Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru rüşvət almaqda təqsirləndirilərək həbs edilib
15:08 HadisəEkologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyən Fizuli Məmmədov rüşvət almaqda təqsirləndirilərək həbs edilib. Meşəbəyi Vidadi Əsgərov barəsində isə ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq cinayət işi başlanıb.
İlkin istintaq-əməliyyat tədbirləri ilə Fizuli Məmmədovun 2025-2026-cı illərdə Vidadi Əsgərovla cinayət əlaqəsinə girərək meşə ərazisində torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma ittihamı elan olunub.
Məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə əsas qətimkan tədbiri kimi ev dustaqlığı, əlavə qətimkan tədbiri kimi vəzifədən kənarlaşdırma seçilib.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.