlə uşaqları" deyilən anlayış da vardı- məhlədə eyni yaşda uşaqlar bir yerdə  müxtəlif oyunlar oynayardılar, bir-birinə mehriban olardılar. Bu oyunlar vasitəsilə onlar həm münasibətlərini möhkəmləndirirdilər, həm də bir-birinə həm oxumaqda, həm davranışda örnək olurdular. Bəzən bina qonşuları bir-birini pəncərədən, eyvandan səsləyirdilər. Bu o qədər gözəl münasibətlər idi ki... Qonşular həyətə düşəndə bir-birindən hal-əhval tutardılar: "Ay qonşu, necəsən, nə var, nə yox, bir problem yoxdur ki?" - deyə soruşardılar.  Çay da bizim ən gözəl adət-ənənələrimizdəndir. İnsanlar çay süfrəsi arxasında daha səmimi olurlar. Mən özüm də o günlər üçün çox darıxmışam. Amma çox təəssüf ki, bu gün o qonşuluq münasibətləri demək olar ki, yoxdur. 
Bu, sosial problemlərləmi bağlıdır, yoxsa iqtisadi çətinliklərmi önə keçib? Mənə elə gəlir ki, hər dövrün özünə uyğun tələbləri olub. O zaman da insanlar işləyirdi, ailəsinə pul qazanırdı, qayğıları vardı. Bu gün də var  o qayğılar. Amma o qayğılar birgə paylaşılırdı, birgə həll olunurdu. Qonşular bir-birinə dəstək olurdular. Məsələn, birinin pulu, evində çörəyi olmayanda deyirdilər: "Ay uşaq, get qonşudan bir çörək al gətir." Bəzən bir-birinə borc verərdilər, amma bu, elə səmimi münasibət idi ki, "borc" sözünü belə işlətməyə ehtiyac qalmazdı. 
Yeni binalarda qonşuluq münasibətləri, demək olar ki, sıfır səviyyəsindədir. Binalar çoxmərtəbəlidir, qonşular bir-birini tanımır. Hətta bir mərtəbədə yaşayan qonşu digər mərtəbədə yaşayanı tanımır. Liftdə eyni vaxtda minən qonşular bir-birinə salam belə vermirlər. Bu çox acınacaqlı haldır. Halbuki bir "salam" demək, "Qonşu, necəsən?" demək çox çətin deyil. Burada sosial və ya iqtisadi səbəblər axtarmağa dəyməz. Hər şey insanla bağlıdır. Sadəcə, biz qonşularımızla yaxşı münasibət qurmaq istəmirik. Halbuki qonşular da, biz də bu cəmiyyətin üzvləriyik. İnsanlar arasındakı mənəvi boşluğun yerini əvvəllər qonşuluq münasibətləri doldururdu. İndi isə o münasibətlər itəndən sonra mənəviyyatımız da sanki zəifləyib. Mənəvi ünsiyyətin pozulması- bu, həm də kökümüzdən, dəyərlərimizdən uzaqlaşmaq deməkdir. Bəzən bu vəziyyətin günahını sosial şəbəkələrdə görürük. Doğrudur, onların da təsiri az deyil. İnsanlar oturub monitor qarşısında tanımadıqları adamlarla saxta səmimiyyətlər qururlar. Amma o "səmimiyyət"lərin arxasında çox vaxt saxta düşüncələr, aldadıcı təsəvvürlər dayanır. Əvvəllər insanlar öz uşaqlarını qonşuya etibar edərdi. İndi isə bu mümkündürmü? Məncə yox. Bu münasibətlərin bərpası üçün artıq gecikmişik. Doğrudur, kənd və rayon yerlərində bu ənənələr bir qədər qalır. Amma mən tez-tez regionlara gedirəm, orada da əvvəlki səmimiyyəti görmürəm. İstərdim ki, bu gözəl münasibətlər bərpa olunsun. Amma bu, inam və güvənlə mümkündür. Təəssüf ki, bu gün o güvən itib. Onu bərpa etmək üçün illər lazımdır.  Vaxt isə heç kəsi gözləmir. Biz vaxta qalib gələ bilmirik, əksinə, vaxt bizə qalib gəlir.Düşünürəm ki, əgər biz o qonşuluq münasibətlərimizi qoruyub saxlaya bilsəydik, bəlkə də cəmiyyət bu gün daha fərqli olardı. Mən də çox istərdim ki, uşaqlığıma qayıdım, məhlə uşaqlarımla yenidən "beşdaş", "bənövşə bəndə düşən" kimi oyunlar oynayım. Amma artıq bizim nəsil uşaq deyil, biz yaşlanmağa doğru gedirik. Yeni nəsil isə bu dəyərləri nə gördü, nə də davam etdirdi...  Çox təəssüf ".
Qonşuluğun tənəzzülü yalnız evlərin qapılarının bağlanması deyil, həm də insanların bir-birinə yaxınlığının itməsidir. Əvvəllər həyətlər, məhlələr bir növ insanlıq məktəbi idi - burada həm sevinci, həm də kədəri bölüşmək, bir-birinə dəstək olmaq adi bir həyat tərzi idi. Nailə İsmayılovanın dediyi kimi, bir zamanlar insanlar bir-birinə həm sosial, həm də mənəvi baxımdan çox yaxın idilər. "Uzaq qohumdan yaxın qonşu yaxşıdır" deyimi sadəcə atalar sözü deyil, həyatın gerçək həqiqətini ifadə edirdi. Amma indi hər şey dəyişib-yüksəkmərtəbəli binalar, qapalı qapılar, paylaşılan həyətlərin yoxluğu insanları bir-birindən uzaqlaşdırıb. Salam vermək, kiçik söhbət etmək artıq nadir haldır, uşaqlar isə ayrı-ayrı otaqlarda oynayır. Məncə, bu təkcə fiziki yox, həm də emosional məsafəni artırır və insanlarda tənhalıq hissi yaradır. Nailə xanım da vurğulayır ki, o səmimi münasibətlərin bərpası illər tələb edir. 
Qonşuluq yalnız keçmişin nostaljisi deyil, həm də cəmiyyətin sosial dayağıdır. Əgər biz bu dəyərləri qoruyub saxlaya bilsək, insanların sosial və emosional rifahı yüksələr və icma birliyi güclənər. Beləliklə, qonşuluq təkcə eyni həyətdə yaşamaq deyil, ürəklərin yaxınlığı, etimad və insanlıq bağlarının davamı olar.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31