ABŞ-ı “tələyə salanlar” hansı məqsəd güdürlər?-Özəl

"Dünya güclərinin Rusiyanın 3-4 günə Ukraynanı tam işğal edərək Zelenskini devirə biləcəyini tirajlayıb təbliğ etməklə Ukraynaya qarşı müharibəyə sürükləyib bu müharibənin başlamasına nail olduqdan sonra Rusiyanın Ukrayna tələsinə, bataqlığına düşdüyü, Ukraynanın isə bu tələdə bir yem olduğu aydın oldu. Sonra isə Rusiyanın damarına basmaqla onu kiçik gücə malik nüvə silahı tətbiq etməyə və ya heç olmasa Ukraynada Atom Elektrik Stansiyalarından birini vurmağa təhrik etməyə başladılar. Yəqin ki, həmin proseslər hamımızın yadındadır. Ukrayna tələsinə düşməklə ciddi strateji səhvə yol verən Rusiya Prezidenti ikinci daha böyük səhvi etmədi. Bu onun ən doğru addımı idi. Daha dərinə getsək, bu senari digər gücün müqaviməti ilə alınmadı". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: " İndi isə eyni senari ABŞ ilə bağlı həyata keçirilir. ABŞ-nin əvvəlcə 3-4 gün, sonra isə maksimum 5 həftə ərzində İran rejimini devirə biləcəyi təbliğatı həyata keçirilməklə ABŞ-ni İranla müharibəyə çəkdilər. Yenə eyni senari. İran məğlub olmadı. İndi də ABŞ Prezidentinin damarına basaraq İran üzərində tam və qəti qələbə üçün nüvə silahının istifadəsinin vacibliyi vurğulanır və hətta ABŞ-nin bu silahı İranda istifadə edəcəyi ilə bağlı mediada məlumatlar tirajlanmağa başladı. Ukraynada nüvə silahının istifadəsi ilə bağlı mediada söz-söhbətlər gedərkən hətta küləyin sürəti və istiqaməti (radiasiyanın qərbə (Avropa), şimala (Belarusiya, Polşa, Britaniya), şərqə (Rusiyanın özünə) və cənuba (Qara Dəniz, Türkiyə) yayıla biləcəyi ehtimalları dəyərləndirilirdi. İndi də Britaniya başda olmaqla bir sıra ölkələr nüvə silahının adını vurğulamadan fəlakət senariləri yazmağa başlayıblar. 3 günlük ehtiyatlar yığın və sair. ABŞ mediası isə ABŞ Prezidentinin nüvə silahı tətbiq edəcəyi ehtimalının yüksək olduğunu yazırlar. Aralıq seçkiləri öncəsi bunun Trumpın xeyrinə, yoxsa zərərinə olduğu tam bəlli deyil. Çünki, İranla müharibəni qəti şəkildə qələbə ilə tamamlamaq tərəfdarı olanlar da çoxdur, bu müharibəyə qarşı olanlar da.  
1944-cü ildə yeni petro-dollar sisteminin elanı ilə yeni maliyyə düzəni qurulsa da, dünyanın bölüşdürülməsi məsələlərində fikir ayrılıqları və müzakirələr davam edirdi. 9 may 1945-ci ildə də bu müzakirələrə son qoyulmadı. Lakin, Yaponiyaya atılan 2 atom silahı əslində Yeni Dünya Düzəninin başlanğıcının siqnalı oldu. İndi də qlobal müharibə riskini özünə rəva bilməyən, amma ciddi inflyasiya və staqflyasiya yarada biləcək enerji böhranları (Yaxın Şərq, Ukrayna və Rusiyada dağıdılan enerji mənbələri, neft boruları, neftayırma zavodları) formalaşdırmaq və deformasiyaya uğramış həm iqtisadi, həm maliyyə sistemini çökdürüb yenisini inşa etməyə çalışan "Dünya" bu sahədə də ciddi fikir ayrılıqları və polemikalar səbəbindən konsensusa gələ bilmir. Bir sıra qüvvələr silah və ərzaq (burada da təhlükəli senarilər mümkündür) sənayesində təlabat formalaşdırmaq, mövcud maliyyə çatışmazlıqlarını bu sektorlarda satış artırmaq (II Dünya Müharibəsində ABŞ əvvəlcə Almaniyaya silah, sonra isə müttəfiqlərə silah və ərzaq tədarükü etməklə özünün qızıl ehtiyatlarını 20 min tona çatdırdı və 1929-1933-cü illərin "Böyük Çöküş" adlanan böhranından nəinki çıxdı, hətta Yeni Dünya Düzəninin ağasına çevrildi) üçün müxtəlif vasitələrə əl atsa da, buna qarşı ciddi və böyük qüvvələrin sol qanadı ciddi etiraz edir, bu etirazlar artıq Avropada meydanlarda görünməkdədir. İqtisadi güc mərkəzi kimi öz rolunu Çinə uduzan Avropa zəifləyən iqtisadiyyatı hesabına digər iqtisadi güc mərkəzinin (ABŞ) güclənmə senarisinə qarşı çıxır. 
Əslində sağ və sol qanadlarda olan güclər də, onların müzakirə və polemika mövzuları da, güc balansları da, istəkləri də, narahatlıqları da yavaş-yavaş görünməyə başlayır. Amma son 4-5 ildir ki, bu proseslə bağlı dediyim bir fikri yenə təkrarlamaq istəyirəm: "Bu xəmir hələ çox su aparacaq". Amma böyük ehtimalla o xəmirin yoğrulmasında atom silahı iştirak etməyəcək. 
Yekunlaşdırsaq, böyük ehtimalla psixoloji və real bir fəlakət senarisi ilə bir çox məsələləri sıfırlamağa, o cümlədən arxa plana atmağa isə imkan veriləcəyi ehtimalı bir çox səbəblərdən mümkün deyil. Hər bir halda 3 noyabr aralıq seçkiləri də gedişatın bundan sonra hansı istiqamətdə davam edəcəyinin siqnallarında biri olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31