ABŞ İrana “simvolik” uran zənginləşdirməsinə razılaşa bilər
21 Fevral 10:31 DünyaABŞ Prezidenti Donald Trampın administrasiyası İrana uranın "simvolik" səviyyədə zənginləşdirilməsinə icazə verən təklifi nəzərdən keçirməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə Axios portalı yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.
Məlumata görə, belə bir variant İranın nüvə potensialının məhdudlaşdırılması və mümkün hərbi qarşıdurmanın qarşısının alınması üçün razılaşmaya zəmin yarada bilər.
Amerikalı rəsmilər bildiriblər ki, İranın təqdim edəcəyi nüvə təklifi kifayət qədər ciddi olmalıdır. Çünki plan həm ABŞ administrasiyası daxilindəki skeptikləri, həm də regiondakı tərəfdaşları inandırmalıdır.
"Prezident Tramp məzmunlu və ölkə daxilində siyasi baxımdan müdafiə edə biləcəyi razılaşmanı qəbul etməyə hazırdır. Əgər iranlılar hücumun qarşısını almaq istəyirlərsə, bizə rədd edə bilməyəcəyimiz təklif verməlidirlər", - deyə yüksək vəzifəli məmur Axios-a bildirib.
Ağ Evin müşaviri isə qeyd edib ki, Pentaqon prezidentə müxtəlif ssenarilər təqdim edib. Onun sözlərinə görə, variantlardan birində İranın ali rəhbəri ayətullah Əli Xamenei, eləcə də potensial varis hesab olunan oğlu Müctəba Xameneinin zərərsizləşdirilməsi nəzərdə tutulur.