Bu məşhurlar həbs oluna bilər: narkotik, əxlaqsızlıq və vergidən yayınma…

Son dövrlər Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi və əxlaqsızlıqla bağlı aparılan əməliyyatlar cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə şou-biznes, idman və moda sahəsində tanınmış simaların saxlanılması ictimai müzakirələri daha da alovlandırıb. Hüquq-mühafizə orqanlarının tanınmış şəxslərə qarşı sərt və prinsipial mövqeyi "qanun qarşısında hamı bərabərdir" prinsipinin praktik tətbiqi kimi qiymətləndirilir.

Oxşar hüquqi mexanizmlər Azərbaycanda da tətbiq oluna bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, biz elə bir dövrdə yaşayırıq ki, əvvəl şou-biznes nümayəndələrinə münasibət tam fərqli idi:

"Onlara cəmiyyətdə ciddi rol verilmir, hətta çox vaxt təlxək kimi qəbul olunurdular. Bu gün isə vəziyyət dəyişib. Müğənnilər, aktyorlar, idmançılar insanlara nümunə kimi təqdim olunur, verilişlərdə həyat dərsi keçirlər, davranış modelləri formalaşdırırlar. Mən demirəm ki, onların fikir bildirməyə haqqı yoxdur. Lakin reallıq budur ki, əksəriyyətinin kifayət qədər biliyi və savadı yoxdur, həyat tərzi isə başqalarına yol göstərmək üçün uyğun nümunə deyil. Buna baxmayaraq, bu insanlar cəmiyyətdə ciddi nüfuza malikdir və ictimai rəyə təsir göstərirlər".

Hüquqşünas əlavə edib ki, cəmiyyətdə mövcud olan bir sıra mənfi halların - narkotik, əxlaqi pozuntular və digər problemlərin yayılmasında onların təsir imkanları nəzərə alınmalıdır:

"Bu şəxslər kütlələrə təsir edir, əyləndirir və müəyyən həyat tərzini təşviq edirlər. Məsələn, məşhur amerikalı model və aktrisa Sindi Krouford 60 yaşını qeyd edir. Onun illər əvvəl səsləndirdiyi fikir diqqət çəkmişdi. O, şou-biznesdə karyera uğurunun çox zaman qeyri-rəsmi və qaranlıq münasibətlərdən keçdiyini gizlətməyin mənasız olduğunu deyirdi. Bu, əlbəttə, hamıya şamil oluna bilməz, amma sahədə bu cür halların mövcudluğu da danılmazdır. Belə olan halda "qanun qarşısında hamı bərabərdir" prinsipi şou-biznes nümayəndələrinə və onları maliyyələşdirən şəxslərə də şamil edilməlidir. Çünki bir çox hallarda bu sahəni maliyyələşdirənlər məmurlar və imkanlı şəxslər olur. Xalq arasında deyilən "saxlayanı var" ifadəsi də təsadüfi deyil. Əgər qanun sərt tətbiq olunursa, bu, seçici yox, ümumi xarakter daşımalıdır".

Ə.Həsənov bildirib ki, fahişəlik məsələsini bir kənara qoysaq belə, narkotik problemi xüsusilə təhlükəlidir:

"Bu, cəmiyyətimizi və gənclərimizi məhv edən ciddi bəladır. Eyni zamanda, vergidən yayınma halları da geniş yayılıb. Bəzi müğənnilər böyük məbləğlər qazanır, xüsusilə toy mərasimlərindən, lakin həmin gəlirlərin şəffaf şəkildə vergiyə cəlb olunması sual doğurur. Bu istiqamətdə real və sistemli mübarizə aparılmalıdır. Əsas məsələ hüquqi dövlət prinsipinin təmin edilməsidir. Qanun işləməli və istisnasız olaraq hamıya tətbiq olunmalıdır. Yalnız bu halda cəmiyyətdə ədalət və sağlam mühit formalaşa bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31