Gürcü müxalifətindən "Eagle Hills" layihəsinə sərt reaksiya: "Gürcülərsiz Gürcüstan" planı – ÖZƏL
14:19 DünyaOlaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" (VMH) partiyasının Siyasi Şurasının üzvü Laşa Parulava, "Eagle Hills" layihəsi ətrafında yaranan vəziyyətə kəskin etiraz edib. O, Ərəbistanın çoxmilyardlı sərmayəsi və "Eagle Hills" layihəsinin reallıqda mövcud olmadığını iddia edərək, bunu yalnız hakimiyyət partiyası olan "Gürcü Arzusu"nun ("kotsebi") planı - "Gürcülərsiz Gürcüstan" adlandırıb.
"Əslində nə "Eagle Hills" layihəsi, nə də çoxmilyardlı ərəb sərmayəsi yoxdur. Reallıqda yalnız Rusiya arzusu və "kots"ların (Gürcü Arzusunun üzvləri) planı var: Gürcülərsiz Gürcüstan," - deyə Laşa Parulava jurnalistlərə bildirib.
Parulava, hakimiyyəti ərəb sərmayəsi layihəsinin müqaviləsini dərhal dərc etməyə çağırıb. O, iddia edir ki, hakim partiyanın fəxri sədri Bidzina İvanişvili əvvəllər iş yerləri vəd etsə də, indi onun ideoloqları gəncləri açıq şəkildə emigrasiyaya çağırırlar.
VMH üzvünün fikrincə, seçki hüququnun emiqrantlardan alınması və sənədlərin gizlədilməsi hakimiyyətin əsas məqsədini - "xalqdan məhrum olmuş boş bir ölkəni" - təsdiqləyir.
"Ölkə demoqrafik fəlakətlə üz-üzə qaldığı, işçi qüvvəsi kütləvi şəkildə azaldığı bir vaxtda, layihə ilə bağlı müqavilənin məxfiliyi "kots" rejiminin əsl məqsədlərinə - Gürcülərsiz Gürcüstana birbaşa işarə edir," - deyə Parulava qeyd edib.