Almaniya Framatome-Rosatom nüvə yanacağı layihəsinə ilkin razılıq verib
11:01 DünyaAlmaniya hökuməti Fransanın "Framatome" atom konserninin Aşağı Saksoniyanın Lingen şəhərində nüvə yanacağı istehsalı ilə bağlı layihəsini ilkin olaraq təsdiqləyib. Layihədə Rusiyanın dövlət korporasiyası "Rosatom"un iştirakı nəzərdə tutulur.
Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, federal hökumət təşəbbüsə faktiki olaraq "yaşıl işıq" yandırsa da, layihə hələ yekun razılaşdırma prosedurlarından keçməlidir.
Söhbət Framatome-un törəmə şirkəti olan Advanced Nuclear Fuels (ANF) tərəfindən həyata keçiriləcək layihədən gedir. Şirkət Aşağı Saksoniyadakı zavodunda Rusiya istehsalı olan atom elektrik stansiyaları üçün altıbucaqlı yanacaq elementlərinin istehsalını təşkil etməyi planlaşdırır.
Bundan əvvəl Framatome-un Lingen müəssisəsində "Rosatom"un törəmə qurumu olan TVEL şirkətinin lisenziyası əsasında AES-lər üçün yanacaq yığımlarının istehsal sexini açmaq niyyətində olduğu bildirilmişdi.
Qeyd edək ki, 2021-ci ildə "Rosatom" və Framatome nüvə yanacağı istehsalı və atom stansiyaları üçün avtomatlaşdırılmış idarəetmə sistemləri sahəsində əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
"Rosatom"un baş direktoru Aleksey Lixaçev daha əvvəl bəyan etmişdi ki, Rusiya korporasiyası Fransa tərəfi ilə nüvə texnologiyaları sahəsində səmərəli əməkdaşlıq edir və nüvə yanacağı dövriyyəsi texnologiyaları daxil olmaqla birgə fəaliyyətin genişləndirilməsi perspektivlərini görür.