Sanksiyalar məngənəsindəki Rusiya: Azərbaycan Kreml üçün niyə həlledici açar ölkədir? – ÖZƏL

"Hazırda Rusiya olduqca ağır vəziyyətə düşüb və bu şəraitdə onun hər kəsə, hər bir dövlətə, xüsusilə də qonşu ölkələrlə əməkdaşlığa ehtiyacı var. Yəni, Rusiya hazırda öz sərhədləri ətrafındakı bütün ölkələrlə əməkdaşlığa ehtiyac duyan bir vəziyyətdədir. Təbii ki, bu baxımdan Azərbaycan da Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkəyə çevrilib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, burada bir çox geosiyasi, geostrateji və geoiqtisadi maraqlar mövcuddur. İlk növbədə, enerji və tranzit sahəsində əməkdaşlıq Rusiya üçün strateji xarakter daşıyır. Çünki Rusiyanın tranzit imkanları hazırda ciddi şəkildə məhdudlaşdırılıb və bu baxımdan Azərbaycan Rusiya üçün həlledici açar ölkələrdən birinə çevrilməyə başlayıb. Xüsusilə də Şimal-Cənub dəhlizinin işə salınması baxımından Rusiya Azərbaycanın dəstəyinə ehtiyac duyur. Eyni zamanda, Rusiyanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında da Kremlin Azərbaycana ehtiyacı var. Çünki Rusiya Azərbaycanın tranzit ölkə imkanlarından və logistika mexanizmlərindən maksimum səviyyədə istifadə edə biləcəyinə ümid bəsləyir. Təbii ki, belə bir əməkdaşlıq reallaşarsa, bu, hər iki tərəf üçün iqtisadi və maliyyə baxımından sərfəli nəticələr verə bilər. Ancaq hələlik belə anlaşılır ki, bu məsələlərlə bağlı tam razılıq əldə olunmayıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Avropa İttifaqının üzvü olmayan dövlətdir. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqı tərəfindən Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmaq kimi hər hansı öhdəliyi və ya məcburiyyəti mövcud deyil. Azərbaycan və Rusiya sərbəst şəkildə öz iqtisadi-ticari əməkdaşlıqlarını davam etdirə və inkişaf etdirə bilərlər. Təbii ki, Prezident Putinin nəzərdə tutduğu məsələlər də bununla bağlıdır. Hazırda Kremldə tam əminliklə anlayırlar ki, Rusiya üçün ən önəmli tranzit pəncərələrindən biri məhz Cənubi Qafqaz, o cümlədən coğrafi və geostrateji mövqeyinə görə Azərbaycandır. Təbii ki, hazırda bu məsələlər ətrafında müzakirələr davam edir. Ancaq burada önəmli məqam ondan ibarətdir ki, Rusiya ilə Azərbaycan arasında kifayət qədər ciddi problemlər də mövcuddur. Rusiya Azərbaycanın sərnişin təyyarəsinin vurulmasına görə üzərinə düşən bütün öhdəlikləri hələ də yerinə yetirməyib. Bu məsələ ilə bağlı Kremlin beynəlxalq hüquq normalarına uyğun, daha məqbul mövqeyi hələ də müşahidə olunmur.

"Azərbaycanın tələbləri tam şəkildə yerinə yetirilməyib və iki dövlət arasında müəyyən soyuqluq mərhələsi hələ də davam edir. Yəni, bütün bunlar onu göstərir ki, Prezident Vladimir Putinin fikrincə, Azərbaycan Rusiya üçün sabit və yaxşı tərəfdaşdır. Həqiqətən də Azərbaycan iqtisadi-ticari tərəfdaşları ilə münasibətlərdə sabitliyə üstünlük verən dövlətdir. Ancaq burada problem ondan ibarətdir ki, Rusiya Azərbaycan üçün sabit, etibarlı və yaxşı tərəfdaş olmağı hələlik bacarmır. Rusiya Azərbaycan kimi sabit və yaxşı tərəfdaşla münasibətlərini inkişaf etdirmək istəyirsə, özü də Azərbaycan üçün sabit, etibarlı və yaxşı tərəfdaş olmağın yollarını axtarmalıdır. Rusiya da Azərbaycan üçün sabit və etibarlı tərəfdaş olmağı bacarmalıdır. Əks halda, belə münasibətlərin birtərəfli qaydada inkişaf etməsi mümkün deyil. İstənilən halda, hansısa mərhələdə qarşılıqlı etimadsızlıq bu əməkdaşlıq prosesində müəyyən problemlər yarada bilər", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31