GUAM və MDB: Regional dinamikanın dəyişən panoraması-ÖZƏL

GUAM üzvü olan Moldovanın da MDB-dən çıxmaq niyyətini açıq şəkildə ortaya qoyması təşkilatın gələcəyi ilə bağlı sualları artırır. Gürcüstan 2009-cu ildə, Ukrayna isə 2014-cü ildən sonra MDB strukturlarından faktiki olaraq uzaqlaşıb. İndi isə Moldova MDB-nin əsas üç sənədini-Nizamnaməni, Birliyin yaradılması haqqında müqaviləni və onun əlavəsini ləğv etməyə hazırlaşır. Prosedurun 2026-cı ilin fevral-mart aylarında parlamentdə təsdiqlənməsi, bir il ərzində isə tam başa çatması planlaşdırılır. Məlumata görə, Rusiya bu qərarın qarşısını almaq üçün Moldovadakı tərəfdarlarını fəallaşdırıb.
Moldovanın MDB-dən çıxmaq qərarı postsovet məkanında inteqrasiya modellərinin iflasa uğradığınımı göstərir?Bu proses GUAM çərçivəsində əməkdaşlığın güclənməsinə və ya Azərbaycanın regional mövqeyinə hansı real təsirləri göstərə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Moldova bundan sonra MDB-dən çıxsa da və ya onun hər hansı qanun layihələrindən MDB səviyyəsində imzalanmış müqavilələrdən çıxsa da, çıxmasa da, dəyişməyən bir reallıq var ki, Müstəqil Dövlətlər Birliyi yarandığı ilk gündən formal təşkilat kimi fəaliyyət göstərdi. O, heç vaxt Moskvanın planladığı niyyətlərinə çatmadı. Onun fəaliyyəti Rusiya maraqları üçün müstəsna əhəmiyyət daşıya bilmədi və postsovet məkanı MDB təşkilatı vasitəsilə Rusiyanın nəzarətində saxlanılmağa çalışırdı ki, bu da mümkün olmadı. MDB-dən çıxma qərarı Moldovada rəsmi şəkildə elan olunmasa belə, artıq demək olar ki, bu qeyri-formal əlaqələr və tərəflər arasındakı soyuq, yəni Moldova və Rusiya arasındakı soyuq münasibətlər, eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, Gürcüstan və Ukraynanın rəsmi şəkildə çıxması, Azərbaycanın MDB-də formal iştirakı, MDB ölkələri ilə siyasi-iqtisadi əlaqələrini, belə deyək də, əsas prioritet kimi görməməsi, digər postsovet ölkələrinin də aşağı-yuxarı bu nöqtədən MDB-yə yanaşması, onsuz da təşkilatın fəaliyyətini demək olar ki, sıfıra endirmişdi, formal bir xarakter daşıyırdı. İndi o formallığı da aradan qaldırsa, əgər Moldova tərəfi, yəni rəsmi şəkildə çıxsalar, bu artıq həqiqətən də, Rusiyanın postsovet ölkələrindəki təsirlərinin kifayət qədər azaldığının, belə deyək, rəsmi göstəricisi olacaq. Amma bu baş verməsə belə, onsuz da qeyri-rəsmi şəkildə, yəni artıq defakto Rusiya postsovet məkanında təsir imkanlarını itirməkdədir. Eyni zamanda, Rusiyanın qurduğu beynəlxalq təşkilatlar da bu funksiyanı yerinə yetirə bilmirlər. Rusiya postsovet məkanına sadəcə nə ilə təsir eləyə bilər? Hərbi gücü ilə təsir edir ki, bu da zorakılıq və təcavüz siyasətindən başqa bir şey deyil. Yəni, sivil və yaxud da ki, o "soft power" dediyimiz anlayış var. Rusiya artıq belə incə və xüsusi siyasi bacarıq tələb edən məsələlərdə çoxdan uduzmuş sayılır. Prosesin GUAM çərçivəsində əməkdaşlığın güclənməsinə GUAM-ın indiki vəziyyətdə aktiv bir beynəlxalq təşkilata çevrilməsi perspektivi qısıtlıdır. Çünki Gürcüstanda işğal faktı var, separatizm faktı var, Ukraynada davam edən müharibə var. Ərazilərinin iyirmi faizə qədəri, bəlkə də artıq daha çoxu işğal altındadır. Moldova özü də heç də təhlükələrdən uzaq sayılmır. Belə olan reallıqda bu tərəflər üçün hazırda əsas məsələ öz milli suverenliklərini, müstəqilliklərini qorumaq və möhkəmləndirməkdir. Buna görə də onlar GUAM-dan başqa, daha böyük güc mərkəzləri ilə əlaqələrinə üstünlük verirlər. Yəni, məsələn, indi kim Ukraynanı Qərblə, ABŞ-la əlaqələrdən imtina edib, yəni onu ikinci prioritetə çevirib, GUAM-ı ön plana salmasını istəyə bilər? Və yaxud da ki, Gürcüstandan kim bunu gözləyə bilər və ya Moldovadan? Heç Azərbaycanın özü də hazırkı vəziyyətdə daha az perspektiv vəd edən GUAM-ı xarici siyasətinin əsas prioritetinə çevirməyəcək. Bizim xarici siyasətin əsas prioriteti nədir? Çin, ABŞ, Rusiya, Türkiyə. Daha böyük mərkəzlərlə əlaqələri inkişaf etdirmək və dövlət maraqlarını bu şəkildə qorumaq. Amma uzaq perspektivdə Rusiyanın postsovet məkanında təsirlərinin tamamilə zəifləməsi halında və onun hərbi təhdidlərinin də sovuşdurulması reallığı ortaya çıxanda, GUAM təşkilatı da artıq yenidən elə sırf Rusiyanın hərbi təcavüz imkanlarına və yaxud da ki, o, anti postsovet addımlarına qarşı yenidən fəaliyyətini gücləndirər və təkcə bununla qalmaya, ölkələrinin, yəni təşkilata üzv ölkələrinin - Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın gələcək inkişafı üçün iqtisadi, siyasi dividentlər qazanması üçün də müəyyən mənada öz verimliliyini sübut edə bilər. Amma bu, yaxın gələcəkdə gözlənilmir. Bunun üçün bir müddət keçməsi lazımdır. O daşların, necə deyərlər, yerinə oturması lazımdır və ondan sonra da ölkələr artıq öz xarici siyasətlərini hər tərəfli şaxələndirməyə vaxt tapa, vaxt və imkan tapa biləcəklər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31