Qlobal siyasi proseslərə baxış-Özəl

ABŞ: Trampın siyasi gələcəyi seçki sınağında
Bu gün ABŞ-da Konqresə aralıq seçkiləri keçirilir. Son proqnozlar demokratların Nümayəndələr Palatasında üstünlük qazanmaq ehtimalını artırır, Senat uğrunda mübarizə isə gərgindir. Əsas məsələ Trampın prezidentliyinin ikinci yarısında siyasi manevr imkanlarının necə dəyişəcəyidir. Konqresdə çoxluğun itirilməsi onun qanunvericilik gündəmini çətinləşdirə bilər. 

ABŞ-İran: razılaşma ehtimalı, qarşıdurma reallığı:
Dohada vasitəçilərin iştirakı ilə aparılan danışıqlar hələ nəticə verməyib. Tramp razılaşmanın mümkün olduğunu bildirir, Tehran isə şərtlərində israr edir. Tərəflər müharibənin iqtisadi qiymətini anlayır, lakin siyasi güzəştin ağırlığını və məsuliyyətini üzərinə götürmək istəmirlər. Olkəmiz üçün İranla sərhəddə sabitlik və enerji bazarlarının təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. 

Rusiya-Ukrayna: Əbu-Dabidə yeni diplomatik mərhələ:
ABŞ nümayəndəsi Stiv Uitkoff noyabrın 10-11-də Əbu-Dabidə Rusiya və Ukrayna arasında yeni danışıqların planlaşdırıldığını açıqlayıb. Gündəlikdə təhlükəsizlik təminatları və müharibənin dayandırılması mexanizmləri dayanır. Əsas sınaq tərəfləri danışıqlar masasına toplamaq deyil, mümkün razılaşmanın icrasına şərait yaratmaqdır. 

Çin: Pekin Yaxın Şərqdə diplomatik çəkisini artırır:
Çin rəhbərliyi noyabrın 2-də İran, Səudiyyə Ərəbistanı və Omanla yüksək səviyyəli təmasları intensivləşdirib. Pekin yalnız enerji təchizatını qorumağa deyil, regionda siyasi vasitəçilik imkanlarını genişləndirməyə çalışır. Bu, ABŞ-ın ənənəvi təsir məkanında yeni diplomatik rəqabət yaradır. 

Körfəz: müharibənin regional miqyası genişlənə bilər:
Yəməndəki husilər Səudiyyə Ərəbistanının hava limanı və hərbi obyektlərinə yeni hücumlar etdiklərini iddia ediblər. Bu məlumatlar müstəqil təsdiqini tapmayıb. Lakin qarşılıqlı hərbi təhdidlər göstərir ki, İran böhranının regional münaqişələrə təsir riski qalır. Körfəzdə sabitliyin pozulması beynəlxalq ticarət və enerji daşımalarına əlavə təzyiq yarada bilər. 

Günün əsas tezisləri
ABŞ seçkilərinin nəticəsi Vaşinqtonun daxili hakimiyyət balansına və xarici siyasət imkanlarına təsir göstərəcək.

İran və Ukrayna böhranlarında diplomatik təşəbbüslər fəallaşır, lakin davamlı sülhün təminatları hələ formalaşmayıb.

Azərbaycan üçün regional təhlükəsizlik, enerji bazarlarının sabitliyi və müstəqil xarici siyasət əsas strateji prioritetlərdir.

Vüqar İskəndərov
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31