“İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional dövlətdən qlobal aktora çevrilir” – İlyas Hüseynov - ÖZƏL
15 Oktyabr 16:17 Siyasət"15 oktyabr tarixi Azərbaycan tarixində mühüm yerə malikdir. Çünki bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilk dəfə prezident seçilmişdir. Məhz Ulu Öndər Heydər Əliyev prezident İlham Əliyevi öz siyasi varisi elan etmiş və qurucusu olduğu Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini irəli sürmüşdür.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan sürətlə inkişaf edib, beynəlxalq nüfuz qazanıb, ölkəmiz beynəlxalq uğurlara imza atıb".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib: "Ən önəmli siyasi və geosiyasi hadisə isə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlıdır. Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş nadir dövlətlərdən biridir. Azərbaycana həqiqətən də kənar müşahidəçilər, ekspertlər və siyasətlə maraqlanan şəxslər diqqətlə yanaşır və ölkəmizdə gedən prosesləri yaxından izləyirlər. Bir günlük lokal xarakterli antiterror tədbirləri, Şuşanın işğaldan azad olunması əməliyyatı da daxil olmaqla, ümumilikdə Vətən müharibəsi bu gün hərbi məktəblərdə ciddi şəkildə tədqiq olunur.
Prezident İlham Əliyevin rəhbərliyi altında struktur, kadr və insan resursları sahəsində aparılan islahatlar da öz nəticəsini verir.
Vətəndaş-dövlət birliyi, xalq-iqtidar həmrəyliyi daha da möhkəmlənmişdir.
Ölkəmizdə ictimai-siyasi sabitlik, asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi ən yüksək səviyyədədir.
Eyni zamanda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənubi Qafqaz qaz boru kəməri, TANAP, TAP, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi mühüm layihələr inkişaf edir, şaxələnir və Azərbaycanın karbohidrogen ehtiyatlarına ehtiyac günü-gündən artır.
Bununla yanaşı, Azərbaycan həm də "yaşıl enerji" gündəliyində əsas yerlərdən birini tutur. Külək, günəş və su enerjisi sahəsində aparıcı mövqelərə yüksəlmək hədəfləri mövcuddur.
Son 20 il ərzində Azərbaycanın əldə etdiyi mühüm siyasi uğurlar bu gün də davam etdirilir. Təkcə oktyabr ayı ərzində Cənab Prezident İlham Əliyevin səfərləri, təmasları, keçirdiyi görüşlər onu deməyə əsas verir ki, Azərbaycan çox vektorlu siyasət yürüdür. Və burada ilk növbədə milli maraq və mənafə üstün tutulur. Bunun əsasında daxili və xarici siyasət formalaşdırılır. Hesab edirəm ki, bu gün Azərbaycanın beynəlxalq uğurları artmaqdadır. Azərbaycan artıq Cənab Prezidentin rəhbərliyi altında regional dövlətdən qlobal geosiyasi aktora çevrilir. Ümid edək ki, Azərbaycanın beynəlxalq uğurları gələcəkdə də çoxalacaq və biz bir vətəndaş kimi bütün bu nailiyyətlərə baxıb fəxr edəcəyik".
Zeynəb Mustafazadə