Ararat Mirzoyanın “avazı yaxşı gəlir”-Özəl

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən Bəhreyndə "Manama Dialoqu" forumu çərçivəsində keçirilən yekun paneldə "Cənubi Qafqazda bəyan edilmiş sülhün konkret hərəkətlərlə möhkəmlənməli olduğunu" bildirib. Düz də deyib, avazı doğrudan da yaxşı gəlir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Əgər biz  Vaşinqton anlaşmasından üzü bəri atılan addımlara diqqət etsək, görəcəyik ki, sülh təşəbbüsünü irəli sürən, onun prinsiplərini hazırlayan Azərbaycan olduğu kimi, möhkəmlənməsinə konkret hərəkətlərlə töhfə verən də yenə bizim dövlətimizdir. Yəni məhz Azərbaycan nəinki öz dəmir yolu ilə Ermənistana yüklərin daşınmasına izn verdi, həm də hazırda yanacaq qıtlığı yarandığı bir vaxtda ora neft məhsulları göndərir. 
 Ermənistan xarici işlər nazirinin ölkəsi bu zaman kəsiyində üzərinə götürdüyü öhdəliklərin, o sıradan da TRIPP-lə bağlı görülməli işlərin gecikdirilməsindən başqa nə edib? Noyabrın 25-də İrəvanda Ermənistan Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi, həmçinin İrəvan Meriyasının maliyyə dəstəyi göstərdikləri "Monte" bədii filminin premyerası planlaşdırılır.
ASALA-nın rəhbərlərindən biri olmuş, Avropada türk diplomatlarına və mülki obyektlərə qarşı törədilən bir çox qanlı terror aktlarının təşkilatçısı, Xocavəndin Qaradağlı kəndindəki soyqırımında, torpaqlarımızın işğalında, yüzlərlə qadın və uşaqların amansız qətlində yer alan bir ünsürün qəhrəman obrazında təbliği, həm də haqqında bədii film çəkməklə, yəni ən təsirli şəkildə təbliğidir, bəlkə sülhü möhkəmləndirmək? 
Oktyabrın 28-də Ermənistan parlamentindəki çıxışında Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bax bu montelərinin törətdikləri vəhşiliklərə görə onun ölkəsini və toplumunu bizdən üzr istəməyə çağırmasının sülhə xidmət etmədiyini deyirdi. Soruşmaq istərdim, əgər bir toplum öz qonşularına qarşı 30 il müddətində etdiyi səbəbsiz vəhşiliyə görə hələ indiyədək heç bir səviyyədə üzr istəməyibsə, əlinə fürsət düşərsə, yenidən eyni hərəkəti törətməyəcəyinə kim inanar? Özü də, həmin vəhşiliyin törədilməsinin təşkilatçılarından biri Monte Melkonyan kimi terrorçudan  necə qəhrəman yaradıldığı ortada ola-ola?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31